Bolqarıstan Avroviziya Mahnı Müsabiqəsində ilk qələbəsini əldə edib. Ölkənin ən tanınmış ulduzlarından biri olan Dara səhnə adı ilə tanınan Darina Nikolaeva, ölkənin müsabiqədəki 15-ci iştirakında bu tarixi uğuru qazandırıb.
İlk dəfə 2005-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə qoşulan Bolqarıstan uzun illər yarışmanın zəif nəticə göstərən ölkələrindən biri hesab olunub. Ölkə indiyədək cəmi üç dəfə ilk beşlikdə qərarlaşa bilib. Müxtəlif dövrlərdə isə həm maliyyə problemləri, həm də uğursuz nəticələr səbəbindən müsabiqədən kənarlaşmaq qərarı alınıb.
Bəs Bolqarıstan ilk qələbəsini necə əldə edib?
2022-ci ildəki uğursuz iştirakdan sonra yarışmaya üç il ara verən ölkə, müsabiqənin yubiley buraxılışı münasibətilə və Avropa Yayım Birliyinin israrlı təkidlərindən sonra geri dönüş qərarı verib.
Bu dönüşün nə qədər iddialı olacağı isə Bolqarıstanın seçim prosesini açıqladığı andan hiss olunub. Belə ki, ölkənin ən məşhur müğənnilərinin də qatıldığı iki mərhələli milli seçim prosesinin sonunda Dara “Bangaranga” adlı mahnı ilə təmsilçi seçilib.
Öz ölkəsində “X Factor” yarışması ilə məşhurluq qazanan Dara güclü bir komanda ilə aylarla studiyada çalışıb. Artıq heç kimdə şübhə yox idi ki, yarışmaya güclü qadın pop ifası gəlir. Gözləntilər də özünü doğruldub. Mahnı yayımlandığı ilk gündən etibarən musiqi platformalarında yüksək dinlənmə rəqəmləri əldə edib.
“Bangaranga” sözü “üsyan” mənasını verib. Daranın səhnədə nümayiş etdirdiyi üsyankar və enerjili performans da məhz bu ideyanın üzərində qurulub. Proqnozlara görə yarışmanı yüksək pillələrdə tamamlayacağı gözlənilən çıxış həm münsiflər heyətinin, həm də tamaşaçı səsverməsinin qalibi olub.
Beləliklə, Bolqarıstan Avroviziya Mahnı Müsabiqəsinin finalını 516 xalla birinci sırada tamamlayaraq tarixində ilk dəfə qalib adını qazanıb.
Yüksək templi pop janrında olan mahnının müəllifləri isə Anne Judith Wik, Kristian Tarça, Darina Yotova və Dimitris Kontopoulos olub.
