Skip to content

Dynamix Magazine

Dynamix Magazine ilə 2000-ci illərə səyahət

Bu gün xəbər lentləri süni intellekt, TikTok, striminq platformaları, alqoritm müharibələri və sosial şəbəkələrin böhranı ilə doludur. Lakin fikrən 2000-ci illərin ortalarına qayıtsaq, dünya tamamilə fərqli görünərdi.

Bəs həmin dövrdə yaşasaydıq, bu gün gündəmimizdə hansı xəbərlər olardı?

MODA

2000-ci illərin başlanğıcı Y2K (Year 2000) estetikasının yüksəlişi ilə yadda qaldı. Bu üslub metallik çalarlar, parlaq parçalar və texno-futuristik elementlərlə xarakterizə olunurdu. Yeni minilliyin başlanğıcı texnoloji inkişaf və iqtisadi artımla müşayiət olunduğundan cəmiyyətdə gələcəyə böyük nikbinlik hökm sürürdü. Dəbdə zənginliyi nümayiş etdirən qlamur üslub ön plana çıxmışdı. Juicy CoutureVon Dutch dövrün əsas brendlərinə çevrilmiş, loqomaniya isə moda sənayesinin ayrılmaz hissəsi olmuşdu.

Moda evləri də öz parlaq dövrlərini yaşayırdı. Tom Fordun rəhbərliyi altında Gucci seksual cazibənin simvoluna çevrilərək məxmər, atlas, dərin dekolte və dəbdəbəli qlamur estetikasını formalaşdırdı. Diorun kreativ direktoru John Galliano teatrı, yüksək modanı və incəsənəti bir araya gətirərək əfsanəvi Dior Saddle Bag modelini yaratdı.

2003-cü ildə Louis Vuittonun kreativ direktoru Marc Jacobs yapon rəssamı Takashi Murakami ilə əməkdaşlıq etdi və nəticədə Monogram Multicolore kolleksiyası meydana gəldi. Bu kolleksiya təkcə brendin deyil, bütövlükdə moda sənayesinin gələcək inkişaf istiqamətlərindən birini müəyyənləşdirdi.

Eyni zamanda, 2000-ci illər moda dünyasında yeni simaların yüksəliş dövrü idi. Phoebe Philo (Chloé, sonradan Celine), Nicolas Ghesquière (Balenciaga) və bir çox digər dizayner məhz həmin illərdə beynəlxalq nüfuz qazandı.

Azərbaycanda da moda düşüncəsi yeni mərhələyə qədəm qoyurdu. Dizayner Fəxriyyə Xələfova kolleksiyadan kolleksiyaya Avropa yüksək modasını Azərbaycan milli ornamentləri və ənənəvi geyim elementləri ilə birləşdirən konsepsiyanı inkişaf etdirirdi. Onun dəfilələri təkcə Azərbaycanda deyil, Fransada keçirilən Oriental Fashion Show və İtaliyadakı Milan Fashion Show kimi beynəlxalq tədbirlərdə də nümayiş olunurdu.

POPULYAR MƏDƏNİYYƏT

2000-ci illərin əsas simaları arasında Britney Spears, Paris Hilton, Lindsay Lohan, Eminem, Nicole Richie, Angelina JolieJennifer Aniston kimi adlar vardı. Onlar dəb və pop-mədəniyyət meyillərini müəyyənləşdirir, şou-biznesin ən çox müzakirə olunan simalarına çevrilirdilər.

2001-ci ildə Harry Potter kitabları əsasında çəkilən film seriyasına start verildi. Layihə Daniel Radcliffe, Emma Watson, Rupert GrintTom Feltonu dünya ulduzlarına çevirdi. Yazıçı J. K. Rowling isə dünyanın ən çox qazanan müəlliflərindən biri oldu.

İnternetin sürətlə yayılması ilk böyük sosial şəbəkələrin yaranmasına səbəb oldu: 2003-cü ildə MySpace, 2004-cü ildə Facebook, 2005-ci ildə YouTube, 2006-cı ildə isə Twitter istifadəyə verildi. Bu platformalar insanlar arasında qlobal ünsiyyət imkanlarını genişləndirərək fikir, foto və videolar vasitəsilə özünüifadənin əsas məkanlarına çevrildi. 2001-ci ildə fəaliyyətə başlayan Wikipedia isə məlumat əldə etmək üsullarını kökündən dəyişdirən ən məşhur onlayn ensiklopediyalardan birinə çevrildi.

