Skip to content

Dynamix

Azərbaycan estradasının “Princess Aurora”sı İlhamə Qasımova ilə keçmişdən bugünə səyahət

2000-ci illər Azərbaycan estradasının ən sürətli yüksəliş dövrlərindən biri idi. Həmin illərdə bir çox musiqi müsabiqələri keçirilirdi və bu gün öz sözünü demiş sənətçilərin əksəriyyəti məhz o layihələr vasitəsilə sənət dünyasına daxil olmağı bacardı. O dövrdə sevdiyin mahnını yalnız müəyyən saatlarda televiziyada və ya radioda dinləmək mümkün idi. Bu isə bir mahnının və ya sənətçinin uğur qazanmasının nə qədər çətin olduğunu göstərirdi.

Bu gün isə musiqi hər an, hər yerdə əlçatandır. Məşhur olmaq da əvvəlki illərlə müqayisədə daha asan görünür. Lakin sənətə gəlməyin həqiqətən sənət tələb etdiyi dövrlərdə Azərbaycan estradasında yeni bir ulduz doğulmuşdu — İlhamə Qasımova. Özünəməxsus vokalı, cəsarətli təbiəti, şarmı və eleqant duruşu ilə bir nəslin pop ikonalarından birinə çevrildi.

İndi isə İlhamə Qasımova ilə keçmişdən bugünə uzanan yolçuluğa onun öz sözləri ilə nəzər salaq.

Sizin hekayəniz klassik ulduz hekayəsi deyil. Müəllimlik və dövlət işindən musiqiyə keçid necə baş verdi?

“Mən uşaqlıqdan oxuyurdum. Amma heç vaxt bu işə ciddi yanaşmamışam. Diplomatiya və müəllimlik mənim əsas sahəm olub. Ciddi insan olduğum qədər yaradıcı insan da olmuşam. Heç vaxt özümü bir qəlibə aid hiss etməmişəm. Həyatı çərçivələrlə yaşamaq, səhər 9-da işə gedib axşam 5-də evə qayıtmaq mənə uyğun olmayıb
Oxuya bilirdim və bu məndə alınırdı. Ona görə bu sahədə də şansımı sınamaq qərarına gəldim. İlk dəfə “Bakı Payızı” müsabiqəsinin ikinci mövsümündə iştirak etdim. Mənim üçün bu, ilk böyük səhnə təcrübəsi idi. Amma irəli getmək üçün böyük maddi dəstək və prodüser lazım idi. Buna görə sənətə ara verdim
Sonra dostlarımın və tanışlarımın təkidi ilə 2005-ci ildə “Yeni Ulduz” müsabiqəsinə qatıldım. Öz-özümə dedim ki, alınsa alınacaq, alınmasa bu səhifəni bağlayacağam. Və alındı. Amma mənim əsas arzum həmişə diplomat olmaq idi. Yəni sən saydığını say, gör fələk nə sayır”


“Yeni Ulduz” müsabiqəsini qazandıqdan sonra həyatınızda ən radikal dəyişiklik nə oldu?

Yeni Ulduz”dakı qələbəm mənə musiqi karyerasının qapılarını açdı. O dövrdə kabel televiziyası indiki qədər inkişaf etməmişdi. Müsabiqəni yayımlayan ATV kanalının ölkənin bir çox şəhər və rayonlarında yayımı həmin dövr üçün yenilik idi. Bu da həm layihəyə, həm də mənə böyük uğur qazandırdı.
Qalib olduqdan sonra dövlət kanallarından dəvətlər almağa başladım. O zaman üçün bu, yeni bir sənətçi adına çox böyük uğur idi. Əgər yalnız bir uğurlu layihən var idisə, efirlərdə görünmək üçün əlavə imkanlar lazım olurdu. Amma müsabiqənin ölkə daxilində qazandığı uğur mənə televiziya qapılarını açdı və mən artıq peşəkar müğənni kimi fəaliyyət göstərməyə başladım”



Karyeranızın zirvə dövründə sizi digər sənətçilərdən fərqləndirən əsas faktor nə idi?

