Bakı küçələrinin tozu ilə Nyu-Yorkun andeqraund klublarının tüstüsünü eyni qazanda qaynatsaq nə alınar? Əlbəttə ki, Edgar Ravin-in çoxdandır rəqəmsal platformalarda yolunu gözlədiyimiz, nəhayət yenicə işıq üzü görən “7 Ways to Socialize” (7WTS) albomu.
Edgar Ravin-i çoxumuz həm də “balashkebab” təxəllüsü ilə çəkdiyi vizuallardan, rəng korreksiyalarından və bədii direktorluğundan tanıyırıq. Adam sanki “Musiqi mənə bəs eləmir, gəlin onun rəngini də mən verim, kinosunu da mən çəkim” deyib və işin içinə girib.
Albomun əsas fəlsəfəsi müasir insanın (bəli, söhbət elə hər gün metrodan, işdən, dərslərdən başı gicəllənən bizlərdən gedir) cəmiyyətə adaptasiya olmaq üçün keçdiyi 7 fərqli yoldan bəhs edir. Amma bunu bizə sıxıcı psixoloji dərslik kimi yox, qulaqlıqda rəqs etdirə-etdirə başa salır.
“NAKHAL”
Albomun vizit kartı olan bu trek ilk saniyələrdən bizə “Bəli, mən Glass Beams vurğunuyam” mesajını açıq şəkildə verir.
Zəlimxan Yaqubun şeirləri ilə Katya Yonderin futuristik, kosmik vokal aranjimanları eyni mahnıda elə birləşib, adam istər-istəməz düşünür: Görəsən rəhmətlik Zəlimxan müəllim sağ olsaydı, bu psixodelik ritmlər altında öz şeirini dinləyəndə Nyu-York klubunda “headbang” edərdimi? Çox güman ki, bəli! Çünki ortaya çıxan etnik-elektron enerji inanılmazdır.
“ADHD” və “San-Burnout”
Müasir dünyada diqqətimiz o qədər dağınıqdır ki, bir videoya 10 saniyədən çox baxa bilmirik. Edgar Ravin bunu yaxşı tutub və “ADHD” (Diqqət Dağınıqlığı Sindromu) trekində qəfil kəsilən ritmlər, sürətli keçidlərlə bizim beynimizin daxili səsini bəstələyib. Arxasınca gələn “San-Burnout” isə cümə günü axşam işdən çıxan və “Mən niyə yaşayıram?” deyən hər bir ofis işçisinin rəsmi himni ola bilər. Melanxolik, sənaye səsləri ilə zəngin, amma bir o qədər də doğma.
“Duman” və “Wild Intelligence”
“Duman” treki adamı sanki noyabr ayında Bakı dumanının içinə buraxır, amma əlində sehirli bir elektron gitara var. “Wild Intelligence” isə instinktlərimizin rəqəmsal dünyadakı ironik rəqsidir.
Ümulilikdə albom 1 skit, 2 interlude,12 trekdən ibarətdir. Həvəskar medianın şirin dili ilə desək, bu albomun ən böyük müsbəti odur ki, Azərbaycanda pop musiqinin eyni ritmlərindən bezənlər üçün əsl gurman yeməyidir. Katya Yonderin prodüser toxunuşları işə beynəlxalq, qərb andeqraundu səviyyəsi qazandırıb.
Kiçik bir ironik mənfisini qoysaq: Bəzi instrumental hissələrdə Glass Beams və ya Khruangbin ab-havası o qədər güclüdür ki, adam qəfil qulaqlığı çıxarıb baxmaq istəyir ki, görəsən pleylist dəyişmədi ki? Edgarın öz fərdi musiqi imzası bu güclü ilham mənbələrinin kölgəsində bir az gizlənib, amma sənətçinin gənc və axtarışda olan ruhunu nəzərə alsaq, bu tamamilə normaldır. Həm də, kim yaxşı musiqidən ilhamlanmır ki? Albomu dinləyən hər kəsin fikrini postumuzun şərh bölməsində görməkdən məmnun olarıq.
