Hər kitabın arxasında bir sual dayanır. Tərlan İsgəndərovun təqdim etdiyi ilk roman “İkinci Şans” da isə bu suallar bir neçədir. İnsan dəyişə bilərmi, keçmişi arxada qoymaq mümkündürmü, qərarlarımız bizi kim edir və hər kəs ikinci şansa layiqdirmi?
“İkinci Şans” bu suallara hazır cavab verməyəcək, elə bunun üçün də oxucunun yadında qalacaq. Süjetdən danışmayacağıq, çünki bu kitab izah olunmaq üçün yox, yaşanmaq üçün yazılıb. Romanı oxuyanlar hekayənin sonunda özlərinə də bir neçə sual verəcək, bəlkə də cavabları fərqli tapacaq. Yaxşı ədəbiyyat da elə budur. Hökm çıxarmaq yox, düşünmək!
Tərlan İsgəndərovla romanın necə doğulduğunu, yazı masasının arxasında nələr düşündüyünü, ədəbiyyata necə baxdığını və “İkinci Şans”ın onun üçün nə demək olduğunu danışdıq. Kitab barədə eksklüziv müsahibəni aşağıda təqdim edirik.
İkinci Şans” sizin ilk romanınızdır. Bu adı seçəndə artıq romanın bütün hekayəsi formalaşmışdı, yoxsa ad yazı prosesində meydana çıxdı?
Əslində, romanı yazmağa başlayanda onun adı yox idi. “İkinci Şans” adı prosesin əvvəlindən müəyyənləşdirdiyim bir seçim deyildi. Sonradan romanın mahiyyəti üzərində düşündükcə bu adın əsərin ruhuna ən çox uyğun gələn variant olduğunu hiss etdim.
Etiraf edim ki, ilk baxışda bir qədər şablon səslənə bilər. Amma bəzən sadə və birbaşa adlar məhz ona görə daha doğru olur ki, əsərin əsas ideyasını əlavə izaha ehtiyac olmadan ifadə edə bilir. Mənim üçün “İkinci Şans” da məhz belə bir addır və romanı tamamladıqca bu adın doğru seçim olduğuna daha çox əmin oldum.
Bu romanı yazmağa sizi ilk olaraq nə vadar etdi? Bir fikir, bir insan, bir hiss, yoxsa uzun müddət sizi düşündürən bir sual?
Romanın yaranmasında “paralel dünyalar” düşüncəsinin xüsusi yeri var. Mən özümü bəzən olduğum heç bir yerə tam aid hiss etmirəm. Bu, iş yeri də ola bilər, yaşadığım ev də, məhəllə də. Fiziki olaraq bir məkanda olsam da, daxilən sanki başqa bir yerdə, başqa bir dünyada yaşayıram.
Məhz bu aidiyyətsizlik hissi, insanın özünü olduğu yerə tam yerləşdirə bilməməsi və başqa bir həyatın, başqa bir reallığın mümkünlüyünü düşünməsi zamanla məndə bir hekayəyə çevrildi. “İkinci Şans” da müəyyən mənada həmin hisslərin içindən doğuldu.
Bir müəllifin yaratdığı obraz üzərində tam hakimiyyəti olmalıdırmı? Yoxsa müəyyən mərhələdən sonra obraz müəllifin planından çıxıb öz xarakterinə uyğun hərəkət etməyə başlayır?
Çətin sualdır. “İkinci Şans”da obrazların dünyaya baxışı bir-birindən kifayət qədər fərqlidir. Onlardan biri hekayə boyunca öz saflığını və daxili dünyasını qoruyur, digəri isə yaratdığı narsist maskadan demək olar ki, heç vaxt vaz keçmir.
Mənim üçün maraqlı olan məqam isə bu ziddiyyəti qorumaq idi. Oxucunun mənfi qəbul edə biləcəyi bir obrazı mümkün qədər mərhəmətli göstərsəm belə, onun xarakterini dəyişdirib asanlıqla başqa birinə çevirmək istəmədim. Müəllif olaraq ona müəyyən qədər anlayış və mərhəmət verə bilərdim, amma onun seçimlərini əvəz edə bilməzdim.