Video oyunları da kütləvi mədəniyyətin ayrılmaz hissəsinə çevrildi. GTA: San Andreas, World of WarcraftThe Sims 2 kimi oyunların, eləcə də PlayStation 3Xbox 360 konsollarının təqdimatı oyun sənayesini yeni mərhələyə çıxardı.

Azərbaycanda isə 2005-ci ildə Lider TVMurad Dadaşovun təqdimatında Maşın Şou layihəsi yayıma başladı və qısa zamanda ölkənin ən böyük televiziya fenomenlərindən birinə çevrildi. İlk üç mövsümdə avtomobil uğrunda mübarizə aparanlar adi vətəndaşlar idi. Sonrakı mövsümlərdə isə layihəyə şou-biznes nümayəndələri qoşuldular. Veriliş müxtəlif illərdə Lider (2005–2011), ATV (2013, 2017–2019)ANS (2015) kanallarında yayımlandı.

2007-ci ildə Steve JobsApple ilk iPhoneu təqdim etdilər. Sensor ekranlı bu cihaz mobil telefon anlayışını tamamilə dəyişərək smartfon erasının əsasını qoydu. Qısa müddət sonra Samsung, Nokia və digər istehsalçılar da bu istiqamətdə öz cihazlarını təqdim etməyə başladılar.

Həmin il BAKU jurnalının ilk nömrəsi nəşr olundu. Jurnal Azərbaycanı insanları, ənənələri və mədəni hadisələri vasitəsilə təqdim edərək ölkəni Şərqlə Qərbin qovuşduğu məkan kimi göstərirdi.

2008-ci ildə Twilight filminin ekranlara çıxması qotik estetikanı yenidən populyarlaşdırdı, emo və qot submədəniyyətlərinə yeni nəfəs verdi və franşizanı dünyanın ən uğurlu layihələrindən birinə çevirdi.

Həmin il Azərbaycan ilk dəfə Belqradda keçirilən Avroviziya Mahnı Müsabiqəsində iştirak etdi. Elnur Hüseynov və Samir Cavadzadə Day After Day mahnısı ilə mələk və şeytan obrazlarını əks etdirən yaddaqalan səhnə performansı nümayiş etdirərək 8-ci yeri tutdular. Bir il sonra isə Moskvada keçirilən Avroviziya-2009 müsabiqəsində Aysel & Arash Always mahnısı ilə 3-cü yerə layiq görüldü və Azərbaycanı müsabiqənin əsas musiqi güclərindən birinə çevirdi.

2009-cu il isə bütün dünya üçün matəm ili oldu. Pop musiqisinin kralı Michael Jacksonun vəfatı qlobal hadisəyə çevrildi və onun yaradıcılığı sonrakı illərdə saysız-hesabsız musiqiçi və incəsənət xadiminə təsir göstərdi.

KİNO

2000-ci illər televiziya sənayesində klassik sitcomlardan daha mürəkkəb və çoxqatlı dramatik seriallara keçid dövrü oldu. Məhz bu illərdə The Sopranos, Lost, Breaking Bad və digər kult seriallar meydana çıxdı.

2001-ci ildə Tahir İmanovun təsis etdiyi Planet Parni iz Baku studiyası fəaliyyətə başladı. Məhz bu studiyada Azərbaycanın ən məşhur komediya filmlərindən sayılan Məhəllə (2003), Məhəllə 2 Moskvada (2004) və Məşədi İbad 94 (2005) ekranlaşdırıldı.

The Lord of the Rings trilogiyası dövrünün ən uğurlu kino layihələrindən birinə çevrildi. 2004-cü ildə nümayiş olunan The Return of the King filmi 11 Oscar mükafatı qazanaraq kino tarixinin ən çox Oscar alan filmlərindən biri oldu.

2008-ci ildə superqəhrəman filmləri yeni mərhələyə qədəm qoydu. Marvel Kinematoqrafiya Kainatının (MCU) ilk filmi Iron ManChristopher Nolanın rejissorluğu ilə çəkilən The Dark Knight eyni ildə nümayiş olundu. Bu filmlər superqəhrəman janrına münasibəti kökündən dəyişərək onu daha ciddi və prestijli kino janrlarından birinə çevirdi.

