Hollywood-un ən böyük ulduzlarını bir araya gətirən tədbirlərdən danışanda, ağlımıza ilk olaraq Met Gala gəlir. Amma Academy Museum Gala da ildən-ilə moda dünyasının diqqətini daha çox cəlb edir. Oktyabrın 17-də Los-Ancelesdə keçirilən altıncı illik tədbir kino sənətinin tarixini qorumaqla yanaşı, dizaynerlər və məşhurlar üçün özlərini ifadə etmək imkanı yaratdı. Bu il isə qırmızı xalçada klassik Hollivud qlamurundan tutmuş, futuristik siluetlərə qədər hər şeyi görmək mümkün idi. Gəlin gecənin ən maraqlı 10 obrazına nəzər salaq.
Taylor Swift Jonathan Anderson-un Dior üçün hazırladığı açıq mavi libasla gecəyə qatıldı. Ən maraqlı detal isə bu, onun Travis Kelce ilə toy mərasimi üçün hazırlanan libas idi. Chopard brilyantları ilə tamamlanan obraz klassik şahzadə estetikasını xatırladırdı.
Kim Kardashianın vintaj, tarixi olan obrazları sevdiyini hamı bilir. Law Roach tərəfindən stilizə edilən ulduz 1951-ci ilə aid arxiv Balenciaga libasını seçdi. Krujeva, çəhrayı atlas lent və arxadakı böyük bant köhnə Hollywood qlamurunu qaytarırdı. Üstəlik, 65 karatdan çox brilyant! Kim-in Elizabeth Taylor-a olan heyranlığı nəzərə alınanda, bu obrazın vintage seçimindən daha artıq məna daşıdığı aydın olur.
Schiaparelli-nin kreativ direktoru Daniel Roseberry Teyana Taylor-dan sanki bir muzey eksponatı hazırlamışdı. Açıq mavi, anatomik formalı üst hissə və şəffaf, güllərlə bəzədilmiş ətək 2026-cı ilin payız-qış kutyur kolleksiyasından idi. Teyana bu libasda qeyri-adi, sanki incəsənət sərgisinin incisi kimi görünürdü.
Naomi Ackie Balenciaga-nın həcmli, straplez libası ilə klassik qırmızı xalça qaydalarını bir qədər kənara itələdi. Bənövşəyi rəng, qat-qat ətək və şişirdilmiş siluet obrazı dərhal yadda qalan oldu. Blink Twice, Mickey 17 kimi filmlərin ulduzu bu seçimi ilə gecənin ən yadda qalan simalarından oldu.
Qorxu filmlərinin kraliçası Mia Goth Dior-un qara, payetli libasını seçdi. Qırmızı xalçada biz adətən parıltı görməyə öyrəşmişik. Amma burada əsas olan qaranlıq və bir qədər sirli estetikalı libas idi. Mia-nın obrazı Hollywood qlamurundan daha çox qotik kino qəhrəmanını xatırladırdı. Və etiraf edək ki, bu, onun ekran obrazlarına da kifayət qədər yaraşır.
Stranger Things serialının ulduzu Maya Hawke Prada-nın kristallarla bəzədilmiş, bədən boyunca uzanan libasını geyinmişdi. Böyük həcmli ətək və dramatik dekor əvəzinə uzun, düz siluet seçilmişdi. Nəticə olaraq bəzəklər diqqəti öz üzərinə çəkir, amma obrazın ümumi görünüşü sakit qalır. Və bu eklektik tarazlıqda Prada-nın DNA-sı hiss olunur.
Alexa Demie Matthieu Blazy-nin Chanel üçün hazırladığı xüsusi libasla göründü. Amma obrazın ən vacib hissəsi təkcə geyim deyildi: uzun, tam düz saçlar və ortadan ayrılmış saç düzümü Cher-in məşhur çıxışlarını yada salırdı. Və əlbəttə ki, bu təsadüfi nostalji deyil – tam olaraq bir pop-mədəniyyət obrazına istinaddır. Və, Euphoria serialının ulduzu bu obraza yeni bir həyat vermiş oldu.
Alessandro Michele Kendall Jenner üçün Valentino-nun xüsusi libasını hazırladı. Qara-ağ xalların müxtəlif ölçülərdə birləşməsi klassik naxışı daha oynaq göstərirdi. Burada nə sürrealist bədən zirehi var, nə də kilometrlərlə uzun ətək. Sadəcə düzgün seçilmiş naxış və onu daşımağı bacaran siluet. Üstəlik, obraz Danielle Goldberg tərəfindən stilizə edilmişdi.
Cole Escola Matthieu Blazy-nin Chanel üçün hazırladığı 2025 Métiers d’art kolleksiyasından libas geyindi. David Moses tərəfindən stilizə edilən obraz sarışın saç düzümü ilə Barbara Eden-i xatırladırdı. Maraqlısı budur ki, gecə sosial şəbəkələrdə Escola-nın görüntüsü Taylor Swift-lə müqayisə olunurdu. Ondan əlavə, çoxu Escola-nı və onunla işləyən komandanı tərif edərək obrazı gecənin «ən kreativ» adlandırdı.
Charlize Theron Tom Ford-un şəffaf qara libası ilə gecəyə qatıldı. Geometrik krujeva detalları və yüksək yarıq klassik qara ziyafət geyimini daha cəsarətli edirdi. Amma burada bir başqa məqam da var: Charlize həmin gecə Academy Museum-un Icon Award mükafatına layiq görülmüşdü, – və bu onu gecənin əsas qəhrəmanlarından biri edir.
Academy Museum Gala-nın qırmızı xalçası bir daha göstərdi ki, moda eyni anda həm arxiv, həm teatr, həm də şəxsi ifadə forması ola bilər. Amma ən maraqlısı isə bizi qarşıda gözləyir: bu gecədən sonra hansı obrazın yadda qalaraq pop-mədəniyyət tarixində yer tutacaq?
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
