Müasir kinematoqrafiyadan danışarkən adı ilk çəkilən rejissorlardan biri, şübhəsiz ki, Christopher Nolandır. Hətta siz onun tarixin ən yaxşı rejissorlarından olan Stanley Kubrick, Andrei Tarkovsky və Ingmar Bergman kimi rejissorlarla müqayisə edildiyini görə bilərsiniz. Nolan sadəcə hekayəsini lentə alaraq adi filmlər çəkmir, həm də tamaşaçını hekayənin içinə alaraq anlamağa macal tapmadan hiss etməyə məcbur edir. Düz xətti və alışılmış olmayan süjetlər, zaman anlayışı ilə eksperimentlər, praktik və yaradıcı effektlərə üstünlük verilməsi və psixoloji dərinlik Nolan yaradıcılığının ən başlıca xüsusiyyətləridir. Bu da onu müasir dövrün ən bacarıqlı və sevilən rejissorlarından edir.
Maraqlıdır ki, Nolanın filmləri ilk baxışda fərqli janrlarda olsa da, onları birləşdirən ortaq mövzular vardır. Bunlar zaman, yaddaş, şəxsiyyət, seçim və insan psixologiyasının qatlarıdır. Elə buna görə də onun filmləri təkcə qazanc olaraq uğur qazanmır, həm də illərlə müzakirə olunan qiymətli əsərlərə çevrilir.
İndi isə Nolan izləyiciləri ilə tarixdə qeydə alınan ilk ədəbi əsərlərdən olan Homerin “Odyssey” əsərini səhnələşdirərək yenidən görüşür. Bu film tamamı IMAX 70 mm ilə çəkilmiş ilk film olaraq adını qızıl hərflərə yazdıraraq tarixə düşməyi bacarıb. Nolan bu dəfə Zendaya, Tom Holland, Anne Hathaway, Matt Damon və Robert Pattinson kimi şəxsləri bir araya gətirərək daha çox şəxsin diqqətini çəkməyə bacaracaq kimi görünür. Bu filmdən əvvəl izləməyəniz üçün Nolanın yaradıcıllığında olan bütün tammetrajlı filmləri xronoloji ardıcıllıqla sizlərlə bölüşürük.
1. Following (1998)
Christopher Nolanın ilk tammetrajlı filmi olan “Following” kiçik büdcə ilə çəkilsə də, onun gələcək üslubunun təməlini qoyub. Yazıçı olmaq istəyən gəncin tanımadığı insanları izləməsi ilə başlayan hadisələr zaman keçdikcə mürəkkəb cinayət hekayəsinə çevrilir. Film qeyri-xətti montajı və psixoloji gərginliyi ilə Nolanın gələcək layihələrinin xəbərçisi idi. Elə buna görə də onun yaradıcıllığının fundamentini öyrənmək üçün əla seçimdir.
2. Memento (2000)
Nolanın dünya miqyasında tanınmasına səbəb olan ilk filmi məhz “Memento” oldu. Qısamüddətli yaddaşını itirmiş Leonard həyat yoldaşının qatilini dəlicəsinə axtarır. Tamaşaçı hadisələri qəhrəman kimi parçalanmış şəkildə bir-bir izləyir və film tərsinə qurulmuş süjeti ilə kino tarixinin ən innovativ ekran əsərlərindən biri hesab olunur. Siz Nolanın bu filmi izah etdiyi video çarxını internetdə bir neçə dəfə görmüş ola bilərsiniz.
3. Insomnia (2002)
Nolanın ilk böyük Hollivud layihəsi olan “Insomnia” psixoloji triller janrında çəkilib. Alyaskada cinayəti araşdıran detektiv vicdan əzabı və yuxusuzluqla mübarizə aparır. Film rejissorun daha realist üslubunu nümayiş etdirsə də, insan psixologiyasına yanaşması yenə ön planda qalır. Bu da onu olduqca təsirli edir.
4. Batman Begins (2005)
Superqəhrəman filmlərinə yeni nəfəs və perspektiv gətirən “Batman Begins” Bruce Wayne-in Batmana çevrilmə hekayəsini realist tərzdə bütün dünyaya təqdim etdi. Nolan komiks estetikasından uzaqlaşaraq qəhrəmanın qorxuları, travmaları və daxili mübarizəsini ön plana çıxardı. Bu film sonradan “The Dark Knight Trilogy”nin başlanğıcı oldu. Hələ də fanatlar bunun ən yaxşı Batman film trilogiyasının başlanğıcı olduğu qənaətindədir.
5. The Prestige (2006)
İki illüzionistin illərlə davam edən rəqabətindən bəhs edən “The Prestige” Nolanın ən mürəkkəb ssenarilərindən biridir. Film tamaşaçıya göstərir ki, böyük uğurun arxasında bəzən ağlasığmaz fədakarlıqlar dayanır və bu da onları insan kimi varlıq üçün ən dəyərli şey edir. Süjetdəki gözlənilməz dönüşlər bu ekran əsərini rejissorun ən çox yenidən izlənilən filmlərindən birinə çevirib. Buna görə də bu film Letterboxd TOP 500-də 174-cü sırada yer alır.
