Moda dünyasında tanınmaq üçün hər şey edilir. Loqolar böyüyür, geyimlər daha asan tanınan olur, dizaynerlərin adları brendlərin özündən belə vacib görünməyə başlayır. Sosial şəbəkələrdə isə hər bir obrazın ayrıca nümayiş etdirilməsi, hər bir detalın paylaşılması və hər kəsin özünü müəyyən bir estetikaya aid etməsi gözlənilir. Belə bir dünyada üzünü gizlətmək, kim olduğunu deməmək, hətta özünü başqalarına tanıtmaqdan imtina etmək necə səslənir?
Maison Margiela-nın 2026-cı ilin payız-qış kolleksiyası məhz bu sual ətrafında qurulur. Anonymity adlanan kolleksiya 2026-cı ilin aprelində Şanxayda təqdim olunub. Moda evinin uzun illərdir istifadə etdiyi maskalar, dekonstuksiya, materiallarla eksperimentlər və tanış geyim formalarının dəyişdirilməsi bu dəfə anonimlik ideyası ilə birləşir.
Amma gəlin məsələni yalnız qeyri-adi geyimlər, maskalar və podium estetikası ilə məhdudlaşdırmayaq. Çünki Maison Margiela-nın marağı heç vaxt sadəcə qəribə görünməkdən ibarət olmayıb. Burada əsas məsələ geyimin bizə nə göstərməsi ilə yanaşı, nəyi gizlətməsidir. Və gəlin brendin verdiyi suala birlikdə cavab axtaraq: insanın üzünü gizlətsək, onun kimliyi ilə nə baş verəcək?
Adımız olmasa biz kimik?
Əvvəlcə bir şeyi xatırlamaq lazımdır. Maison Margiela üçün anonimlik yeni fikir deyil. Moda evinin qurucusu Martin Margiela illərlə şəxsi simasını ictimaiyyətin diqqətindən kənarda saxlayıb. O, müsahibələrə və ictimai görünüşə əsaslanan dizayner kultunun əksinə hərəkət edir, diqqəti öz şəxsindən kolleksiyalara yönəltməyə çalışırdı.
Moda dünyasında bu, kifayət qədər qeyri-adi yanaşma idi. Axı dizaynerlər adətən özlərini də bir brendə çevirirlər. Onların şəxsi həyatı, görünüşü, müsahibələri və ictimai imici yaratdıqları geyimlər qədər müzakirə olunur. Bu yanaşma onun moda evinin vizual dilinə də təsir etdi. Üzləri örtən maskalar, tikişlərin gizlədilməməsi, geyimin daxili konstruksiyasının nümayiş etdirilməsi və adi əşyaların yeni funksiyada istifadəsi – bütün bunlar tamaşaçının diqqətini ilk baxışda vacib hesab etdiyi detallardan uzaqlaşdırırdı.
Anonymity həmin irsi davam etdirir, lakin sualı bir qədər dəyişir. Artıq söhbət yalnız dizaynerin özünü gizlətməsindən getmir. Kolleksiya anonimliyi bir obrazın, bir bədənin və hətta insanın öz kimliyini qavramasının bir hissəsinə çevirir.
İrsi qorumaq
Moda evinin tarixini bilmədən Anonymity kolleksiyasını tam anlamaq çətindir. Çünki Maison Margiela üçün keçmiş sadəcə ilham mənbəyi deyil. Keçmiş, hər yeni kolleksiyada yenidən araşdırılan, sökülən və başqa formaya salınan bir materialdır.
Martin Margiela 1988-ci ildə öz moda evini yaratdı. Onun yanaşması ənənəvi lüks anlayışından fərqlənirdi. Geyimin bahalı görünməsi, mükəmməl tikilməsi və dərhal tanınması əsas məqsəd deyildi. Əksinə, Margiela tikişləri, astarı, geyimin daxili konstruksiyasını və zamanla yaranan qüsurları dizaynın bir hissəsinə çevirirdi.
