Skip to content

Dynamix Magazine

Hər DÖNGƏ eyni yerə qaytarmır – Müsahibə

Bəzi musiqi qrupları mövcud səslənməni davam etdirir, bəziləri isə öz yolunu yaratmağa çalışır. DÖNGƏ ikinci yolu seçənlərdəndir. Dərviş qrupundan ayrıldıqdan sonra rok musiqisinə olan sevgilərini yeni bir yaradıcılıq istiqamətinə çevirən kollektiv, Azərbaycan estradasının tanınmış mahnılarına fərqli nəfəs gətirməklə yanaşı, milli musiqi ilə rokun sintezini də öz yaradıcılığının əsas istiqamətlərindən birinə çevirib.

“SAZ ROCK” albomu, sevilən mahnılara yeni aranjimanlarla yanaşmaları və fərqli sənətçilərlə əməkdaşlıqları DÖNGƏnin musiqi dünyasındakı axtarışlarının göstəricisidir. Bəs bu yolun arxasında hansı prinsiplər, fikir ayrılıqları və gələcək hədəflər dayanır? Rok musiqisinin Azərbaycandakı mövqeyindən yaradıcılıq azadlığına, uğurun görünməyən tərəflərindən qrupun indiyədək açıqlamadığı detallara qədər bir çox mövzuda DÖNGƏ ilə söhbətləşdik.

Dərvişdən DÖNGƏyə keçid sizin üçün nəyi dəyişdi?

Dərviş qrupundan ayrıldıqdan sonra biz heç bir mövcud qrupa qoşulmadıq. Yaradıcılıqla məşğul olmaq niyyətimiz, rok musiqisinə olan həvəsimiz və bu musiqinin ölkəmizdə düzgün şəkildə təbliğ olunması düşüncəmiz bizi yeni qrup yaratmağa vadar etdi. Bu addım həyatımızda böyük bir DÖNGƏ olduğu üçün qrupumuza da eyni adı verməyə qərar verdik.

Tərzinizdən güzəştə getsəniz, qarşılığında böyük uğur qazanacağınızı bilsəydiniz, bunu edərdinizmi?

Uğur naminə dəyər verdiyimiz prinsiplərdən güzəştə getməyi özümüz üçün mümkünsüz hesab edirik. Çünki bu yolla qazanılan uğur yaradıcılığa verilən qiymət deyil, mövcud stereotiplərə uyğunlaşmaq deməkdir.

“SAZ ROCK” albomunda milli musiqi ilə rokun balansını necə qorudunuz?

Aşıqlar da rok ifaçıları kimi öz dövrlərinin üsyançıları olublar. Bu iki janrın bir-biri ilə uyğunlaşması heç də təəccüblü deyil. Musiqi baxımından onlar arasında körpü qurmaq və hər iki janrın orijinal ruhunu qorumaq sənətkarlarımıza olan böyük sevgimiz və bu işə qoyduğumuz əmək nəticəsində mümkün oldu.

Qrupda ən çox kimlə fikir ayrılığı yaşayırsınız?

Ən çox vokalistlərimiz Nərmin və Fərid bir-biri ilə fikir ayrılığı yaşayırlar. Buna baxmayaraq, kompromislərin tapılması iki tərəfli “atəşkəsin” elan olunması ilə nəticələnir. (gülür)

Sizcə, Azərbaycanda rok musiqisinin geniş auditoriyaya çatmasına ən çox nə mane olur: dinləyici, musiqi sənayesi, yoxsa elə rok ifaçılarının özləri?

DÖNGƏ: Bizim fikrimizcə, bu sualın cavabı elə sualın özündədir. Dinləyici – çünki bayağı musiqilərə olan tələbat onların daha geniş yayılmasına və rokun xeyli geridə qalmasına səbəb olur. Musiqi sənayesi – çünki təklif etdiyi musiqinin keyfiyyəti mövcud tələbata uyğun formalaşır. İfaçıların özləri – çünki dinləyicilərin musiqiyə baxış bucağını dəyişmək kimi çətin və zaman tələb edən bir yol əvəzinə, artıq öz yerini tapmış, insanları düşünməyə deyil, yalnız əylənməyə vadar edən yolu seçirlər.

Bütün bu amillər bir-biri ilə qapanmış dairə daxilində qarşılıqlı təsir göstərir: tələb, təklif və qlobal bayağılaşma. Biz də rok ifaçıları kimi dinləyicilərin əylənməsini istəyirik. Lakin bəzən düşüncəyə və fəlsəfi məsələlərə də vaxt ayırmaq vacibdir.

“Sənsizliyim” və “De” kimi artıq tanınan mahnıları yenidən təqdim etmək yeni mahnı yaratmaqdan daha çətindir? Dinləyicinin müqayisə aparacağını bilmək sizə təzyiq yaradır?