İkinci Şansı yazarkən özünüzdən nələri əlavə etdiniz?
O qədər ki, hətta özüm də romanda yer almışam. Amma bunu qonaq obraz kimi etmişəm və kim olduğunu deməyəcəyəm. Oxucular həmin məqama çatanda bunu onsuz da anlayacaqlar. İndidən həmin sirri açmaq istəmirəm.
Ümumiyyətlə, romanda real həyatda qarşılaşdığım bəzi dialoqlardan da istifadə etmişəm. Bəzi səhnələri oxuyarkən insanın ağlına istər-istəməz belə bir sual gələ bilər: “Bu dialoq həqiqətən baş veribmi?” amma bəli bu dialoq həqiqətən də olub.
Hətta ağır və inanılması çətin görünən məqamlarla qarşılaşanda belə oxucu onların tamamilə uydurma olduğuna əmin ola bilməyəcək. Mən də bu sərhədi bilərəkdən bir qədər qeyri-müəyyən saxlamışam.
Gələk obrazlara kitabda onların siması var onlar gerçək insanlardan və ya hadisələrdən ilhamlanaraq yaradılıb?
Bəli, Ran obrazını yaradarkən real həyatda tanıdığım, bir insandan müəyyən mənada ilham almışam. Amma kitabdakı Ran həmin insanın surəti deyil. Onların ortaq cəhətləri əsasən narsistik və manipulyativ davranışları, eləcə də keçmiş travmalarıdır. Bunun xaricində Ran mənim düşüncələrim və bədii təxəyyülümlə formalaşmış tamamilə fərqli bir obrazdır.
Mənim məqsədim kiminsə həyatını qələmə almaq yox, insanın xarakterinin arxasında nələrin dayana biləcəyini göstərmək olub. Bu səbəbdəndir ki, əsərimi “Psixoloji Triller” adlandıram. Ran-ı anlamaq onun səhvlərinə haqq qazandırmaq demək deyil. İstəyirəm ki, oxucu onun keçmişini anlasın, amma bu, verdiyi qərarları sorğulamasına mane olmasın.. Ranın simasını yaradarkən isə, həm onun həm də, vizual olaraq cəlbedici birinin simasından istifadə etmişəm.Vizual baxımdan isə, Raslan obrazını yaradarkən sosial çevrəmdən tanıdığım bir insandan ilham almışam. Çünki xəyalımda canlandırdığım obrazın xarakteri və görünüşü həmin insanla demək olar ki, eynilik təşkil edirdi. Hətta onunda çantasında Raslan kimi, fəlsəfə kitabı olur.
Qısaca Ran xasiyyət olaraq mövcuddur, Raslan isə görünüş olaraq. ikisinin də bir birinə vizual olaraq bənzəməsi isə mənim üçün də, təəccüb olmuşdu.
Əgər oxucular Ran haqqında sizin düşündüyünüzdən tamamilə fərqli nəticəyə gəlsələr, bunu müəllif kimi qəbul edə biləcəksinizmi?
Bax ikinci şans da məhz budur. Çünki bilirəm ki, oxuyucu mənim qədər ona qarşı mərhəmətli olmayacaq.
Əsas xəttdə Raslan obrazı yer alır. Onu necə dəyərləndirirsiniz?
O, Ran-dan fərqli olaraq daha saf və daha həssas görünə bilər. Amma məncə, oxucunun onu yalnız bu tərəfdən dəyərləndirməsi düzgün olmaz. Raslanın öz həqiqəti, öz zəiflikləri və öz seçimləri var. Mənim üçün onu maraqlı edən də məhz budur. Amma niyə bilmirəm mən Raslanı sevmirəm.
Kitabı yazarkən “bunu mütləq oxucu görməlidir” dediyiniz, amma açıq şəkildə izah etmədiyiniz məqamlar varmı?