Daha sonra moda evinin tarixində müxtəlif yaradıcı mərhələlər yaşandı. 2025-ci ildə belçikalı dizayner Glenn Martens Maison Margiela-nın kreativ direktoru oldu. Onun qarşısında asan olmayan bir vəzifə vardı: brendin köklü vizual dilini qorumaq, amma eyni zamanda onu sadəcə arxivdən götürülmüş ideyaların təkrarı olmaqdan xilas etmək.
2026-cı ilin payız-qış kolleksiyası məhz bu baxımdan maraqlıdır. Martens hazır geyim kolleksiyası ilə Artisanal xəttini eyni nümayişdə birləşdirir. Beləliklə, gündəlik geyimlə yüksək sənətkarlıq arasında qurulmuş sərhəd bir qədər zəifləyir. Glenn Martens tanış kodları yeni materiallar, qeyri-adi konstruksiyalar və fərqli proporsiyalarla dəyişdirir. Geyim bəzən öz ilkin formasını itirir, bəzən bir neçə müxtəlif əşyanın birləşməsinə çevrilir, bəzən isə sanki başqa bir dövrdən təsadüfən bu günə gəlib çıxır. Bu yanaşma Maison Margiela-nın öz fəlsəfəsinə uyğundur.
Moda nümayişi niyə limanda keçirildi?
Təsəvvür edin: moda nümayişinə gəlirsiniz və sizi dəbdəbəli salon, tarixi saray və ya minimalist ağ məkan əvəzinə nəhəng yük konteynerləri ilə dolu bir liman qarşılayır.
Bir az qəribədir, elə deyilmi?
2026-cı il aprelin 1-də Maison Margiela payız-qış kolleksiyasını Şanxayda təqdim etdi. Bu, moda evinin Parisdən kənarda keçirdiyi ilk podium nümayişi idi. Məkanın seçimi də təsadüfi deyildi: sənaye konteynerləri, metal səthlər və yük daşımalarını xatırladan atmosfer kolleksiyanın ikinci əl əşyalar, köhnəlmiş materiallar və yenidən istifadə ideyaları ilə qurduğu əlaqəni gücləndirirdi. Lüks moda adətən özünü xüsusi məkanlarda göstərməyi sevir. Tarixi binalar, bahalı dekorasiyalar, eksklüziv qonaqlar – bütün bunlar brendin özünü gündəlik həyatdan uzaq, əlçatmaz bir dünya kimi təqdim etməsinə kömək edir.
Maison Margiela isə başqa mənzərə yaradır. Burada sənaye infrastrukturu dekorun arxasında gizlədilmir. Əksinə, məkanın sərtliyi, rəngli konteynerlər və onların funksional görünüşü nümayişin bir hissəsinə çevrilir. Vaxtilə başqa məqsədlə istifadə edilmiş əşyalar, köhnəlmiş parçalar və ilkin formasını itirmiş materiallar yeni geyimlərə çevrilir. Liman isə bu proses üçün uyğun səhnədir: burada əşyalar daim hərəkət edir, bir yerdən başqa yerə daşınır və yeni kontekstlər qazanır.
Bit bazarı, yoxsa moda arxivi?
Kolleksiyanın ən maraqlı tərəflərindən biri köhnə əşyalara münasibətdir. Maison Margiela-nın rəsmi təqdimatında gecə saatlarında canlanan Paris bit bazarı təsviri yaradılır. Burada tapılmış əşyalar əvvəlki kontekstlərindən çıxarılır və yeni formalar qazanır. Məsələn, kolleksiyada XIX əsrə aid bir rəsm əsərindən hazırlanmış Artisanal don var. Başqa bir nümunədə köhnəlmiş qobelen metal payetlərlə yenidən işlənir. Moda evinin məlumatına görə, bu qobelen üzərində əl ilə tikilən metal payetlərin işi təxminən 1000 saat çəkib.
Moda sənayesində yenilik çox vaxt yeni material, yeni məhsul və yeni istehlakla əlaqələndirilir. Yeni mövsüm gəlir, yeni kolleksiya təqdim olunur, əvvəlki mövsümün geyimləri isə tədricən diqqətdən kənarda qalır. Maison Margiela-nın yanaşması bu dövrəyə fərqli sual verir: yenilik yaratmaq üçün mütləq yeni bir şey istehsal etməliyik mi?