Artıq sevilmiş mahnıları hər hansı formada dəyişmək böyük məsuliyyətdir. Məhz bu səbəbdən bəzi ifaçılar əsərin orijinallığını qoruyaraq bu işi yerinə yetirə bilmədikləri üçün süni intellektə üz tutur və ya heç bir ciddi dəyişiklik etmədən sadəcə ifa tərzini dəyişirlər.

Biz isə bu məsuliyyətin altına girməyə hər zaman hazırıq. Dinləyicinin müqayisə aparması bizim üçün təzyiq deyil, böyük motivasiya mənbəyidir.

Azərbaycan rok musiqisində bəzən eyni ifaçılar və eyni səslənmə ilə rastlaşırıq. Sizcə, DÖNGƏni digər qruplardan fərqləndirən konkret nədir?

Əvvəlki sualın cavabında qeyd etdiyimiz kimi, bir çox ifaçı kəmiyyət naminə səslənməyə yenilik qatmaq, özünəməxsus musiqi üslubu formalaşdırmaq və musiqiyə fərqli yanaşma gətirmək kimi addımlara yönəlmir. Artıq çəkilmiş yolla hərəkət etmək daha asan olduğu üçün çoxları bu yolu seçir.

Biz Azərbaycan estradasının köhnə mahnılarını rok janrında yeni səslənmə və aranjimanla təqdim etməyə başladıqdan sonra bir çoxları da bu istiqamətə yönəldi. Hətta əvvəllər heç vaxt rok ifa etməyən sənətçilər belə artıq çəkilmiş bu yolu seçdilər.

“Darıxıram” mahnısında Elnarə Xəlilova ilə əməkdaşlıq etmisiniz. Gələcəkdə rok musiqisinə uzaq görünən hansı yerli ifaçı ilə işləmək istərdiniz və niyə?

Əlbəttə, gələcəkdə diqqət çəkəcək çoxsaylı layihələrimiz olacaq. Onlardan bir neçəsi rok musiqisindən xeyli uzaq olan, lakin çox sevilən sənətkarlarla əməkdaşlıqlarımızdır. Elə son layihəmiz də estradamızın parlaq ulduzlarından biri, çox sevilən İradə İbrahimova ilə birgə işimiz oldu. Düşünürük ki, dinləyicilərimiz bu layihəni yüksək qiymətləndirəcəklər.

Qrupun uğuru üçün yaxşı musiqi kifayətdirmi? Yoxsa bu gün sosial şəbəkələrdə aktivlik, düzgün menecment və tanıtım bəzən musiqinin özündən də vacib rol oynayır?

Əlbəttə, sadaladığınız amillər, xüsusilə də sosial şəbəkələrdə yayım və tanıtım çox önəmlidir. Lakin musiqi məhsulunun maraqlı və cəlbedici olması da mütləqdir.

Bu günə qədərki fəaliyyətinizdə hansı qərarı yenidən vermək imkanınız olsaydı, başqa cür edərdiniz?

Aygün Kazımovanın “Sənsizliyim” mahnısını yeni rok aranjimanında ifa etdikdən sonra bu qədər uğur qazanacağını gözləmirdik. Buna görə də həmin mahnıya klip çəkdirməməyimiz strateji bir səhv idi. (gülür)

Zirvə sizin üçün nədir? Hansı nöqtəni hədəfləmisiniz?

Dinləyicilər tərəfindən böyük sevgi görmək və rok musiqisinin Azərbaycanda ən azı qardaş Türkiyədəki kimi inkişaf etməsi bizim üçün zirvədir.

Son olaraq, DÖNGƏ haqqında indiyə qədər heç yerdə danışmadığınız bir həqiqəti açıqlamalı olsaydınız, bu nə olardı?

DÖNGƏ qrupunun ilk adı “DÖNGƏ 185” idi. Çünki qrupu yaratmaq ideyası Şəkidə, 185 nömrəli küçədə ağlımıza gəlmişdi. Sonradan bu fikrimizdən daşınıb sadəcə “DÖNGƏ” adını saxlamağa qərar verdik.

Hər DÖNGƏ eyni yerə qaytarmır. Bəzən insanı başladığı nöqtəyə deyil, heç vaxt olmadığı bir istiqamətə aparır. DÖNGƏ də musiqidə məhz belə bir yolun axtarışındadır,  tanış melodiyalara yad olmayan, amma gözlənilməz səslənən yeni nəfəs vermək, rok musiqisinin sərhədlərini genişləndirmək və öz imzasını yaratmaq.

Dynamix Magazine olaraq DÖNGƏyə yaradıcılıq yolunda uğurlar arzulayırıq.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.