Bəzi mahnılar var, ilk dəfə dinləyəndə sənə yeni nəsə göstərmir. Əksinə, çoxdan unutduğun hissi qaytarır. Zamiq Hüseynovun təqdim etdiyi “Kaş Belə Bir Dünya Ola” da məhz o mahnılardandır.
Son illərdə pop musiqidə hər şey çox sürətlənib. Mahnılar artıq daha çox bir həftəlik trend olmaq üçün hazırlanır. Hamı eyni ritmlərdən, eyni effektlərdən istifadə edir. Elə buna görə də içində bir az səmimiyyət olan iş dərhal seçilir. “Kaş Belə Bir Dünya Ola”nın fərqi də burada hiss olunur.
Mahnı çox sadə hissdən danışır sevdiyin insanla zamanın dayanmasını istəməkdən. Bəlkə də klişe səslənir, amma həyatın özü də bir az klişedir. İnsan nə qədər dəyişsə də, sonda yenə eyni şeyləri arzulayır: rahatlıq, sevgi və yanında özünü yaxşı hiss etdiyi biri.
Mahnının sözlərinə nəzər yetirəndə “İkimiz gəzək qol-qola…” hissəsi mahnının ən güclü yeridir. Çünki məhz orada mahnı özünü məcbur etmir. Nə artıq pafos var, nə də “baxın necə hit edirəm” havası. Sadəcə melodiyanın axını ilə gələn bir hiss var.
Vizual tərəfdə də bunu görmək olur. Klip böyük görünmək üçün yox, hiss yaratmaq üçün çəkilib. Samirə Xasməmmədovanın ekran işi daha çox yay axşamı ovqatı verir. İşıqlar, rənglər, görüntülərin yumşaqlığı hamısı mahnının romantik tərəfini tamamlayır. Türkiyəli operator Eren Yıldızın görüntülərində də bu hiss qorunub.
Bir detal da maraqlıdır: layihə üzərində 70 nəfərdən çox komanda çalışıb. Amma buna baxmayaraq iş şişirdilmiş görünmür. Əksinə, kifayət qədər rahat və axıcı təsir bağışlayır. Bu da əslində yaxşı prodakşnın göstəricisidir.
Mahnının ən güclü tərəfi isə yəqin ki, insanı yormamasıdır. Dinləyəndə sənə nəyisə sübut etməyə çalışmır. Sadəcə fonunda yaşamaq istəyəcəyin bir hiss yaradır.
