Futbolda elə oyunçular var ki, onlar sadəcə meydanda nümayiş etdirdikləri performansları ilə deyil, həm də internet mədəniyyətində qazandıqları şöhrətlə digərlərindən seçilirlər. Xüsusi ilə son illərdə bu siyahının ən parlaq simalarından biri isə şübhəsiz ki, Erling Haalanddır. O, hazırda davam edən Dünya Çempionatında hər həftə vurduğu qollarla rekordlar qırsa da, sosial şəbəkələrdə milyonlarla insan onu məhz fərqli səbəbdən tanıyır: memlər.
Haalandın mem mədəniyyətində bu qədər ön plana çıxmasının əsas səbəbi onun qeyri-adi görünüşü və davranışlarıdır. Uzunboylu, sarı saçlı norveçli hücumçunun emosiyalarını az büruzə verməsi, robotu xatırladan mimikaları və meydandakı soyuqqanlılığı internet istifadəçilərinin diqqətini çəkib. Azarkeşlər onu tez-tez “robot” və ya “terminator” adlandırırlar. Hətta son zamanlarda fiziki olaraq iri-yarı olub şəfəqtli davranmasına görə məşhur animasiya obrazı “Shrek”-ə bənzədilib. Elə buna görədir ki, “Shrek” filteri ilə bir şəkil yayımladı öz şəxsi hesabında.
Onun ən məşhur memi isə Haalandın meditasiya pozasıdır. Haaland hər dəfə qol vurduqdan sonra tez-tez lotus pozasında oturaraq meditasiya edir. Bu görüntü qısa zamanda futbol tarixinin ən tanınan qol sevinclərindən birinə çevrildi. İnternet istifadəçiləri isə həmin pozanı müxtəlif filmlərə, videooyunlara və gündəlik situasiyalara uyğunlaşdıraraq yüz minlərlə mem hazırlayaraq TikTok kimi platformlarda istifadə etməyə başladılar.
Süni intellekt ilə hazırlanmış bir videoda o bir restoranda yemək yeyərkən öz yansımasından ürkür və bir neçə saniyəlik qorxu hissini yaşayır. Bu video qısa zamanda X, Instagram və TikTok-da milyonlara çatmağı bacardı. Bu nümunə bizə göstərir ki, sadəcə süni intellektlə üzərində oynanmış Haaland kontentləri belə insanlar tərəfindən nə qədər çox sevilir.
Özündən daha kiçik Arda Güleri gülərək qapıya doğru itələməsi, şişirdilmiş ölçüdə parlaq və rəngli filterlərlə yaradılmış Haaland şəkilləri, başını önə əyərək böyük bir bədheybət yeriyişi də Haalandın tələb görmüş və sevilmiş memlərindəndir.
Onun müsahibələri də memlərin yaranmasına səbəb olur. Haaland qısa və emosiyasız cavabları ilə tanınır. Bəzən bir neçə sözdən ibarət açıqlamaları belə sosial mediada geniş yayılır və istifadəçilər bu ifadələri gündəlik həyatdakı müxtəlif vəziyyətlərə uyğunlaşdırırlar.
Maraqlıdır ki, Haaland özü də bu zarafatlara qarşı mənfi münasibət göstərmir. Əksinə, bəzən sosial media paylaşımlarında və reklam kampaniyalarında bu memlərə istinad edərək internet mədəniyyətinin bir hissəsinə çevrildiyini göstərir. Bu da azarkeşlərlə futbolçu arasında daha səmimi bağ yaradır. Alışılmış planlı oyunçu personajında deyil, bizdən biri havası yaradır.
O, hər dəfə toru silkələyib öz ölkəsinə qol sevinci yaşatmaqla yanaşı, internetə də yeni bir zarafat mövzusu bəxş edir. Bəlkə də elə buna görə Erling Haaland təkcə dünyanın ən bacarıqlı hücumçularından biri deyil, həm də müasir internet dövrünün buna ayaq uydurmağı müvəffəqiyyətlə bacarmış ən böyük internet fenomenlərindən sayılır.