6. The Dark Knight (2008)
Bir çox kino tənqidçiləri “The Dark Knight“-ı indiyə qədər çəkilmiş ən yaxşı superqəhrəman filmi hesab edirlər. Heath Ledgerin canlandırdığı Joker obrazı artıq pop-mədəniyyətin simvollarından biridir. Həddən artıq antidepressant dərmanı istifadəsi səbəbi ilə həyatını itirən əfsanəvi aktyor bu rol vasitəsi ilə “Oscar”-da mükafata layiq görüşdü. Bu film yaxşı ilə pis arasındakı sərhədi, xaos anlayışını və cəmiyyətin etik seçimlərini qarşı-qarşıya qoyaraq dərin analiz edir.
7. Inception (2010)
Yuxuların içində yuxular konsepsiyası ilə yadda qalan “Inception” Nolan yaradıcılığının zirvələrindən hesab olunur. Film reallıq və xəyal arasındakı sərhədi bulanıqlaşdırır, final səhnəsi isə bu gün də kino tarixinin ən çox müzakirə olunan sonluqlarından biri olaraq qalır. Lakin bu filmdən öncə filmin ilham aldığı və daha keyfiyyətli hesab edilən anime filmi “Paprika”-ı izləməyiniz şiddətlə tövsiyə olunur.
8. The Dark Knight Rises (2012)
Batman trilogiyasının finalı olan “The Dark Knight Rises” Bruce Wayne-in son böyük imtahanını ekrana daşıyır. Film qəhrəmanlıq, fədakarlıq və ümid mövzularını ön plana çıxararaq trilogiyanı emosional sonluqla tamamlayır.
9. Interstellar (2014)
Kosmos haqqında çəkilmiş ən təsirli filmlərdən biri sayılan Interstellar elmi fantastika ilə emosional hekayəni böyük məharətlə birləşdirir. Qara dəliklər, zamanın nisbiliyi və bəşəriyyətin gələcəyi kimi mövzular elmi əsaslarla təqdim olunur. Filmin Hans Zimmer tərəfindən bəstələnmiş musiqiləri də onun təsir gücünü daha da artırır. Belə bir məlumat da var ki, Nolan bu filmdəki qara dəliyi səhnələşdirmək üçün xüsusi fizika mütəxəssisləri ilə bir araya gəlir və reallığa ən yaxın qara dəlik vizualını yaratmağa çalışırlar və bundan tam 5 il sonra NASA qara dəliyin ilk şəklini ictimaiyyətlə paylaşıb. Bu şəkil Nolanın vizuallaşdırdığı qara dəliklə olduqca bənzərlik daşıyıb. Bu cür əməyin dünya miqyasında gözardı edilməməsi heç də təəccüblü deyil. Bu səbəbdən “Interstellar” “Letterboxd”-də həm kişilər, həm də qadınlar tərəfindən ən çox TOP 4-ə qoyulan filmlərdəndir.
10. Dunkirk (2017)
İkinci Dünya müharibəsinin ən mühüm hadisələrindən birini fərqli zaman xətləri üzərindən təqdim edən “Dunkirk” dialoqlardan çox vizual nəql etməyə üstünlük verir. Nolan burada da zaman anlayışı ilə oynayaraq hadisələri quru, dəniz və hava perspektivlərindən paralel şəkildə nümayiş etdirir. Bu anlayışlar onu ən fərqli və yaddaqalan İkinci Dünya müharibəsi filmlərindən edir.
11. Tenet (2020)
Nolanın ən çətin başa düşülən filmlərindən biri olan “Tenet” zamanın geriyə axması ideyası üzərində qurulub. Film casus trilleri ilə elmi fantastikanı birləşdirir və izləyicidən böyük diqqət tələb edir. İlk baxışdan mürəkkəb görünən süjetə görə bir çox tamaşaçı filmi bir neçə dəfə izləyib. Amma bu film Nolanın filmləri arasında keyfiyyətinə görə ən çox müzakirə yaradan filmdir.
12. Oppenheimer (2023)
Nolanın bioqrafik dram janrında çəkdiyi “Oppenheimer” atom bombasının yaradıcılarından olan fizik J. Robert Oppenheimerin həyatından bəhs edir. Film təkcə elmi nailiyyəti deyil, həm də bu kəşfin gətirdiyi mənəvi məsuliyyəti və vicdan əzabını bizlərə göstərir. Ekran əsəri həm film tənqidçiləri, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib və bir sıra nüfuzlu mükafatlar qazanıb. 2024-cü ildə olan “Oscar”-da ən çox mükafat alan film olmağı bacardı. Heç şübhəsiz yeni filmində də eyni uğurunu davam etdirəcək.
Çəkdiyi hər filmlə film tarixində fərqlilik yaradan və iz qoyan Nolan, bütün sinefillərin referans etməyi sevdiyi rejissorlardandır.
