Skip to content

Dynamix

MBFW-də Rina Collection “Kraliçanın gedişi” ilə zirvəyə çatmaq üçün podyumu şahmat taxtasına çevirəcək

Rina Collection-un yeni “Kraliçanın gedişi” kolleksiyası MBFW çərçivəsində 12 iyunda təqdim olunacaq. Zəriflik, əl işi detalları və simvolik obrazlarla qurulan bu kolleksiya podyumu sanki şahmat taxtasına çevirir və hər görünüşü strateji bir gediş kimi təqdim edir. Dizayner bu işdə qadın gücünü, fərqliliyi və hər yaşdan olan qadınların ilhamverici obrazını mərkəzə alır.

Podium öncəsi yaradıcı dizaynerimiz Katrina ilə kraliça enerjisi dolu müsahibəmizi sizlərə təqdim edirik.

Bu kolleksiyanın əsas ilham mənbəyi nə olub? Məhz bu mövzunu seçməyinizə nə səbəb oldu?

Mənim ilham mənbəyim hər yaşdan olan qadınlardır. Fərqli, gözlənilməz və sirli qadınlar. “Kraliçanın gedişi” kolleksiyası onların hər birinə həsr olunub.

Kolleksiyanın adı və konsepsiyası necə formalaşıb bu, bir hekayə, emosiyadır, yoxsa müəyyən bir obraz?

Rina Collection brendinin hər bir libası tək və unikal nüsxədə hazırlanır. Loqomuzdakı tac sadəcə simvol deyil, bütün kolleksiyalarımızın ruhunu əks etdirir. Mən də bu statusa layiq olan dizaynerəm. “Kraliçanın gedişi” adı isə mənim ziyafət modası dünyasının zirvəsinə doğru oynadığım gedişdir.

Kolleksiya üzərində iş nə qədər vaxt aparıb və prosesin ən çətin mərhələsi hansı olub?

Kolleksiyanın hazırlanması altı ay davam edib. Brendimiz ildə iki kolleksiya təqdim edir və hər dəfə müəllif işlərinin hazırlanması əsas çağırışlardan biri olur. Ən çətin mərhələ əl işi bəzəklərin hər bir obraza inteqrasiya olunması idi. Bu, sadəcə vaxt deyil, həm də libas və aksesuar arasında tam uyğunluq tələb edir. Məhz əl işi hər paltarı yeganə və təkrarsız edir.

Bu dəfə hansı material və teksturalardan istifadə etmisiniz və seçim zamanı hansı meyarlara üstünlük vermisiniz?

Əl işi tikmələrdən, yüksək keyfiyyətli atlasdan, taftadan və fatindən istifadə etmişik. Biz daim dünya moda tendensiyalarını izləyirik, lakin hər obrazda və hər kolleksiyada öz fərdi üslubumuzu qoruyuruq.

MBFW kimi beynəlxalq platformada iştirak və nümayiş sizin üçün nə ifadə edir? Sizcə, ölkənizin moda sənayesinin bu cür tədbirlərdə daha güclü təmsil olunması üçün nə lazımdır?

MBFW bizim üçün kolleksiyamızı nümayiş etdirmək baxımından çox güclü platformadır. Əvvəllər MBFW Moskvada keçirilirdi və orada ən yaxşı işlər təqdim olunurdu. İndi isə rusiyalı dizaynerlər öz kolleksiyalarını qürurla günəşli və gözəl Bakıda nümayiş etdirəcəklər. Bu, bizim üçün böyük şərəfdir.

Sizcə yaxşı dizayn nədir – gözəllik, funksionallıq, yoxsa hər ikisinin vəhdəti?

Yaxşı dizayn elə dizayndır ki, istənilən insan tipinə uyğun gəlsin və onu daha da gözəlləşdirsin. Bizim elə obrazlarımız olub ki, sözün əsl mənasında hər kəsə yaraşıb.

Hansı moda dizaynerlərinin yaradıcılığı sizə çox təsir edib və onlardan nə öyrənmisiniz?

Xarici brendlər arasında məni ən çox Zuhair Murad və Elie Saab ilhamlandırır. Xüsusilə onların ziyafət modasına baxışı. Rusiya moda məktəbindən isə Valentin Yudashkin moda evi və Slava Zaitsev moda evi mənə təsir edib. Rus dizaynerlərdən zəhmətkeşliyi və məqsədyönlülüyü öyrənmişəm.

Bu kolleksiyadan sonra növbəti addımınız nə olacaq yeni layihə, əməkdaşlıq, yoxsa yeni bazara çıxış?

Biz hər zaman yeniliklərə açığıq və dünyanın müxtəlif moda həftələrinin iştirakçılarıyıq. Müasir dövrdə hər şeyi öncədən planlaşdırmaq çətindir, ona görə də növbəti addımımızı kiçik bir intriqa kimi saxlayacağıq.

Moda sahəsində ilk addımlarını atan gənc dizaynerlərə ən vacib məsləhətiniz nə olardı?

Qorxmayın. Dayanmayın. Nə qədər çətin olsa da, arzularınızın arxasınca gedin. Böyük uğurlara yalnız zəhmət və əzmkarlıqla çatmaq mümkündür.

Son olaraq kolleksiyanızı bir sözlə necə təsvir edərdiniz?

Zəriflik !

MBFW çərçivəsində 12 iyun tarixində təqdim olunacaq kolleksiya indidən bizim üçün də böyük maraq doğurub. Müsahibə üçün Rina Collection komandasına dərin təşəkkürlərimizi qeyd edirik.