2026-cı ilin aprel ayında Maison Margiela Şanxayda Anonymity adlı Fall-Winter 2026 kolleksiyasını təqdim etdi. Kolleksiyanın əsas ideyası anonimlikdir: moda evi bu anlayışı maskalar, dekonstruksiya, qeyri-adi materiallar və geyim formalarının yenidən işlənməsi vasitəsilə şərh edir. Tanınmışlığının və dizaynerlərin şəxsi imicinin getdikcə daha çox ön plana çıxdığı müasir moda sənayesində bu yanaşma xüsusilə diqqət çəkdi.
Anonimlik Maison Margiela fəlsəfəsinin hər zaman əsas hissələrindən biri olub. Moda evinin təsisçisi Martin Margiela uzun illər ictimaiyyətin diqqətindən kənarda qalmağa, mətbuat qarşısında görünməməyə üstünlük verib. Onun bu yanaşması brendin estetikasına da təsir göstərib, çünki modellərin üzlərinin örtülməsi, açıq tikişlər, geyimin konstruktiv detallarının gizlədilməməsi və köhnə əşyalardan istifadə dizaynerin yaradıcılığının əsas xüsusiyyətlərindən biri olub. Yeni kolleksiyada isə bu ideyaya 2025-ci ildə kreativ direktor vəzifəsinə təyin olunan Glenn Martens müraciət edib.
Təqdimat Şanxayın liman ərazisində yerləşən sənaye məkanlarından birində keçirilib. Ənənəvi podium və dəbdəbəli interyer əvəzinə qonaqlar yük konteynerləri və metal konstruksiyalarla əhatə olunmuş sənaye atmosferində kolleksiya ilə tanış olublar. Məkan seçimi kolleksiyanın əsas mövzularından biri ilə, – materialların təkrar istifadəsi və köhnə əşyaların yeni obyektlərə çevrilməsi ilə əlaqələndirilir. Təqdim olunan obrazlar arasında XIX əsrə aid rəsm əsəri əsasında hazırlanmış libas və metal payetlərlə bəzədilmiş qobelen də yer alıb.
Kolleksiyada istifadə olunan mürəkkəb işləmə texnikaları da diqqət çəkib. Libaslardan biri 150.000-dən çox qızılı ulduz formalı stikerlə örtülüb və onun hazırlanmasına 2975 saat sərf olunub. Digər obrazda isə təxminən 500 qırılmış çini parçası orqanzadan hazırlanmış əsas üzərində əl ilə bərkidilib. İlk baxışda çox kövrək görünən material geyimin konstruksiyasının bir hissəsinə çevrilib.
Anonymity konsepsiyası reklam kampaniyasında da davam etdirilib. Maison Margiela ənənəvi moda filmi əvəzinə baş rolda Rebekka Hollun çəkildiyi, əslində mövcud olmayan tammetrajlı trillerin treylerini təqdim edibb. Süjet maskalanmış dublyoru ilə qarşılaşan aktrisadan bəhs edir və kimlik, əvəzlənmə, eləcə də insanın öz obrazını qavraması kimi mövzulara toxunur.
Şəxsi üslubun, xarici görünüşün və tanınmışlığın sosial şəbəkələr vasitəsilə ictimai imicin bir hissəsinə çevrildiyi dövrdə Maison Margiela, demək olar ki, bunun əksinə gedən yanaşma təklif edir. Anonymity bir tərəfdən Martin Margielanın fəlsəfəsini davam etdirir, digər tərəfdən isə Glenn Martensə moda evinin irsinə öz baxışını təqdim etmək imkanı yaradır. Kolleksiya modanın yalnız özünü ifadə etmək vasitəsi olmadığını, bəzən diqqətdən kənarda qalmaq imkanı da verə biləcəyini xatırladaraq bizə anonimliyin nə olduğu haqqında düşünməyi təklif edir.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
