Callum Turner ilə dünya evinə yeni girmiş, dünyaca məşhur pop ulduzu Dua Lipa son illərdə yalnız qlobal musiqi sahəsində deyil, həmçinin mütaliə və ədəbi mədəniyyətinin təbliği istiqamətində atdığı addımlar və aldığı qərarlarla diqqət çəkir. Onun təsis etmiş olduğu Service95 Book Club qısa müddətdə dünyanın ən populyar məşhur kitab klublarından birinə çevrilməyi bacardı. Bu tələbatdan sonra isə həmin təşəbbüsü yeni mərhələyə qədəm qoyaraq Manifesto Library adlı daimi kitabxananın açılması ilə daha da genişlənib.
Manifesto Library Portuqaliyanın Porto şəhərində yerləşən tarixi Livraria Lello kitab mağazasında yer alır. Kitabxana 2026-cı ildə keçirilən BABELL – City of Books beynəlxalq ədəbiyyat festivalı çərçivəsində istifadəyə verilib və Service95 Book Club-ın ilk fiziki layihəsi hesab olunur. Bəzi internet istifadəçiləri yeni kitabxanaya göstərilən böyük rəğbətdən sonra dünyanın başqa ölkələrində də yeni kitabxanaların açılacağını düşünür.
Dua Lipanın təsis etdiyi bu layihənin əsas məqsədi müxtəlif dövrlərdə müəyyən səbəblərdən qadağan edilmiş, çeşidli senzuralar ilə üzləşmiş və ya mübahisələr doğurmuş əsərləri bir araya gətirmək tarixi bir dəyişikliyə cəhd göstərməkdir. Burada yer alan kolleksiya oxucuları hakimiyyət, senzura, azad fikir, şəxsiyyət və insan hüquqları kimi mövzular üzərində düşünməyə təşviq və vadar edir.
Manifesto Library-də yer alan 100 kitab dörd əsas mövzu ətrafında qruplaşdırılıb və bunlar hakimiyyət, nəzarət, səs və yaddaşdır.
Kolleksiyada George Orwellin 1984, Margaret Atwoodun The Handmaid’s Tale, Art Spiegelmanın Maus, Alice Osemanın Heartstopper və Salman Rushdie, Olga Tokarczuk kimi müəlliflərin əsərləri yer alır. Bu kitabların əksəriyyəti müxtəlif ölkələrdə müəyyən dövrlərdə qadağan olunub və ya ciddi senzura ilə üzləşib. Məhz buna görədir ki, onlar bu kitabxanada öz xüsusi yerlərini tutublar.
Kitabxananın açılışında Dua Lipa bildirib ki, oxumaq insanları bir-birinə daha da yaxınlaşdıran və aralarındakı münasibəti gücləndirməkdə köməkçi olan ən güclü vasitələrdən biridir. Onun sözlərinə görə, Manifesto Library zorla yoxa çıxarılmış kitabların, cəsarətli müəlliflərin və hansı kitabı oxuyacağına başqalarının qərar verməsini qəbul etməyən oxucuların doğma sığınacağıdır. Dua hesab edir ki, bəzən elə ən cəsarətli addım sadəcə bir kitabı heç nədən qorxmayaraq oxumaq və onun haqqında açıq müzakirə aparmaqdır.
Manifesto Library sadəcə kitabların toplandığı bir məkan deyil. O, fikir azadlığının, senzuraya qarşı mübarizənin və mütaliənin cəmiyyət üçün əhəmiyyətinin ən önəmli simvollarından biridir. Məşhur ulduzun bu təşəbbüsü və cəhdi göstərir ki, məşhurlar təkcə sənətləri ilə deyil, həm də mədəni və intellektual layihələri ilə dünyada müsbət dəyişikliklər yarada və insanları bu yolda hər zaman cəsarətləndirə bilərlər.
