Skip to content

Dynamix

Jiva ilə vətənə qayıdış sonrası Eksklüziv müsahibə

Avroviziya 2026-da Azərbaycanı təmsil edən Jıva, müsabiqədən sonra ilk geniş müsahibələrindən birini Dynamix Magazine-a verdi. Səhnə arxasında yaşanan çətinliklərdən, ekranlara yansımayan emosional anlardan, “hate” dalğasına münasibətindən və yenidən Avroviziya səhnəsinə qayıtmaq istəyindən danışan sənətçi, həm də “Just Go” mahnısının seçim prosesinin bilinməyən detallarını bölüşdü.
Jıva bu müsahibədə həm müsabiqə dövründə yaşadıqlarına aydınlıq gətirdi, həm də ona dəstək olan insanlara xüsusi təşəkkürünü çatdırdı.

Müsahibəmizlə tanış olun:

1. Avroviziya səyahətiniz necə keçdi?


Çox yaxşı keçdi. Avroviziya mənim üçün sadəcə bir yarışma deyil, çox böyük həyat təcrübəsi oldu. Orada fərqli ölkələrdən olan insanlarla tanış olmaq, səhnəni paylaşmaq və ölkəmi təmsil etmək mənim üçün böyük qürur idi. Yorğun anlar da oldu, amma bütün bunlara baxmayaraq hər anın dadını çıxarmağa çalışdım.


2. Yadda qalan anlar hansılar idi?


Ən yadda qalan anlardan biri ilk dəfə böyük səhnəyə çıxmağım idi. O enerjini, işıqları, səhnəni, insanların reaksiyasını və yaşadığım həyəcanı heç vaxt unutmayacağam. Açığı, bu qədər fanatımın olduğunu və bu qədər insanın mənə dəstək verəcəyini gözləmirdim. Bu sevgini hiss etmək mənim üçün çox xüsusi və unudulmaz idi. Həmçinin digər iştirakçılarla qurduğumuz dostluqlar da mənim üçün çox dəyərlidir. Məni səhnədə özgüvənli, rahat və möhtəşəm hiss etdirən gözəl qəlbli Anar Ağakişiyevə bənzərsiz obraz üçün, fərqli əl işi olan əziyyətlə hazırlanan geyim üçün isə Kamilla Babayevaya ayrıca minnətdarlıq hissim var.


3. Bu ilki xüsusi favoritiniz kim idi?


Bu il çox güclü iştirakçılar var idi və hər kəs öz tərzi ilə fərqlənirdi. Mənim üçün ən vacib məqam səhnədə səmimiyyət və emosiyanı hiss etdirmək idi. Buna görə bəzi çıxışlar mənə xüsusi təsir bağışladı. Favoritim isə İsrail idi.


4. Çıxışdan sonra “hate” dalğası ilə üz-üzə qaldınız. Bununla necə baş edirsiniz?


Tanınan insan olduğunuz zaman həm sevgi, həm də tənqid qaçılmaz olur. Əlbəttə, bəzən çətin təsir edir, amma məni dəstəkləyən insanların sevgisi daha güclüdür. Mən çalışıram ki, neqativə deyil, gördüyüm yaxşılıqlara fokuslanım və öz üzərimdə işləməyə davam edim.


5. Yenidən Avroviziyaya getmək şansınız olsa, hansı tərzdə özünüzü sınamaq istərdiniz?


Açığı, bu yarışmadan sonra çox insan mənə “yenidən get, yenə iştirak et” yazır və bu sevgini görmək məni çox xoşbəxt edir. Əgər yenidən Avroviziyaya qatılmaq şansım olsa, məhz bu delegasiya ilə yenidən həmin yolu keçmək istəyərdim. Çünki birlikdə çox şey yaşadıq və bu komanda mənim üçün artıq sadəcə iş komandası deyil, doğma insanlardır. Səhnə baxımından isə həm emosional, həm də daha güclü və enerjili bir performansla özümü sınamaq maraqlı olardı.


6. Ekrana yansımayan ən çətin anlar nə idi?


Hazırlıq prosesi çox gərgin idi. Uzun məşqlər, yorğunluq, məsuliyyət və emosional gərginlik ekran arxasında görünməyən ən çətin tərəflər idi. Xüsusilə rejissorun qarşıya qoyduğu müəyyən tapşırıqlar vardı. Məsələn, əllərimdəki lentlərin müəyyən saniyələrdə açılması lazım idi və bunun üçün hər şey dəqiq hesablanmalı idi. Bir səhnədə isə təxminən 16 metr irəliləməli idim və yolda kamera üçün xüsusi boşluq vardı. Ən çətin tərəfi o idi ki, ora düşməmək üçün həmin boşluğu hiss edib addımı düzgün atmalı idim. Amma aşağı baxmaq olmazdı, yalnız kameraya baxmalı idim. Bütün bunlar tamaşaçıların ekranda görmədiyi ən çətin məqamlardan idi. Amma məhz belə anlar insanı daha da gücləndirir.