“Mən heç vaxt özümü ulduz kimi aparmamışam. Zirvədə olduğum vaxtlarda belə özümü yeni başlayan müğənni hesab edirdim. Açığı, bəzən düşünürəm ki, bəlkə də bir az “ulduz xəstəliyim” olmalı idi. Çünki həddindən artıq sadə olmaq da problemlər yaradır.
Şou-biznes şişirdilmiş bir dünyadır. Bir uğurunu min uğur kimi təqdim etməyi bacarmalısan. Mən isə sadəliyi seçmişəm. Bu, təkcə Azərbaycanda deyil, hər yerdə belədir. Şou-biznesdə bir az “glamour” olmaq lazımdır.”


Populyarlığı daha böyük səviyyəyə çıxarmağın mümkün olduğunu düşünürdünüz?

“Bəli, bunu həmişə düşünmüşəm. Amma maddi imkanlarıma uyğun hərəkət edirdim. Müsabiqədən sonra mənim heç bir klipim yox idi. Hamı soruşurdu ki, klip nə vaxt olacaq. Mən isə deyirdim ki, qısa film formatında kinoklip çəkəcəyəm. O dövrdə belə kliplər hər kəsin arzusu idi.
Mən bunu çox istəyirdim. Və sonda karyeramın ikinci zirvə dövründə Almaniyada “Universal Music Production” ilə müqavilə imzaladım. Çox böyük nailiyyətlər əldə etdim. Daha da irəli gedə bilərdim. Amma şəxsi həyatıma görə özüm dayandım.
Mən heç vaxt yalnız karyera arxasınca qaçan insan olmamışam. Həyatımda balans olmalı idi. Həm şəxsi həyatı, həm də bu qədər ağır sənət tempini birlikdə idarə etmək çətin idi”

“Universal Music” ilə müqavilə imzaladığınız gün nə hiss etdiniz? Bu sizin üçün “artıq bacardım” anı idi?

“Mən Almaniyaya “X Factor” layihəsi üçün getmişdim. Əgər yarışmada qalib gəlsəydim, bəlkə də “bacardım” deyərdim. Amma bu müqavilə tam başqa hiss idi. Hələ də şokda idim. Nə baş verdiyini tam dərk etmirdim. Bu, mənim gözləntilərimin çox üstündə idi. Özümü sanki göylərdə hiss edirdim”

Avropada ilk dəfə səhnəyə çıxanda nə hiss etdiniz?

“Avropa səhnəsi çox fərqlidir. Yeddi ölkədə musiqi turumuz oldu. İnsanlar oxuduğum mahnıları tanıyırdı, amma onları mənim ifa etdiyimi bilmirdilər.
“Bei Mir Bist Du Shein” konsertlərimin əsas mahnısı idi. Tamaşaçılar məni o mahnı ilə tanıdı. Sonra səhnədə həmin mahnını ifa edən şəxsin mən olduğumu görəndə reaksiyalar inanılmaz olurdu. O alqışları sözlə təsvir etmək çətindir.
Avropa tamaşaçısı səmimiyyətlə süniliyi çox yaxşı ayırır. Əgər özün deyilsənsə, heç nə alınmayacaq. İşini ürəkdən görsən, insanların qəlbini fəth edə bilərsən”



“Bei Mir Bist Du Shein” kimi klassik mahnını modern üslubda təqdim etmək sizin ideyanız idi, yoxsa prodüserlərin?

