Su elementi şüarının, dəniz mehinin təravəti və yay ovqatı… Azərbaycan Fashion Week-in 20-ci mövsümünün ilk günü məhz bu ab-hava ilə yadda qaldı.
Böyük bir tarixə sahib olan Azərbaycan Fashion Week bu dəfə də zəngin proqramı, geniş media marağı, tərəfdaş dəstəyi və qonaq axını ilə regionun aparıcı moda platformalarından biri olduğunu bir daha nümayiş etdirdi. Moda məkanında Olivia, Bizon, Abrau, Terra Loune və digər tərəfdaşların xüsusi stendləri qonaqlara fərqli təcrübə təqdim edərək tədbirin atmosferini tamamladı.
Gecənin açılışı sənət performansçısı Aydan Məmmədovanın canlı incəsənət nümayişi ilə başladı. Onun yaratdığı əsər dəfilənin ilk dəqiqələrindən podiumu incəsənət məkanına çevirdi. Ardınca isə Azərbaycan Fashion Week-in illərdir qoruduğu ənənə davam etdi. Milli rəqs nömrəsi ilə Odlar Yurdunun zəngin mədəni irsi nümayiş etdirildi və müasir moda ilə milli kimliyin harmoniyası vurğulandı.
Daha sonra bütün diqqətlər podiuma yönəldi.
İlk kolleksiyanı Natavan Brand təqdim etdi. Brend yaz mövsümü üçün hazırladığı rahat və zərif siluetləri milli motivlərlə ustalıqla birləşdirmişdi. Parça seçimləri, tikiş texnikası, fakturalar və biçimlər yerli dizaynın artıq yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirirdi. Kolleksiya həm gündəlik istifadə rahatlığını, həm də Azərbaycan estetik irsini eyni obrazda təqdim etməyi bacardı.
Podium daha sonra Mənzər Zəkizadə Moda Məktəbinin gənc dizaynerlərinə həvalə olundu. “Eşq gözəldirsə, onu yaradan daha da gözəldir” deyimini xatırladan təqdimatda məktəbin yetişdirdiyi fərqli baxışlar bir araya gəldi. Lala Kerimova, Aybəniz Yunusova və Aynur Bağıyeva eyni podiumda üç tamamilə fərqli yaradıcı xətt nümayiş etdirdilər. Bu təqdimat göstərdi ki, Mənzər Zəkizadə Moda Məktəbi yalnız bir üslub formalaşdırmır, əksinə hər dizaynerin fərdi baxışını inkişaf etdirməsinə imkan yaradır.
Günün növbəti təqdimatları Giltex & AzCotton və RoDaSoleil brendlərinə məxsus oldu. Yaz mövsümü üçün hazırlanan kolleksiyalar yüngül parçalar, funksional kəsimlər və mövsümün rəng palitrası ilə seçilərək podiuma təravətli nəfəs gətirdi.
Xatırladaq ki: Dynamixmag.com şounun rəsmi media tərəfdaşıdır.
