Azərbaycan bir vaxtlar Avroviziyanın ən uğurlu ölkələrindən biri hesab olunurdu. Qələbə, yüksək nəticələr, yadda qalan çıxışlar… Amma son illərdə tablo dəyişib. Final həsrəti uzandıqca, suallar da artır.
Məhz buna görə Azərbaycanın ən böyük Avroviziya platformalarından biri olan 12xal dəyişiklik tələbi ilə çıxış edib və onlayn petisiya başladıb. Bu təşəbbüs təkcə nəticələrdən narazılıq deyil, həm də illərdir fan icmalarında səslənən fikirlərin bir nöqtədə cəmlənməsidir.
Rəqəmlər ilə də vəziyyəti aydın görmək mümkündür. Azərbaycan son dörd ildə finala yüksələ bilməyib. Son iki ildə isə yarımfinalı sonuncu pillədə başa vurub.
Petisiyanın müəllifləri hesab edir ki, əsas səbəblərdən biri seçim prosesinin qapalı qalmasıdır. Təmsilçi və mahnı seçimi ictimaiyyət üçün görünməyən bir sistem daxilində həyata keçirilir, fan icmaları və media ilə əlaqələr isə əvvəlki illərlə müqayisədə daha zəif görünür. Üstəlik, Avroviziyanın artıq yalnız səhnədə deyil, sosial şəbəkələrdə və rəqəmsal platformalarda da qazanıldığı bir dövrdə PR strategiyasının yenilənməsi zərurəti tez-tez vurğulanır.
Təklif olunan həll yolları da radikal deyil. Əksinə, bir çox Avropa ölkəsində tətbiq olunan üsullardan fərqlənmir: milli finalın keçirilməsi və ya ictimaiyyətin daha fəal iştirak edə biləcəyi açıq seçim turu. Məqsəd sadəcə bu da deyil, prosesə yeni nəfəs gətirmək, fərqli musiqiçilərə şans vermək və auditoriyanın özünü bu yolun bir hissəsi kimi hiss etməsini təmin etməkdir.
Əlbəttə, heç bir sistem uğuru yüz faiz təmin etmir. Amma bir həqiqət var: eyni üsulla fərqli nəticə gözləmək çətindir. Bəlkə də Avroviziya ətrafında yaranan bu müzakirələr nəticələrdən daha vacibdir. Çünki söhbət təkcə bir mahnı müsabiqəsindən yox, ölkənin musiqi sənayesinin özünü necə təqdim etməsindən gedir.
12xal-ın başlatdığı petisiya da məhz bu sualı gündəmə gətirir: Azərbaycan Avroviziyada əvvəlki uğurlu illərin təcrübəsinə qayıtmaq istəyirsə, bəlkə ilk addım dəyişiklikdən qorxmamaqdır?
Petisiyaya qoşulmaq istəyənlər təşəbbüsə buradan imza ataraq öz mövqelərini bildirə bilərlər.
