Azərbaycanın tanınmış pop ifaçısı Dilarə Kazımova yeni layihəsi “Pul” ilə bu dəfə təkcə musiqi deyil, həm də müasir dövrün insan psixologiyasına toxunan fərqli bir konsept təqdim edir. Süni intellekt texnologiyaları ilə hazırlanmış klip, simvolik obrazlar və metaforik vizuallarla birlikdə layihəni adi pop işindən daha çox vizual-psixoloji performansa çevirir.
Mahnının əsas xətti insanın pul, şöhrət və asılılıqlarla münasibəti üzərində qurulub. “Kofein, taurin, tütündəki nikotin”, “Qandadır adrenalin”, “Xoşbəxtlik – endorfin” kimi sözlər müasir həyatın sürətli ritmini və insanın davamlı stimul axtarışını simvolizə edir. Burada pul sadəcə maddi vasitə kimi deyil, insan davranışlarını idarə edən güc olaraq təqdim edilir.
Hər bir uğurlu mahnının təməlində onun sözləri və musiqisi dayanır. “Pul” mahnısının musiqi və söz müəllifi Nadir Nağd Puldur. Mahnının dinamik ritmlərini və musiqi bütövlüyünü təmin edən aranjiman işi isə yenə Nadir Nağd Pul və Fidan Aliva tərəfindən ərsəyə gətirilib. Səslərin bir-biri ilə mükəmməl harmoniyasını, yəni səs uzlaşmasını isə incə toxunuşlarla Fidan Aliva reallaşdırıb.
Layihənin ən diqqət çəkən tərəflərindən biri isə Dilarə Kazımovanın klipdə “pul egregoru” obrazında çıxış etməsidir. Egregor anlayışı kollektiv düşüncə və enerjidən yaranan simvolik sistem kimi qəbul olunur. Klipdə bu obraz insanların pula qarşı qorxu, ehtiras, güc və asılılıq hisslərinin bir növ canlı formasına çevrilir. Fantastik səhnələr və AI texnologiyaları vasitəsilə yaradılan atmosfer həmin ideyanı daha da gücləndirir.
Eyni zamanda layihə emosional tərəfi ilə də seçilir. Sənətçi açıqlamasında bildirib ki, “Pul” mahnısı mərhum müğənni Rəhim Rəhimli üçün xüsusi məna daşıyıb. Onun bu mahnını Dilarə Kazımova ilə duet şəklində təqdim etmək arzusu olub. Layihənin yarımçıq qalması isə mahnıya fərqli emosional qat əlavə edib. Müğənni həmin arzunu nəzərə alaraq işi virtual duet formatında təqdim edib və bununla həm musiqi layihəsini tamamlayıb, həm də sənətkarın xatirəsinə xüsusi jest edir.
“Pul” hazırda bütün rəqəmsal musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