Bəli, romanda detektiv elementlər də yer alır və X və O bu xəttin əsas sirrlərindən biridir. Onların kimliyi ilə bağlı oxucuya hazır cavab vermək istəməmişəm. Əksinə, istəyim odur ki, oxucu müəyyən detalları bir-biri ilə əlaqələndirsin, ehtimallar irəli sürsün və öz nəticəsinə gəlsin.
Mənim üçün maraqlı olan məqam da məhz budur: oxucu X və O-nun kimliyini nə vaxt anlayacaq? Hansı detal onun üçün dönüş nöqtəsi olacaq? Bəlkə də bəzi oxucular bunu kifayət qədər tez müəyyən edəcək, bəziləri isə romanın sonuna qədər fərqli ehtimallar arasında qalacaq.
Romanı yazarkən hansı məqamda “artıq bu hekayə mənim nəzarətimdən çıxıb” hissini yaşadınız?
Çətin idi. Hətta bir obraz var ki, onun ölümü məni müəllif kimi özüm də ciddi şəkildə sarsıtdı. Bir müddət yazmağı dayandırdım. Çünki onu öldürmək mənim əvvəlcədən verdiyim bir qərar deyildi. Əksinə, həmin nöqtəyə gəlib çatanda mən də bunun qarşısında aciz qaldım.
Roman haqqında ən çox hansı yanlış anlaşılmanın yaranmasını istəməzdiniz?
Düşünürəm ki, insanlar bu kitabı oxumalıdır. Və inanıram ki, oxuyan hər kəs öz daxili gücünü kəşf edəcək. Lakin xüsusilə finala yaxın hissələrdə hadisələrin bəzən iki, hətta dörd dəfə daha sürətli irəlilədiyi hiss olunur. Bunun səbəbi isə romanı süni şəkildə uzatmaq istəməməyim idi. Müəyyən məqamdan sonra artıq hekayənin hara getdiyini bilirdim və əlavə təsvirlərlə, lazımsız səhnələrlə oxucunu həmin nəticəyə aparmağın doğru olmadığını düşündüm.
Ona görə də birbaşa finala keçdim. Bəlkə də bəzi oxucular üçün bu keçid sürətli görünəcək. Amma mənim üçün əsas məsələ romanı uzun etmək yox, hekayəni tamamlayıb demək istədiyimi sona çatdırmaq idi.
Raslana qarşı niyə qəzəblisiniz?
Hekayənin mənim üçün əsas xətti Raslanın öz daxilindəki gücü kəşf etməsi olub. Hətta bu hekayəni yazmağa başlamazdan əvvəl, dəfələrlə beynimdə ssenari kimi canlandıranda belə, əsas ideya onun öz potensialının fərqinə varması idi. Amma Raslan bir nöqtədən sonra öz gücünü kəşf etmək əvəzinə, səbəblərə təslim olmağı seçir.
Mənim onu antiqəhrəman adlandırmağımın səbəbi də məhz budur. Raslan bir yerdən sonra özü olmaqdan vaz keçir. Halbuki onun heç kimə söykənmədən, heç kimin kölgəsində qalmadan, təkbaşına nələrə qadir olduğunu sübut etmək imkanı var idi. Ancaq o, öz gücünə inanmaq əvəzinə, gəlib onu xilas edəcək bir qəhrəman gözləyir.
Amma həmin qəhrəman Ran deyil. Çünki Raslan Ran üçün müstəqil bir fərd deyil, onun həyatında sahib olmaq istədiyi kolleksiyanın bir parçasıdır. Ən maraqlısı isə budur ki, finalda Raslan öz ayaqları üzərində dayanmağı seçmək əvəzinə, məhz həmin kolleksiyaya aid olmağı qəbul edir.
Mənim öz yaratdığım obraza qarşı bu qədər qəzəbli olmağımın səbəbi də elə budur. Çünki Raslanın potensialını, daxilindəki gücü və nələr edə biləcəyini bilirəm. Onun bacarıqsızlığına deyil, bacara biləcəyi halda özündən vaz keçməsinə qəzəblənirəm.
Bir müəllif kimi sizi daha çox qorxudan obraz hansıdır?