7. Rəqiblərinizə baxsaq, aldığınız nəticəni ədalətli hesab edirsiniz? Yoxsa haqsızlıq olduğunu düşünürsünüz?


Hər yarışmanın öz nəticəsi və öz baxışı var. Əlbəttə, insan həmişə daha yaxşı nəticə arzulayır. Amma mən düşünürəm ki, əsas məsələ səhnədə əlindən gələni etməkdir. Mən öz performansımla və ölkəmi təmsil etməyimlə qürur duyuram.


8. Delegasiyada razı olmadığınız hər hansı qərar olmuşdu?


Xeyr, belə bir hal olmayıb. Bütün delegasiya qarşıya qoyulan işi yüksək səviyyədə yerinə yetirirdi və düşünürəm ki, bütün qərarlar düzgün verilirdi. Onlarla işləmək mənim üçün çox rahat və xoş idi. Mən özümü həqiqətən bir artist və ulduz kimi hiss etdim. Düşünürəm ki, heç bir artistlə belə davranılmayıb.
Xüsusilə qeyd etmək istəyirəm ki, delegasiya rəhbəri mənim üçün vəzifəsinə daxil olmayan bir çox şeyi etdi və onun mənə qarşı hörmətli, qayğıkeş münasibəti məni çox duyğulandırdı. Hər böyük işdə fərqli fikirlər ola bilər və bu normaldır. Amma ümumilikdə hamı əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Mən də bu əziyyətə və dəstəyə görə minnətdaram.


9. Sizi təmsilçi seçdikdən sonra sizə neçə mahnı təqdim olundu və onlarla tanış olmaq imkanınız oldumu?


Ümumilikdə studiyada 5 mahnı yazdırdıq. Onlardan 4-ü yerli musiqiçilərin, 1-i isə xarici bəstəkarın mahnısı idi. Mənə seçim hüququ verildi və seçimim “Just Go” oldu. Bu seçimə görə bir saniyə belə peşman deyiləm. Bu mahnı melodik, emosional və duyğuludur. Mən istəyirdim ki, xüsusilə qadınlar bu mesajı hiss etsinlər: əgər sizi dəyərləndirmirlərsə, sadəcə “Just Go” deyin.


10. Azərbaycana qayıtdığınız zaman nə hiss etdiniz?


Çox emosional an idi. Doğma ölkəmə qayıtmaq və insanların sevgisini hiss etmək mənə böyük motivasiya verdi. Mənə dəstək olan hər kəsə sonsuz təşəkkür edirəm.


11. Sizi bu yolda sona qədər dəstəkləyən insanlara nə demək istəyirsiniz?


Əvvəlcə neqativ düşüncələri ilə görülən işə kölgə salmağa çalışan insanlara demək istəyirəm ki, əgər siz bu işin içində deyilsinizsə, orada nələrin baş verdiyini və bunun nə qədər çətin olduğunu tam anlaya bilməzsiniz. İmkanlar daxilində hər şey çox gözəl idi. Xüsusilə ünsiyyət və iş birliyi baxımından.
Mənə inanan, dəstək olan və hər zaman yanımda duran hər kəsə ürəkdən təşəkkür edirəm. Hazırlıq prosesində səhnə mədəniyyəti dərsləri aldığım gözəl aktyorumuz, xalq artisti Pərviz Məmmədrzayev-ə, psixoloqum Rüstəm bəyə və əməyi keçən bir çox insana minnətdaram. Sizin sevginiz və sözləriniz mənə güc verdi. Bu yolun hər addımında bunu hiss etdim və heç vaxt unutmayacağam. Bussi 💋

Beləliklə, Avroviziya 2026 təmsilçimiz Jiva ilə müsahibəmizin sonuna gəldik. Səhnə arxasında yaşanan emosiyalar, çətinliklər və unudulmaz anlarla bağlı səmimi fikirlərini bizimlə bölüşdüyü üçün ona təşəkkür edirik.
Bu müsahibə bir daha göstərdi ki, Avroviziya yalnız səhnədə görünən 3 dəqiqə deyil, böyük zəhmət, məsuliyyət və emosional yolçuluqdur.

Biz də Jiva-ya bundan sonrakı yaradıcılıq yolunda uğurlar arzulayır və yeni layihələrini səbirsizliklə gözləyirik.