Skip to content

Dynamix

Azərbaycan komediyası niyə bayağılaşır?

2000-ci illər Azərbaycan televiziyasında komediyanın qızıl dövrü hesab olunur.

Həmin illərdə televiziya kanalları hər həftə və hər ay tamaşaçıya bir-birindən fərqli, satirik, düşündürücü və eyni zamanda əyləncəli komediya layihələri təqdim edirdi. Bu verilişlər sadəcə güldürmək məqsədi daşımırdı; onlar cəmiyyətin problemlərinə güzgü tutur, gündəlik həyatın çatışmazlıqlarını yumor dili ilə tənqid edir, insanların özlərini həmin obrazlarda görməsinə şərait yaradırdı. Ekranlardan səslənən ifadələr qısa zamanda dillər əzbərinə çevrilir, məişətdə və gündəlik danışıqda işlədilirdi. Bir komediya layihəsinin yaratdığı obrazın və ya zarafatın xalqın lüğətinə daxil olması isə onun uğurunun ən böyük göstəricilərindən sayılırdı.

Lakin illər keçdikcə həm cəmiyyət, həm texnologiya, həm də tamaşaçı dəyişdi. Sosial şəbəkələrin, rəqəmsal platformaların və qlobal kontentin sürətlə yayılması insanların yumordan gözləntilərini də fərqli istiqamətə apardı. Tamaşaçı artıq təkcə gülmək deyil, eyni zamanda ağıllı müşahidə, aktual satira və yeni baxış bucağı görmək istəyir.

Məhz bu dəyişiklik fonunda Azərbaycan komediya səhnəsi son illərdə ciddi estetik böhran yaşayır. Uzun illər televiziya ekranlarında və kino zallarında böyük auditoriya toplayan yumor formulları artıq yeni nəslin intellektual və etik gözləntilərinə əvvəlki qədər cavab vermir. Bu isə təkcə ayrı-ayrı aktyorların deyil, bütövlükdə yerli komediya ssenarilərinin yenilənməyə ehtiyac duyduğunu göstərir.

Bəs 2020-ci illərə gəldikdə nə dəyişdi? Komediya doğrudanmı əvvəlki aktuallığını itirib, yoxsa problem köhnəlmiş yumor formullarındadır? Parodiyalar niyə əvvəlki qədər yadda qalmır? Səbəb dəyişən tamaşaçı zövqü, rəqəmsal medianın yüksəlişi, yoxsa komediyanın uzun illər eyni stereotiplər üzərində qurulmasıdır?

Bu yazıda 2000-ci illərin Azərbaycan komediyasına damğa vuran layihələrə və aktyorlara nəzər salacaq, onların keçdiyi yolu, bugünkü vəziyyətini və yerli yumorun niyə əvvəlki təsir gücünü itirdiyini təhlil edəcəyik.

Bu Şəhərdə

Müşfiq Abbasovun böyük layihəsi ilk zamanlar mini skeçlər ilə yayımlanmağa başladı.  illər sonra böyük saraylarda tamaşaçı önündə çıxdı. 2008, 2012 və 2014-cü ildə rekord konsertlərə imza atdılar.
Yaradılar obrazlar, parodiyalar daxilində həm əyləncə həm sarkazm daşıyırdı. İllər keçdikcə müəyyən səhnəciklər daimi olaraq daxili bir rubrikaya çevrildi və xalq arasında çox sevilməyə başladı. Müşviq Abbasov Rafael İsgəndərov və Coşqun Rəhimovun hədəfi məktəb müdirləri, rüşvətxor məmurlar , ailə məişət problemləri və toy səhnələri idi. Bununla da öz sahəsinin ən yaxşılarından olmağı bacarırdılar. Bəzən çox cürətkar çıxışları onları ən çox axtarılan adlardan edirdi. Lakin zəmanın nəbzini tutmağı bacardılarmı bu cavab biraz süphə altında qalır. Aktyorlarlar çox istedadlı olsa da artıq edilən zarafatlar nədənsə xalq arasında tez unudulmağa və güldürməməyə başladı. Bir zamanlar çox böyük adları parodiya edilən ikili son illərdə isə onsuzda xalq arasında “Troll” adlandırılan şəxsləri parodiya edərək yersiz bir reyting ardınca düşüblər.