Səma çox qəliz obrazdır. Sağının, solunun bəlli olmadığını deyə bilərəm. Digər obrazlar müəyyən qədər reallığı əks etdirsə də, Səma tamamilə fərqlidir.
Düşünürəm ki, sırf onun həyatından bəhs edən ayrıca bir davam əsəri yaza bilərəm. Çünki Səma çox ağıllı, güclü, təslim olmağı sevməyən və təhlükəli obrazdır. Üstəlik, bilərəkdən riskə getməyi sevir. Əsərin sonunda da məhz belə bir addım atır.
Burada söhbət sevgidən yox, güc mübarizəsindən gedir.
Sizcə, oxucular İkinci Şans romanını necə qarşılayacaqlar? Onların kitabı bəyənəcəyinə inanırsınızmı?
Mən ümumiyyətlə, sosial şəbəkələrdə hər hansı paylaşım edəndə özüm bəyənirəmsə, insanların da bəyənəcəyini düşünürəm. Və maraqlıdır ki, çox vaxt belə də olur. İkinci Şans haqqında da əminliklə deyə bilərəm ki, oxucuların böyük marağına səbəb olacaq. Çox cürətkar addımlar var.
Düşünürəm ki, Azərbaycan ədəbiyyatında uzun müddətdir bu üslubda bir əsər ortaya qoyulmayıb. Həm müasir, həm də oxucunu düşündürən bir hekayədir. Üstəlik, romanda bir neçə janrın elementləri birləşir: bir az fantastika, bir az detektiv, bir az aksiyon, bir az da dram. Amma maraqlısı budur ki, bütün bunların içində ənənəvi mənada bir sevgi xətti yoxdur.
Hətta arzum budur ki, bir gün bu roman əsasında serial çəkilsin. Xüsusilə də Emil Quliyevin bu hekayəni ekranlaşdırmasını çox istərdim. Düşünürəm ki, İkinci Şans ekran üçün də maraqlı material ola bilər.
Son olaraq yeni bir roman gələcəkmi?
Hələ tezdir lakin ikinci kitabım üzərində çalışıram. Adı hələ ki sirr olaraq qalsın. O tamam fərqli olacaq. Və daha ağır.
Mən «İkinci Şans»ın hekayəsinin gücünə inanıram. Çünki burada söhbət yalnız narsistik münasibətlərdən, qarşıdurmalardan və şəxsiyyət travmalarından getmir. Bunlar hekayənin bir hissəsidir, mahiyyəti deyil.
Mənim üçün bu əsərin əsas xətti insanın öz daxilindəki gücü kəşf etməsidir. İnsan bəzən özünü qorxularının, keçmişinin və yaşadıqlarının əsiri hesab edir. Elə bilir ki, onu müəyyən edən də məhz bunlardır. Amma bəzən həyatın qarşımıza çıxardığı ən çətin sınaqlar özümüz haqqında bildiklərimizi dəyişir.
«İkinci Şans» mənim üçün insanın kim olduğunu yenidən kəşf etməsi, öz sərhədlərini aşması və içində olduğunu belə bilmədiyi güclə üzləşməsi haqqında hekayədir.
Tərlan İsgəndərovla söhbətimiz burada başa çatır, amma “İkinci Şans”ın qaldırdığı suallar bitmir.
Müəllif cavab verməkdən çox, düşünməyə sövq edir. O, obrazlarına mərhəmətlə yanaşıb, amma oxucunun eyni mərhəməti göstərməyəcəyini də bilir. Bəlkə də ikinci şans məhz buradadır: hər oxucu öz hökmünü çıxarmaq və ya çıxarmamaq seçimi qarşısında qalır.
Kitabı oxuyub bitirəndə Ran, Raslan və ya Səma haqqında fikriniz müəllifinkindən fərqli ola bilər. Bu da yaxşıdır, çünki yaxşı ədəbiyyat hazır cavab vermir, sual qoyur.
Vaxt ayırıb bizimlə söhbət etdiyinə görə Tərlan İsgəndərova təşəkkür edirik və ilk romanında uğurlar arzulayırıq. Sizi də “İkinci Şans”la baş-başa buraxırıq.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
