Moda həmişə yeniliyin dili ilə danışıb. Amma bəzən ən güclü yenilik, artıq mövcud olandan doğur.
Mercedes-Benz Fashion Week-in ikinci günündə səhnəyə çıxan Qazaxıstanlı dizayner Lala Talışxanova məhz bu inancla yaradır. Köhnəni atmaq əvəzinə, ona yeni nəfəs vermək, yeni məna qazandırmaq.
Mercedes Benz Fashion Week çərçivəsində təqdim ediləcək “Dekonstruksiya” kolleksiyası isə xüsusi bir hekayədən ilhamlanır: 30 il şkafda qalmış bir toy pencəyindən. Kişi pencəklərini sökərək, yenidən quralaraq, onlara tamamilə fərqli bir forma verərək dizayner bizə sual edir: Bir əşyanın ömrü nə vaxt bitir?
Cavab podiumdan əvvəl bizim müsahibədə
Brendiniz haqqında qısa məlumat verərdiniz. Təqdim edəcəyiniz kolleksiya necə adlanır və bu adın arxasında hansı hekayə dayanır?
Mən Lala Talışxanovayam, eyniadlı brendin təsisçisiyəm. Brend pandemiya dövründə yarandı — evdə oturub vaxt keçirmək lazım idi, əlimdə olan materiallardan ayaqqabı bəzəkləri düzəltməyə başladım. O vaxtdan bu günə kimi “əşyalara ikinci həyat ver” prinsipimdən əl çəkmədim. Upcycling, yenidən işləmə — bunu necə adlandırsan adlandır, mahiyyət eynidir: ətraf mühitə hörmətlə yanaşmaq və ona ziyanımızı minimuma endirmək.
Kolleksiyanın adı isə “Dekonstruksiya”dır. Hekayə həyat yoldaşımın 30 il şkafda asılı qalan toy pencəyindən başlayır. Onu bir dəfilədə istifadə etdikdən sonra fikir yarandı: kişi pencəklərini tamamilə fərqli bir üsulla “utilizasiya” edib, hər şeyi alt-üst edərək podiumda göstərmək.
Bu kolleksiya ilə hansı ideya və emosiyaları çatdırmaq istəyirdiniz?
Əsas ideya dəyişmir — əşyalara ikinci nəfəs vermək, onlara fərqli gözlə baxmaq. Kolleksiyada parça qalıqlarından, vintaj materiallardan və sənaye tullantılarından hazırlanmış geyim və aksesuarlar yer alır. Hər bir parça fərdidir, dayanıqlı moda prinsiplərinə uyğundur.
Kolleksiyada ilk baxışda diqqətdən qaça bilən, amma sizin üçün xüsusi mənası olan detal varmı?
Kolleksiyada çoxlu incə detallar var. Brendin aksesuarlarının böyük hissəsi əl işidir və tək nüsxədə hazırlanır — bunlar sadəcə bəzək deyil, kiçik sənət əsərləridir.
Yaradıcılıq prosesinin ən çətin mərhələsi hansı olub?
Əşyaların öz xarakteri var — Andersen nağıllarındakı kimi. Bəzən bir art-obyekt yaradanda “itaət etmir”, istədiyim kimi formalaşmır. Kolleksiyalarda da belə anlar olur. Belə vaxtlarda işi kənara qoyuram, nəfəs alıram, dincəlirəm və yenidən başlayıram.
Müasir moda artıq təkcə estetika deyil, həm də ideya və mövqe ifadəsidir?
Bəli, tamamilə. Dünyanın podiumlarında bunu açıq görürük — etirazlar, sənət, inkişaf ideyaları, gələcəyə baxış. Moda bu gün çox şeyi ifadə edir.
Kolleksiya üçün materialları necə seçirsiniz?
Mən fabriklərdən qalan parça qalıqları, vintaj materiallar, bəzən isə sənaye tullantıları ilə işləyirəm. Gözlənilməz materiallardan bir şey yaratmaq məni həmişə heyran edir. Məsələn, qurudulmuş alma qalıqlarından baş geyimi hazırlamışam — onları xüsusi üsulla emal edib boyayaraq art-obyektə çevirmişəm. Bu kolleksiyanı Bakıya gətirə bilmədim, çünki belə əşyaların daşınması xüsusi hazırlıq tələb edir.
Rəng seçimi sizin üçün nə dərəcədə vacibdir? Bu kolleksiyada hansı rənglər üstünlük təşkil edir?
Bu dəfə rəng seçimim əsas materialdan — tapa bildiyim kişi pencəklərindən asılı idi. Buna görə də palitrada mavi, boz və qəhvəyi kimi klassik, nəcib tonlar üstünlük təşkil edir.
Dəfilədən sonra tamaşaçıda hansı hissin qalmasını istəyirsiniz?
Yüngül bir heyranlıq, estetik zövq hissi və başa düşmək ki, şkafınızdakı köhnə əşyalar bir az fərqli baxış, bir az əl işi və yaradıcılıqla tamamilə yeni həyat qazana bilər.
Brendi gələcəkdə hansı istiqamətdə inkişaf etdirməyi düşünürsünüz?
Artıq çoxlu kolleksiyalar yaratmışam — etnik, art-deko üslubunda, hətta “yorğanın altında həyat” adlı kolleksiya da olub, üst geyim üçün üst geyim idi. Zamanla anladım ki, kütləvi istehsal mənə uyğun deyil. Hər aldığım əşyanı bir daha təkrarlamıram, eyni aksesuarı yenidən tikmirəm. Fərdi yanaşma, tək nüsxə bu istiqamətdə irəliləmək istəyirəm.
Son olaraq Mercedes-Benz Fashion Week podiumunda çıxış etmək sizin üçün nə ifadə edir?
Deyirlər ki, “həm özünü göstər, həm də başqasına bax.” Burada həqiqətən anlayırsan ki, hansı istiqamətdə inkişaf etmək lazımdır. Yeni insanlar, yeni emosiyalar, yeni təcrübələr — bunların hamısı yaradıcılıq üçün böyük bir qidadır.
Lala Talışxanovaya bu gözəl kolleksiyası üçün təşəkkür edirik. Eşitdiklərimiz bizi düşündürdü bəlkə də qarderobumuza bir daha, daha diqqətlə baxmağın vaxtıdır.