Bu, prodüserimin ideyası idi. Çünki artıq 30 yaşım var idi və yaşa uyğun layihələr etmək lazım idi. O dövrdə bazarda ya artıq tanınmış sənətçilər vardı, ya da çox gənc ifaçılar.
Qərara gəldik ki, klassik mahnıları modern üslubda təqdim edək. “Volare”, “Bésame Mucho”, Marilyn Monroe repertuarından mahnılar və başqa layihələr üzərində işlədik. Amma klip yalnız “Bei Mir Bist Du Shein” üçün çəkildi. Konsert konsepti də həmin xətt üzrə qurulmuşdu.


Layihənin və uğurun davamı niyə gəlmədi?

Artıq dörd il keçmişdi və mən çox yorulmuşdum. Demək olar ki, hər ay səfərlərdə idim. Ailəmə də zaman ayırmalı idim. Balans pozulurdu və bu, mənim üçün ağır idi.

Yenidən Avropa bazarına qayıtmaq istəyərdinizmi?

Xeyr. Çünki istəsəm, bunu edə biləcəyimi düşünürəm. Sadəcə artıq istəmirəm. Bu, çox böyük enerji və intizam tələb edir. Aylarla davam edən ağır prosesdir.
Mən isə artıq rahat yaşamaq istəyirəm. Etiraf edirəm, tənbəl insanam. Öz zövqüm üçün mahnılar təqdim etmək mənə daha yaxındır.
Avropa bazarında “gəlmə” müğənni kimi görünmək də mənə xoş gəlmirdi. Yerli media bəzən başqa ölkədən gələn bir ifaçının uğur qazanmasını yaxşı qarşılamırdı. Mən də düşünürdüm ki, başqa yerdə “gəlmə” olmaqdanansa, öz evimin şahı olum daha yaxşıdır.

Geriyə baxanda İlhamə Qasımova bir nəslin ən sevilən sənətçilərindən biridir. Yeni nəsil üçün hit mahnılar planlaşdırırsınızmı?

Bunu eşitmək mənə çox xoşdur. Mən ildə bir və ya iki mahnı təqdim edirəm. Düşünürəm ki, çox mahnı çıxarmağa ehtiyac yoxdur. Sadəcə aktiv qalmaq üçün nəsə etmək həm sənətçiyə, həm də bəstəkara hörmətsizlikdir.
Bu, TikTok videosu deyil ki, hər gün yeni nəsə paylaşasan. Mahnıya hörmətlə yanaşmaq lazımdır.
Bəli, etiraf edirəm, bəzən tənbəllik edirəm. Amma hazırda beş yeni mahnım var. Onlardan biri artıq təqdimata hazırdır, digərləri isə demo mərhələsindədir. Mahnılar əsasən lirik və soul janrındadır.
Yeni mahnım çox emosional və dərin sözlərə sahibdir. Ümid edirəm ki, insanlar onu yalnız kədərli anlarında deyil, xoşbəxt olduqları zaman da dinləyəcəklər.
Bu gün hit mahnının necə yaranacağını əvvəlcədən bilmək çətindir. Bəzən illərlə üzərində çalışdığın layihə uğur qazanmır, bəzən isə gözləmədiyin bir mahnı böyük hitə çevrilir. İnşallah xeyirlisi.

Beləcə, müəllimlikdən diplomatiyaya, yerli müsabiqələrdən Avropa səhnələrinə uzanan İlhamə Qasımovanın hekayəsi sadəcə bir müğənninin uğur yolu ilə savayı özünü itirmədən məşhur qalmağın, sənətə sadiq qalmağın və illər keçsə də insanların yaddaşında qalmağın bariz nümunəsidir.

2000-ci illərin Azərbaycan estradasında parlayan ulduzu bu gün də öz işığını qoruyur. Bəlkə artıq əvvəlki qədər tez-tez səhnədə görünmür, bəlkə də yarışların və qalmaqalların mərkəzində deyil. Amma bir həqiqət dəyişmir bəzi sənətçilər dövrün deyil, yaddaşın bir hissəsinə çevrilirlər.

İlhamə Qasımova da məhz o sənətçilərdəndir.