Fərda Amin

Bu kontekstdə Fərda Aminin rəsmi platformalarda yayımlanan layihələri də tez-tez müzakirə olunur. Sosial şəbəkələrdə və müxtəlif platformalarda səslənən tənqidlər əsasən eyni məqama yönəlir: komediya cəmiyyəti düşündürmək və mövcud problemləri satira ilə tənqid etmək əvəzinə, bəzən həmin stereotipləri və toksik davranış modellərini təkrar istehsal edir.
Ssenarilərdə xəyanət mövzusu, qadın obrazlarının stereotiplər üzərində qurulması və ailədaxili münasibətlərin sadələşdirilmiş şəkildə təqdim olunması bunun ən çox qeyd olunan nümunələrindəndir. Məsələn, böyük tamaşaçı auditoriyası toplamış “Xoxan” və “Naxox” filmlərində ailə münasibətləri əsasən klassik stereotiplər üzərində qurulur. Qadın obrazları əksər hallarda hadisələrin mərkəzində qərar verən tərəf kimi deyil, daha çox hadisələrə reaksiya göstərən və ya kişilərin qərarlarından asılı qalan personajlar kimi təqdim edilir.
Oxşar tendensiyanı aktyorun populyar layihələrindən olan “Selfinaz” şousunda da müşahidə etmək mümkündür. Burada gizli telefon zəngləri, xəyanət ehtimalları, evdən yayınmaq cəhdləri və qadınların maddi maraqları kimi mövzular tez-tez yumor elementi kimi istifadə olunur. Tənqidçilərin fikrincə, bu tip zarafatlar “kişi xəyanətə meyllidir, qadın isə bunu qəbul edən tərəfdir” kimi köhnə təsəvvürləri satira ilə dağıtmaq əvəzinə, onları adi və təbii hal kimi təqdim edir. Belə yanaşma isə cəmiyyəti düşündürməkdən çox, artıq formalaşmış qəliblər üzərindən asan gülüş qazanmağa hesablanır.

Bütün bunlara baxmayaraq, Fərda Aminin aktyorluq bacarığını danmaq çətindir. Onun mimikası, bədən dili, səhnə enerjisi və improvizasiya qabiliyyəti Azərbaycan komediya səhnəsinin güclü tərəflərindən hesab oluna bilər. Lakin istedadlı aktyor oyunu belə, köhnəlmiş və təkrarlanan ssenarilərin yaratdığı boşluğu uzun müddət doldura bilmir

Planet Parni iz Baku

“Planet Parni iz Baku” və ya xalq arasında tanındığı kimi “Bakılı oğlanlar” Azərbaycan satirasının ən mühüm simalarından biri olub. Onlar hər zaman cəmiyyətin problemlərini açıq şəkildə, satira və sarkazm vasitəsilə tamaşaçıya çatdırmağı bacarıblar.

Hazırladıqları bəzi tamaşalar hətta efirdən uzaqlaşdırılmalarına və qadağalarla üzləşmələrinə səbəb olub. Bu isə bir tərəfdən onların toxunduqları mövzuların cəmiyyət üçün nə qədər həssas olduğunu, digər tərəfdən isə zarafatlarının ünvanına çatdığını göstərirdi. Məhz buna görə də “Bakılı oğlanlar” uzun illər xalqın ən sevimli komediya kollektivlərindən biri kimi qəbul olunub.

Lakin rəqəmsal texnologiyaların və sosial medianın sürətlə inkişaf etdiyi dövrdə onlar da əvvəlki təsir gücünü qorumaqda çətinlik çəkirlər. Bir çox sosial şəbəkələrdə belə onların sadəcə köhnə çıxışları daha çox paylaşılanlar arasındadır. Son illərdə bəzi zarafatların daha sadə və bəzən bayağı görünməsi barədə fikirlər səsləndirilir. Məsələn, çıxışlardan birində səsləndirilən “Mercedes” zarafatı tamaşaçılar tərəfindən gözlənilən qədər müsbət qarşılanmadı.

Bütün bunlar belə bir sualı da gündəmə gətirir: əgər küçədə və sosial şəbəkələrdə qurşaqdan aşağı zarafatları hər gün pulsuz eşitmək mümkündürsə, tamaşaçı niyə bunun oxşarını izləmək üçün bilet almalıdır? Məhz bu sual ənənəvi səhnə komediyasının yeni dövrdə üzləşdiyi əsas problemlərdən biri kimi görünür.

Elməddin Cəfərov

2002-ci ildən etibarən televiziya ekranlarında görünməyə başlayan Elməddin Cəfərov zamanla Azərbaycanın ən tanınmış komediya aktyorlarından birinə çevrildi. Kino, serial, televiziya layihələri və teatr səhnəsində fəaliyyət göstərsə də, onun yaradıcılığına diqqət yetirdikdə bir detal xüsusilə nəzərə çarpır: obrazlar dəyişir, amma xarakter demək olar ki, eyni qalır.

Elməddin Cəfərov illərdir əsasən ailə-məişət komediyalarının siması kimi tanınır. Tamaşaçı onu hansı layihədə görürsə görsün, ekranda demək olar ki, eyni danışıq tərzi, eyni mimika, eyni reaksiya və eyni komediya ritmi ilə qarşılaşır. Bu üslub illərlə ona uğur qazandırıb. Ancaq sual budur: bu, aktyorun öz dəst-xəttidir, yoxsa eyni obrazın müxtəlif adlarla təkrarlanması?