Geyim nə vaxt sənət əsərinə çevrilir?
İndi isə kolleksiyanın ən diqqətçəkən işlərindən birinə nəzər salaq. Nümayişdə təqdim edilən donlardan biri 150 000-dən çox qızılı sticker ulduzla örtülüb. Moda evinin məlumatına əsasən, onun hazırlanması 2975 saat davam edib. Bu, sadəcə parlaq səth yaratmaq deyil, geyimin bütün vizual quruluşunu əl əməyi ilə formalaşdırmaq deməkdir.
Moda sənətkarlığı haqqında danışanda çox vaxt tikilişin keyfiyyəti, materialın bahalılığı və texnikanın mürəkkəbliyi vurğulanır. Maison Margiela isə bu anlayışları bir qədər dəyişir. Burada geyimin dəyəri onun nə qədər rahat olması ilə ölçülmür. Hətta onu gündəlik həyatda geyinməyin nə qədər mümkün olduğu belə əsas məsələ deyil. Əsas olan materialın necə dəyişdirildiyi və bu dəyişiklik üçün nə qədər diqqət, zaman və əmək sərf edildiyidir.
Brendin dekonstruksiya fəlsəfəsi ilə də əlaqə burada üzə çıxır. Biz adətən geyimin nəticəsinə baxırıq. Amma bu cür işlər həmin nəticənin arxasında gizlənən prosesi də görünən edir, və “geyim nə vaxt sənət əsərinə çevrilir” cavab axtarır.
Gözəlliyin narahat tərəfi
Bəzi geyimlərə baxırsan və düşünürsən: bunu necə geyinmək mümkündür? Bəzilərinə baxanda isə başqa sual yaranır: bu, həqiqətən geyimdir? Glenn Martens-in yaratdığı kolleksiyada bu sualları doğuran nümunələr az deyil. Xüsusilə çini kuklanı xatırladan siluetlər və qırılmış keramika hissələrindən hazırlanmış monumental don kolleksiyanın ən qeyri-adi işləri arasındadır. Moda evinin təsvir etdiyi texnikalardan birində çini panellər əl ilə qırılır, təxminən 500 hissəyə ayrılır, kənarları yenidən işlənir və orqanza əsasın üzərində birləşdirilir. Nəticədə, sərt və kövrək keramika geyimin hərəkətli konstruksiyasına çevrilir.
Maraqlı olan budur ki, burada gözəllik rahatlıq yaratmaq üçün istifadə edilmir. Əksinə, obrazın müəyyən narahatlıq hissi doğurması onun təsirini artırır. Bizi heyrətləndirən bir şey eyni zamanda bir qədər qorxuda da bilər. Səth gözəldir, amma sərtdir. Forma dəbdəbəlidir, amma sanki hər an qırıla bilər. Model hərəkət edir, lakin geyim onu canlı insanla vitrindəki kukla arasında bir yerdə göstərir.
Maison Margiela-nın estetikası məhz bu sərhədlərdə maraqlı olur. O, gözəlliyi mükəmməlliklə eyniləşdirmir. Geyimdəki çat, qeyri-adi tekstura, köhnəlmiş səth və ya qəribə proporsiya obrazın çatışmazlığı deyil, onun əsas xüsusiyyətidir.
XIX əsr və dekonstruksiya
Kolleksiyanın başqa bir istiqaməti bizi XIX əsrin sonu və XX əsrin əvvəllərinin geyim estetikasına aparır. Uzadılmış siluetlər, Edvard dövrünü xatırladan fraklar, müəyyən qədər sərt konstruksiyalar və bədənin proporsiyalarını dəyişdirən geyimlər burada mühüm yer tutur. Amma bu vintage modaya qayıdış deyil. Maison Margiela keçmişi olduğu kimi yenidən yaratmaqla maraqlanmır. Onun üçün tarixi geyim hazır model deyil, dəyişdirilə bilən bir konstruksiyadır.
