Skip to content

Dynamix

Təbiətdən gələn ilham ilə sənət və yaradıcılıq

Lala Talısxanova biz ona təbiət ana-da deyə bilərik. Çünki eyni adlı brend ənənəvi zinət və baş geyimi anlayışını yenidən şərh edərək, onu müasir sənət dili ilə birləşdirir. Apsaykl texnikası üzərində qurulan bu yaradıcılıq yanaşmasında həm təbiət, həm də gündəlik həyatın unudulmuş detalları ikinci nəfəs qazanır. Nar qabığından tutmuş quş lələklərinə, qurudulmuş yarpaqlardan tutmuş sintetik materiallara qədər geniş spektrli elementlər incə sənətkarlıqla bir araya gətirilərək unikal kompozisiyalara çevrilir. Hər bir əsər yalnız estetik obyekt deyil, həm də materialın yenidən doğuluş hekayəsidir. Və hər bir əl işi xüsusi göz oxşayır.

Brendin zinət əşyaları və baş geyimləri apsaykl texnikası əsasında hazırlanır. Yaradıcılıq prosesində həm təbii, həm də sintetik materiallar yenidən emal edilərək ikinci həyat qazanır. Məsələn, bəzi baş geyimlərində nar, portağal, mandarin, liçi və digər meyvələrin xüsusi üsulla qurudulmuş qabıqlarından istifadə olunur.

Kompozisiyaların yaradılmasında müxtəlif yarpaqlar, quş lələkləri, xəz və estetik baxımdan maraq doğuran digər materiallar da yer alır. Yarpaqlar xüsusi emaldan keçir ki, quruduqdan sonra qırılmasın və öz formasını qorusun. Bir sözlə, ətrafımızda gördüyümüz və bədii dəyər daşıyan hər bir detal gələcək əsərin bir hissəsinə çevrilə bilər.

Əl işlərinin hazırlanması adətən cəmi bir neçə gün çəkir. Lakin bundan əvvəl materialların toplanması və hazırlanması, eləcə də konstruksiyanın layihələndirilməsi xeyli vaxt aparır. Yaradıcı bildirir ki, baş geyiminin balanslı olması, rahat oturması, başa təzyiq göstərməməsi və istifadədə komfort yaratması üçün onlarla incə məqam nəzərə alınmalıdır.
Bu prosesdə modellərin rəyləri də mühüm rol oynayır. Onlar nümayişdən sonra istifadə zamanı qarşılaşdıqları çətinlikləri və ya narahatlıqları bölüşürlər. Əgər hansısa detal rahat deyilsə, konstruksiya yenidən işlənir və təkmilləşdirilir.
Hər kolleksiyanın yaranma hekayəsi fərqlidir. Bəzən ilham gözlənilmədən, dünyanın müxtəlif nöqtələrində qarşıma çıxır. Kubadan palma yarpaqları, Çindən maraqlı şam qozaları gətirmişəm. Bakıdan da özümlə yaradıcılığım üçün yeni və maraqlı materiallar aparacağam.

Yaradıcılıq insana adi görünən əşyalara başqa gözlə baxmağı öyrədir. Bəzən başqalarının diqqət etmədiyi bir detal sənət əsərinin əsas elementinə çevrilə bilir.