Aktyorluğun əsas meyarlarından biri transformasiya bacarığı hesab olunur. Güclü aktyor fərqli janrlarda, fərqli psixologiyaya malik personajları inandırıcı şəkildə canlandıra bilir. Elməddin Cəfərovun yaradıcılığına nəzər saldıqda isə belə bir çevrilməni görmək çətindir. O, uzun illərdir tamaşaçının öyrəşdiyi komfort zonasından kənara çıxmayıb.

Bu məqamda istər-istəməz illər əvvəl Coşqun Rəhimovun Rowan Atkinson haqqında söylədiyi məşhur fikir yada düşür. O, eyni tip obrazların təkrarlanmasını aktyorluğun məhdudluğu kimi qiymətləndirmişdi. Hətta “o aktyor deyil” ifadəsini dilə gətirmişdi. Maraqlıdır, bu meyarı bu gün yerli komediya aktyorlarına tətbiq etsək, nəticə fərqli olarmı?

Bəlkə də problem Elməddin Cəfərovun istedadında deyil. Bəlkə problem ondadır ki, o, artıq iyirmi ildən çoxdur eyni obrazın uğurundan ayrılmaq istəmir. Lakin bu da başqa bir sualı gündəmə gətirir: eyni personajı illərlə fərqli adlarla təqdim etmək aktyorluq transformasiyasıdır, yoxsa sadəcə uğurlu bir obrazın davamlı təkrarı?

Müasir komediyaya yönələn əsas iradlardan biri də fərqliliklərin yumor obyektinə çevrilməsidir. “Komedixana” və digər televiziya skeçlərində homofobik eyhamlar, nitq qüsurları və fiziki görünüş üzərindən qurulan zarafatlar zaman-zaman ictimai müzakirələrə səbəb olur. “Təkçənə” layihəsində uğurlu məişət müşahidələri və güclü aktyor oyunu diqqət çəksə də, fərqli görünüşə və ya davranışa malik insanların parodiya olunması xüsusilə gənc auditoriya tərəfindən birmənalı qarşılanmır.

Qlobal mədəniyyət və internet mühiti ilə formalaşan yeni nəsil üçün fiziki xüsusiyyətlər, nitq fərqləri və ya şəxsi kimliklər üzərindən qurulan yumor artıq əvvəlki kimi gülüş doğurmur. Əksinə, bir çoxları bunu etik baxımdan problemli hesab edir. Müasir satiranın məqsədi cəmiyyətdəki qüsurları ifşa etmək və onları tənqid etməkdir, həmin qüsurları yenidən istehsal etmək deyil.

Son illərdə sosial şəbəkələrdə səslənən rəylər də bunu göstərir: tamaşaçı artıq yalnız yüksək intonasiya, şişirdilmiş mimika və ya vizual hərəkətlərlə kifayətlənmir. Müasir auditoriya daha ağıllı, daha incə müşahidələrə əsaslanan və cəmiyyətə yeni baxış bucağı təqdim edən yumor gözləyir. Yerli komediya bu dəyişən gözləntilərə uyğunlaşa bildiyi təqdirdə yenidən yüksəliş dövrünə qədəm qoya bilər. Əks halda isə eyni mövzuların və stereotiplərin təkrarı janrın inkişafını ləngitməyə davam edəcək.

Bəs çıxış yolu nədir ?

Azərbaycan komediyasının yenidən yüksəlişi üçün ilk növbədə yeni ssenarilərə və yeni baxış bucağına ehtiyac var. Tamaşaçı artıq eyni ailə-məişət konfliktlərini, xəyanət mövzularını və illərlə təkrarlanan stereotipləri izləmək istəmir. Müasir komediya insanın kimliyini, fiziki xüsusiyyətlərini və ya fərqliliyini hədəf almaqdan çox, cəmiyyətin problemlərini, sosial paradoksları və gündəlik absurdluqları satira ilə təqdim etməyi bacarmalıdır.


Bununla yanaşı, rəqəmsal platformalarda yetişən yeni komediya müəlliflərinə və gənc ssenaristlərə daha çox imkan verilməsi də vacibdir. Dünyada uğur qazanan komediya nümunələri göstərir ki, tamaşaçını güldürmək üçün yüksək səs tonu və şişirdilmiş mimikalar kifayət etmir. Güclü müşahidə, ağıllı dialoq və orijinal ssenari uzunömürlü yumorun əsas şərtləridir.


Azərbaycan komediyasının istedad problemi yoxdur. Problem daha çox həmin istedadın uzun illər eyni formul və stereotiplər daxilində istifadə olunmasıdır. Əgər yerli komediya dəyişən auditoriyanın zövqünü düzgün oxuya və özünü yeniləyə bilsə, növbəti “qızıl dövr”ün yaranması mümkündür.