Edvard dövrünün geyimləri sosial status, nəzakət qaydaları və bədənin müəyyən formada təqdim edilməsi ilə sıx bağlı idi. Geyimin kəsimi insanın necə dayanmalı olduğunu, bədəninin hansı hissələrinin vurğulanacağını və ümumi görünüşünün necə qəbul ediləcəyini müəyyənləşdirirdi. Martens bu siluetləri müasir materiallarla və qeyri-adi konstruksiyalarla yenidən işləyir. Beləliklə, tarixi forma əvvəlki funksiyasından ayrılır və yeni vizual məna qazanır.
İnsanın ikinci dərisi
Kolleksiyanın daha texniki tərəflərindən biri Second Skin yanaşmasıdır. Moda evinin təqdimatında bu material Edvard dövründən ilhamlanan frak və ətəklə birləşdirilir.
Dəri insanın bədənini örtən, onu xarici mühitdən ayıran təbii sərhəddir. Geyim isə bu sərhədin üzərinə əlavə etdiyimiz başqa bir təbəqədir. Biz onu soyuqdan qorunmaq, rahatlıq, status, gözəllik və ya özümüzü müəyyən şəkildə təqdim etmək üçün geyinirik.
Bəs geyim bədəndə ikinci dəri kimi olsa, nə baş verər? Bu zaman paltarın funksiyası dəyişir. O, sadəcə bədənin üzərində dayanan obyekt deyil, bədən formasını yenidən müəyyənləşdirən vasitəyə çevrilir. Kolleksiyanın materialları bir-birinə birləşdirməsi də burada öz rolunu oynayır. Yumşaq və elastik səthlə tarixi dərzilik konstruksiyasının qarşılaşması iki fərqli geyim məntiqini eyni obrazda birləşdirir. Biri bədənə yaxınlaşır, digəri isə bədəni müəyyən formaya salır.
Ağ rəngin gücü
Maison Margiela haqqında danışıb Bianchetto texnikasını xatırlamamaq mümkün deyil. Bu yanaşmada geyim və əşyaların səthi ağ boya ilə örtülür. Lakin nəticə ağ rəngli məhsul yaratmaq deyil. Boya səthin üzərinə çəkilir, onun ilkin görünüşünü dəyişir və zaman keçdikcə çatlar, aşınmalar vasitəsilə altdakı materialın izlərini də üzə çıxara bilir. Brendin kolleksiyasında bu texnika dərin dekolteli uzun don üzərində də istifadə olunur.
İlk baxışda ağ rəng təmizlik, sadəlik və yeni başlanğıc təsiri yaradır. Amma Margiela üçün ağ rəng həmişə bu qədər sadə deyil. Boya əşyanın keçmişini tamamilə məhv etmir. Sadəcə onun üzərində yeni bir qat yaradır. Səthin altında əvvəlki material qaldığı kimi qalır. Zaman keçdikcə həmin qatın dəyişməsi də geyimin vizual hekayəsinə çevrilə bilər. Bu, Anonymity ideyası ilə də əlaqəlidir. Maskanın insanın üzünü örtməsi onun varlığını aradan qaldırmır. Eyni şəkildə, boya da əşyanın keçmişini tam silmir. Sadəcə, bizə onu başqa formada görmək imkanı verir.
Rebecca Hall və heç vaxt çəkilməyəcək film
Maison Margiela Anonymity üçün adi moda reklamı hazırlamaq əvəzinə, heç vaxt tammetrajlı filmə çevrilməyəcək bir trillerin treylerini təqdim edir. Thibaut Grevet-in rejissorluq etdiyi, Rebecca Hall-un baş rolda çəkildiyi film özünü maskalanmış dublyoru ilə qarşı-qarşıya tapan bir aktrisadan bəhs edir. Onların görüşləri nəyin həqiqət, nəyin isə illüziya olduğunu sorğulayır.
