Azərbaycan estradasının canlı əfsanələrindən olan Ruhəngiz Allahverdiyeva uzun fasilədən sonra səhnəyə fərqli üslubda dönüş edib. Əməkdar artist gənc ifaçı Eltun Məhərrəmli ilə birlikdə məşhur “Məndən bir də olmayacaq” mahnısını bu dəfə rok janrında təqdim edib.
Sözləri Baba Vəziroğlu, musiqisi isə Eldar Mansurova məxsus olan əsər 17 ildən sonra yeni nəfəs qazanıb. Klassik ifanın rok elementləri ilə yenidən işlənməsi sosial şəbəkələrdə də maraqla qarşılanıb. Bizdə bu marağın ardınca gedərək sizin üçün xüsusi müsahibə hazırladıq.
Eltun bəy, növbəti duet partnyorunuz kim olacaq?
– Hələ ki bu mövzuda heç nə düşünməmişəm. Mən Ruhəngiz xanımı yeni tapmışam və ondan bərk-bərk yapışmışam. Amma “kim olsun istərdiniz?” desəniz, Ruhəngiz xanım kimi bir əfsanə ilə duet oxumuşamsa, növbəti duet yoldaşım da ondan aşağı sənətçi ola bilməz. Ruhəngiz xanımdan yuxarı kim ola bilər, bilmirəm. Bəlkə də Flora Kərimova ola bilər. Ağlıma başqa bir ad gəlmir.
Əməkdaşlığınız necə baş tutdu?
– Mən hər bir azərbaycanlı dinləyici kimi Ruhəngiz xanımın mahnılarını sevərək dinləmişəm. Onun sənətinə heyran bir insan olaraq düşündüm ki, mənim ilk duetim elə bir ifaçı ilə olmalıdır ki, o, bir ikonaya çevrilmiş sənətkar olsun. İlk ağlıma gələn sima da Ruhəngiz Allahverdiyeva oldu. Ruhəngiz xanım razılıq verdi və əməkdaşlığa başladıq.
Ruhəngiz Allahverdiyeva:
– Mən də yeniliklərə açıq insanam. Nə yaxşı ki, Eltun belə bir təkliflə gəldi. Layihə çox insan tərəfindən müsbət qarşılandı. Hətta bizi əvvəldən tanımayan insanlar belə bu işi sevgi ilə qarşıladı. İlk vaxtlar bir az tənbəllik etsəm də, Eltunun israrı daha güclü oldu.
Ruhəngiz xanım, hansı versiyanı daha çox bəyənirsiniz?
– Dövr dəyişsə də, bizim üçün tamaşaçının sevgisi və istəyi çox vacibdir. Telefonum susmur. Deməli, bəyənilib. Hər iki versiyanın öz gözəlliyi var. Mən ilkin versiyada sanki XVII əsrin ruhunu hiss edirdim. Bu yeni versiya isə mahnını daha müasir edib. Açığı, heç ağlıma gəlməzdi ki, bu mahnı mənə belə uğur gətirər. Əslində mahnını Baba Vəziroğlu özü üçün yazmışdı. Eldar Mansurov isə demişdi ki, bu mahnını bir xanım oxumalıdır. Mahnı mənə həvalə ediləndə isə ora “Gözəl qızlar çox olacaq” misrası əlavə olundu. Əslində mahnı bir kişiyə aid idi. Bu duetdə isə mahnının orijinal ruhuna sadiq qalınaraq həm kişiyə, həm də qadına xitab edilib.
Klipin mesajı nədir?
– Klipdə sosial mediadan da tanıdığınız Abdulshah yer alır. O, meşədə gördüyü bir balerinanın arxasınca gedir. Balerina burada gözəllik simvoludur. Lakin klipin sonunda qəhrəman aynalarla üz-üzə qalır. Gözəllik axtarışında olan qəhrəman sonda həmin gözəlliyi öz daxilində tapır.
Layihə ilə bağlı suallarımızı cavablandıran sənətçilər həm əməkdaşlığın detalları, həm də gələcək planları barədə danışıb. Ruhəngiz Allahverdiyeva yeni mahnı anonsu ilə də dinləyicilərini sevindirəcəyinin siqnallarını verib.
