Skip to content

Dynamix

“30 kiloluq maskanın altında nəfəsim kəsilirdi”- İlkin Dövlətov

Maska” şousunun ikinci  mövsüm qalibi İlkin Dövlətov, 30 kiloqramlıq “Qırat” maskası arxasındakı gizli çətinlikləri, münsiflərin onu tanıya bilməməsini və qələbəsinin pərdəarxasını ilk dəfə Dynamix danışır

Səhnəyə çıxanda qalib olacağınızı düşünürdünüzmü?

Əlbəttə, hamımız iştirak etdiyimiz yarışlarda və şoularda qalib gəlmək istəyirik. Amma bu elə bir layihə idi ki, ona yarış kimi baxsaq da, əslində daha çox bir şoudur. Ona görə də burada iştirakçı olmaq belə böyük xoşbəxtlikdir.

Mən özüm də “Maska Şou”nun böyük fanatlarından biriyəm. Keçən il bütün bölümləri izləyirdim və arzulayırdım ki, nə vaxtsa mən də bu layihəyə dəvət alım. Təbii ki, ora gələn hər kəs ən azı finala qədər qalmaq istəyir. Bəlkə də, bunu ən çox istəyənlərdən biri mən idim. Çünki tamaşaçının məni indiyə qədər görmədiyi bir obrazda görməsini istəyirdim. İstər səhnə hərəkətləri, istərsə də repertuar baxımından bu arzum heç vaxt reallaşmamışdı. “Maska Şou” isə bunun üçün mənə böyük imkan yaratdı.

Tamaşaçılar da, detektivlər də məni tanıya bilmirdilər. Bu isə tamamilə normal idi, çünki onlar məni belə bir obrazda və repertuarda görməyə alışmamışdılar.

Qırat maskasını özünüz seçmişdiniz, yoxsa bu seçim kanal tərəfindən təklif olunmuşdu?

Görüşə gedəndə belə bilmirdim ki, nə üçün çağırılmışam. Layihənin rəhbərliyi məni dəvət etdi və bildirdi ki, “Maska Şou”nun iştirakçısı olacağam və Qırat maskası mənə həvalə olunacaq.

Açığı, buna çox sevindim. Özüm də At ilində anadan olmuşam. Hətta “Səs Azərbaycan”dan sonra və Avroviziya dövründə də boynumda at breloku daşıyırdım. Atları çox sevirəm və Qırat obrazının mənə verilməsi məni ayrıca sevindirdi. Yəni bu seçim kanal tərəfindən edilmişdi.

Öz maskanızdan başqa favori maskanız var idimi?

Fikir vermisinizsə, bu il çox rəngarəng maskalar var idi. Mən də həm iştirakçı, həm də tamaşaçı kimi layihəni maraqla izləyirdim.

Şounun ən maraqlı tərəflərindən biri müəyyən qaydaların olması idi. Məsələn, iştirakçılar üz-üzə gəlsələr belə, bir-birlərinə yaxınlaşa və ya toxuna bilmirdilər. İlk həftələrdə səslərə xüsusi effektlər verilirdi və bu səbəbdən kim olduğunu təxmin etmək çətin idi. Sonradan həmin effektlər aradan qaldırıldı.

Məsələn, mən ilk həftələrdən Cücə maskasının altında Saleh Bağırovun olduğunu anlamışdım. Nə qədər effekt verilsə də, səs tembrindən bunu hiss etmişdim. Eyni şəkildə Miri Yusifi, Dilarə Əliyevanı, Zamiqi və Nadiri də səslərindən tanımışdım. Musiqiçi olduğum üçün bu mənim üçün bir qədər asan idi.

Amma məni ən çox yanıldan Yadplanetli oldu. Mən orada Səmra və ya Elnarə Xəlilovanı düşünürdüm. Hüsniyyənin çıxması isə məni həqiqətən təəccübləndirdi. Finalda Samir Cəfərov və Hüsniyyə ilə birlikdə olmaq da ayrıca zövq idi.

Qıratı bir çox məşhura bənzədirdilər. İştirakçıların və tamaşaçıların sizi tapa bilməməsi sizdə hansı hissləri yaradırdı?

Məni bir çox məşhur sənət dostuma bənzədirdilər. Elə adlar çəkirdilər ki, bu mənim üçün çox xoş idi. Məsələn, yaxın dostlarım Fəxri, Çingiz, Elnur, Samir və digər sənətçilərin adları hallanırdı. Bu məni qətiyyən narahat etmirdi, əksinə sevindirirdi.