Təsəvvür edin ki, qarşınızda sizə çox bənzəyən başqa bir insan dayanıb. Onun üzü maskanın arxasındadır, amma varlığı sizdə qəribə bir hiss yaradır. O, sizi təqlid edir? Sizi əvəz etmək istəyir? Yoxsa əslində, sizin özünüz haqqında görmək istəmədiyiniz tərəfinizi təmsil edir?
Biz adətən öz kimliyimizi üzümüz, səsimiz, adımız və şəxsi tariximizlə əlaqələndiririk. Amma bunlardan biri dəyişsə, kimliyimiz də dəyişərmi? Başqa bir insanın bizi əvəz edə biləcəyi nöqtə haradadır?
Bunlar filmin verdiyi suallardır və onlara tək bir düzgün cavab yoxdur. Lakin moda kampaniyasının triller formasında hazırlanması kolleksiyanın ideyasını daha da genişləndirir.
Sosial şəbəkələr dövründə görünməmək dəbdə ola bilərmi?
Bu gün insanın özünü göstərməsi demək olar ki, gündəlik həyatın bir hissəsinə çevrilib. Sosial şəbəkələrdə paylaşdığımız şəkillər, seçdiyimiz geyimlər, istifadə etdiyimiz brendlər və hətta sevdiyimiz musiqilər belə özümüz haqqında müəyyən təsəvvür yaradır.
Minimalist olmaq, vintage geyinmək, müəyyən bir subkulturaya aid görünmək və ya lüks brendləri seçmək – bütün bunlar insanın özünü ifadə etmək üsullarına çevrilə bilər. Bəzən isə bu seçimlər o qədər tanınan olur ki, şəxsi üslubun özü də müəyyən bir şablona çevrilir. Maison Margiela-nın anonimlik ideyası bu vəziyyətə maraqlı alternativ təklif edir. Əgər üzümüzü gizlətsək, geyimimiz kim olduğumuzu ifadə etmək üçün yenə də kifayət edəcəkmi? Yoxsa şəxsiyyətimiz haqqında əvvəlcədən qurduğumuz təsəvvürlər dağılmağa başlayacaq?
Burada maskanın başqa bir funksiyası üzə çıxır. O, yalnız kimliyi gizlətmir, həm də tamaşaçının diqqətini başqa istiqamətə yönəldir. Üz ifadəsini oxuya bilmədiyimiz üçün materiala, siluetə, hərəkətə və geyimin konstruksiyasına daha çox diqqət yetiririk. Və beləliklə, moda nümayişinin adi qaydası dəyişir. Modelin şəxsi görünüşü arxa plana keçir, geyimin özü isə daha çox diqqət çəkir.
Bu yanaşma Martin Margiela-nın dizaynerin şəxsi şöhrətindən uzaq durmaq istəyini də xatırladır. Onun üçün yaradıcılıq müəllifin şəxsiyyətindən ayrı mövcud ola bilərdi. Glenn Martens-in rəhbərliyi altında hazırlanan bu kolleksiya həmin ideyanı yenidən müzakirəyə çıxarır.
Maskanı çıxarsaq, nə dəyişəcək?
Anonymity kolleksiyası haqqında danışmağa başlayanda biz maskalar, qeyri-adi geyimlər, köhnə materiallar və mürəkkəb sənətkarlıqdan bəhs edirdik. Çoxlu suallar verdik, vər hər sualın individual cavabı olduğunu anladıq.
Maison Margiela-nın tarixində geyim heç vaxt yalnız bədəni örtən parça olmayıb. O, həm də bədənin formasını dəyişdirən, əşyanın keçmişini göstərən, sosial qaydaları sorğulayan və tamaşaçının diqqətini başqa istiqamətə yönəldən vasitədir. Glenn Martens-in kolleksiyasında bu yanaşma müxtəlif formalarda üzə çıxır, bizə ənənəvi brendin fəlsəfəsin alternativ şəkildə təklif edir. Ondan əlavə, geyim incəsənətin tənqid edir. Moda hər zaman görünmək sənəti olub. Maison Margiela isə bizə xatırladır ki, bəzən ən maraqlı şey görünməyən tərəfdə qalır.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
