Skip to content

Dynamix

Qalmaqallar kralı Kanye West yenə gündəmdədir

Qalmaqal mövzusu təkcə Azərbaycan şou-biznesinə aid deyil. Bəzi sənətçilər sənətləri ilə gündəmə gəlməyi üstün tutarkən, müəyyən bir təbəqə isə “taxt-tac oyunları”nı xatırladan addımlarla trend olmağı və yadda qalmağı seçir. Bunun nə dərəcədə uğurlu olduğu mübahisəli olsa da, bir həqiqət var belə addımlar unudulmur.

Taylor Swift ilə musiqi mükafatlarında başlayan qalmaqal və illər sonra belə bu hadisənin təsirinin davam etməsi, Beyoncé və Jay‑Z kimi iki gücün birləşməsindən ilhamlanaraq, Kim Kardashian ilə evlilik, ayrıldıqdan sonra isə növbəti həyat yoldaşı Bianca Censori ilə gəmidə yaşadığı qalmaqallı görüntülər… Bütün bunlar göstərir ki, Kanye West daha çox sənətindən deyil, atdığı addımlar və yaratdığı qalmaqallarla gündəmdə qalmağı bacarır.

Bəs qalmaqallar kralı Kanyenin başına bu dəfə nə gəlib?

İngiltərədə keçiriləcək Wireless Festival üçün Kanye West-in üç gün əsas ulduz kimi elan edilməsi festivalın sponsorlarını narazı salıb. Belə ki, sponsorluqda dominantlığını qoruyub saxlayan Pepsi və Diageo kimi böyük markalar festivaldan dəstəyini geri çəkib. Mediaya yayılan məlumatlara görə, PayPal da bu markaların sırasına qoşula bilər. Sponsorların geri addımı festival üçün ciddi siqnal hesab olunur, lakin Kanyenin səhnə almasının da festivalın kommersiya imicinə təsir edəcəyi göz önündədir.

Səbəb isə Kanye West-in son illərdə etdiyi qalmaqallı açıqlamalardır. İngiltərədə bəzi siyasətçilər Kanye West-in ölkəyə buraxılmamasını tələb edir. Baş nazir Keir Starmer isə vəziyyəti “narahatlıq doğuran” kimi qiymətləndirib. Hətta Kanye West-in İngiltərə vizasının ləğv edilə biləcəyi də müzakirə olunur.

Bir sənətçi üçün bu, kifayət qədər ağır vəziyyət hesab olunur. Güclü səs və vizual təqdimat önəmli olsa da, müasir dövrdə auditoriya humanizmi daha üstün tutur. Amerika kimi bir gündə zirvəyə qalxıb, bir gecədə karyeranın sarsıla biləcəyi bir mühitdə sənətçilər artıq yalnız yaradıcılığa deyil, atdıqları addımlara və verdikləri mesajlara da diqqət etməli olduqlarını bilməlidirlər.