Əslində şounun əsas məğzi də budur ki, fərqli görünəsən və səni tanıya bilməsinlər. İlk vaxtlar biz də çalışırdıq ki, tamaşaçıları çaşdıraq. Sonra isə özüm istəyirdim ki, heç olmasa adım hallansın. Maraqlısı o idi ki, mənim adım demək olar ki, çəkilmirdi. Elə bir hiss yaranırdı ki, sanki insanlar mənim belə performans göstərə biləcəyimə inanmırlar.

Sonra düşündüm ki, maska açılanda hər şey bəlli olacaq və hər kəs təəccüblənəcək. Əslində mənim istədiyim də elə bu idi.

Qıratın ən sevdiyiniz performansı hansı idi?

Bu, çox maraqlı sualdır. Amma hansısa bir performansı seçsəm, digərlərinə qarşı haqsızlıq etmiş olaram. Hamısına eyni sevgi, enerji və məsuliyyətlə yanaşmışam.

Bəlkə “Dilbərim” və ya Michael Jackson performansını xüsusi qeyd edə bilərəm. Amma ümumilikdə bütün çıxışlar mənim üçün fərqli və dəyərlidir.

Qırat İlkin Dövlətovun alter eqosu idi, yoxsa tamamilə onun özü?

Əslində Qırat mənim uşaqlıqdan göstərmək istədiyim tərəfim idi. Yəni Qırat elə əsl İlkin idi.

Mən orada hansısa obraz oynamırdım. Sadəcə indiyə qədər özümü bu formada göstərmək üçün imkan olmamışdı. Dövlət tədbirlərində, festivallarda və digər layihələrdə daha çox milli janrda çıxış etmişəm. Hər iki istiqamətdə özümü rahat hiss edirəm. Sadəcə insanlar məni daha çox milli janrda qəbul etdikləri üçün həmin istiqamətdə fəaliyyət göstərmişəm.

İnanıram ki, Qıratın ifaları bundan sonrakı repertuarıma da müsbət təsir göstərəcək.

Maskanı daşımaq kifayət qədər ağır və çətin prosesdir. Belə dinamik çıxışlar etmək çətin olmurdu?

İnanın ki, bunu yaşamayan insanın təsəvvür etməsi çətindir. Mənim maskam ən ağır maskalardan biri idi. Çəkisi 30 kiloqramdan çox idi və dəri materialdan hazırlandığı üçün hava keçirmirdi.

Dəfələrlə olub ki, nəfəs almaqda çətinlik çəkmişəm, maskanı çıxarmışıq və özümə gəlməli olmuşam. Beş ay ərzində həm çox çətin, həm də çox maraqlı günlər yaşamışam.

O maskanın altında belə dinamik performans göstərmək həqiqətən asan deyildi. Hətta bəzən qorxurdular ki, hərəkətlər zamanı maskanın baş hissəsi yerindən çıxa bilər.

Yenidən “Maska Şou”ya qatılsanız, hansı maska olmaq istərdiniz?

Dediyim kimi, ən sevdiyim heyvanlardan biri atdır. Düşünürəm ki, mənim üçün ən doğru seçim edilib. Hətta seçim hüququ mənə verilsəydi belə, yəqin ki, yenə də atı seçərdim.

Məncə, maskalar müəyyən edilərkən xarakter, görünüş, daşıma imkanları və digər məqamlar da nəzərə alınır. Qırat da ilk gündən tamaşaçıların sevgisini qazandı.

Bu fürsətdən istifadə edib həm Qırat sevərlərə, həm də İlkin Dövlətov sevərlərə təşəkkürümü bildirirəm.

Sonda onu da demək istəyirəm ki, həmin maskanın altında hansı ifaçı olsaydı, uğur qazana bilərdi. Ona görə də ölkəmizdəki istedadlı sənətçilərin dəyərini bilməli və onlara dəstək olmalıyıq. Çünki ifaçı üçün ən böyük mükafat tamaşaçının sevgisi, diqqəti və alqışıdır. Əlbəttə ki, sənətçi də buna layiq olmaq üçün çalışmalıdır.

Hər kəsə təşəkkür edirəm.

“Maska” şousu bir daha sübut etdi ki, əsl istedad hansı obrazın arxasında gizlənsə də, gec-tez öz yolunu tapır və tamaşaçı qəlbinə toxunur. Maskalar sadəcə bir oyun, layihədən qalan ən böyük qazanc isə sənətçilərin içindəki gizli potensial və insanların sevgisidir.