Skip to content

Dynamix

Mərakeş, Hindistan və Efiopiyadan konki sürən qadınlar bir layihədə

Hər cəmiyyətdə “qadın olmaq” fərqlidir. Daim apardığı mübarizə, azad olmaq istəyi bəzən həyatının ən çətin sınağı ola bilər. Məhz bu ideologiyanın arxasında duran və onu dəstəkləyən Chantal Pinzi illərdir bunu müxtəlif formalarda nümayiş etdirərək düşünməyə vadar edir.

Chantal Pinzi italyan sənədli fotoqrafdır, Berlində yaşayır və əsasən parçalanmış, cəmiyyətdən kənarda qalan icmalarda insanların mübarizəsini, xüsusilə də qadınların cəmiyyətdəki rolunu, sosial ədalətsizlik kimi mövzuları işıqlandırır. O, layihələrində çəkdiyi müxtəlif hekayələrlə yaşadığımız dünyanın fərqli yerlərində insanların yaşam tərzlərini və cəmiyyətin təsirlərinə qarşı duruşunu digər insanlara çatdırmağa çalışır və gördüyü işlər kifayət qədər geniş kütləyə çataraq bir çox beynəlxalq sərgidə, həmçinin Stern, Internazionale, NZZ və Courrier International kimi nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunub.

© Chantal Pinzi

“Shred the Patriarchy” layihəsi qadınların cəmiyyətin qoyduğu bəzi qəlibləşmiş qayda-qanunlara qarşı çıxmasını göstərir. Layihə çərçivəsində o, müxtəlif ölkələrdə — Mərakeş, Hindistan və Efiopiyada qadın skeyterləri çəkib. Xüsusilə də burada Hindistan fərqlənir, çünki ölkədə əhalinin sayı 1,4 milyardı ötür. Buna baxmayaraq, qadın skeytbordçuların sayı olduqca azdır.

Layihə öz mahiyyətini daha aydın göstərərək, qadınların müxtəlif təzyiqlərə və ayrı-seçkiliyə baxmayaraq, skeytbordlarını patriarxiyaya qarşı adətən bir üsyan bayrağı timsalında qaldırdıqlarını göstərir. Bəzi cəmiyyətlərdə qadınların skeyt sürməsi uyğun görülmür. Buna baxmayaraq, onlar skeyterləri ilə birlikdə skeytparkda öz yerlərini tutur. Əslində, özlərini bu formada ifadə etməyi seçirlər. Burada skeytbord təsadüfi seçilməyib. Onu istifadə edərkən yaratdığı azadlıq hissi, bəzən yerə yıxılmaq, amma buna baxmayaraq yenidən qalxaraq öz yoluna sürətlə davam etmək məhz onların birbaşa həyatından nümunədir.

© Chantal Pinzi

Dərc olunan rəsmlərin altında qadınların hər birinin müxtəlif, lakin bir məqsəddə birləşən hekayələri dərc olunub. Buna Asha Gond Janwaar nümunəsini göstərmək olar. O, kəndindən xaricə səyahət edən ilk uşaq olub və daha sonra bir çox beynəlxalq yarışlarda iştirak edib. Bunu etməklə o, həm də qadınların gündəlik yaşantısını, skeyt mədəniyyətinin onların həyatına necə toxunduğunu göstərib. Cəmiyyətin bu ədalətsizliyinə qarşı göstərdikləri üsyan vasitəsilə onların bəziləri məcburi evlilikdən yayına bilib, bəziləri isə skeytbord vasitəsilə maddi rifahlarını yüksəldərək hörmət qazanıblar.

Mənbə: worldphoto.org, complex.com