MUSİQİ

2000-ci illər pop musiqisinin, hip-hopun, R&B və alternativ rokun yüksəliş dövrü idi. Musiqi getdikcə daha açıq şəkildə siyasət, seksual azadlıq, gender problemləri və insan hüquqları kimi mövzulara toxunur, özünüifadənin mühüm vasitəsinə çevrilirdi.

2000-ci illər Azərbaycan pop musiqisi üçün də dönüş dövrü oldu. Bu illərdə Zülfiyyə Xanbabayevanın Sən gedən gündən (2002) albomu işıq üzü gördü, 2005-ci ildə Röya Ayxan və Elşad Xosenin məşhur Gəl danış mahnısı yayımlandı. Tünzalənin debüt albomu Sevdi can səni (2002), Natavan Həbibinin isə ilk sinqllərindən biri olan Bezdim (2007) dinləyicilərə yeni musiqi üslubları təqdim etdi.

2002-ci ildə Christina Aguilera Stripped albomunu təqdim etdi. Albom qadın seksualığı, bədənini qəbul etmək, qadın müstəqilliyi və yetkinləşmə mövzularını ön plana çıxarır, eyni zamanda bodipozitivlik və seksizmlə mübarizə kimi məsələlərə toxunurdu.

Həmin il t.A.T.u. qrupunun 200 km/h in the Wrong Lane albomu işıq üzü gördü. Albom iki qız arasındakı münasibət, insan hüquqları, cəmiyyət tərəfindən qınanma və zorakılıq kimi mövzulara müraciət edirdi.

2004-cü ildə Green Day American Idiot albomunu buraxdı. Albom 11 sentyabr terror aktlarından sonrakı dövrə reaksiyanı əks etdirir, George W. Bush administrasiyasını, İraq müharibəsini, Amerika mediasını və istehlak cəmiyyətini tənqid edirdi.

2007-ci ildə underground hip-hop qrupu **H.O.S.T.**un debüt albomu Proloq işıq üzü gördü. Albom sosial etirazın, fəlsəfi düşüncələrin və ictimai normalara qarşı üsyanın konseptual manifestinə çevrildi. Proloq Azərbaycan repində dönüş nöqtələrindən biri olaraq diqqəti əyləncə yönümlü musiqidən sosial poetikaya və dərin psixoloji məzmuna yönəltdi. Poetik mətnləri, qaranlıq atmosferi və kompromissiz üslubu ilə albom H.O.S.T.un sonrakı yaradıcılığının təməlini qoydu və 2000-ci illərin sonlarında Azərbaycan gəncləri arasında yeni bir hərəkatın formalaşmasına təsir göstərdi.

Həmin il Britney Spears karyerasının ən mühüm albomlarından biri olan Blackoutu təqdim etdi. Albom qadın seksualığını və azadlığını ön plana çıxararaq klub mədəniyyətinin simvollarından birinə çevrildi.

2008-ci il isə Lady Gaganın ili oldu. Onun The Fame albomu sənətçini qlobal ulduza çevirdi.

2000-ci illər Aygün Kazımovanın yaradıcılığında da ən uğurlu dövrlərdən biri oldu. Məhz bu illərdə Sevgi gülləri (2002), Şəklimi çək (2003), Sevərsənmi (2005) və Yenə tək (2008) albomları işıq üzü gördü və onu müasir Azərbaycan musiqisinin ən əfsanəvi ifaçılarından birinə çevirdi.

Oxşar uğuru İradə İbrahimova da yaşadı. Onun Qəm Qalası (2002), Get (2003), Bahar Çiçəyi (2004) və Yaşananlar (2007) adlı studiya albomlarının hamısı məhz bu dövrdə yaradıldı. Televiziya və radioda böyük populyarlıq qazanan bu albomlar İradə İbrahimovanı Azərbaycan estradasının ən önəmli pop müğənnilərindən birinə çevirdi.

Azərbaycan musiqi və pop mədəniyyətinin ən parlaq simalarından biri də Elnarə Xəlilova idi. 2000-ci illərdə o, Azərbaycan pop musiqisinin yeni nəslinin əsas nümayəndələrindən birinə çevrildi. Karyerasına Vaqif Gərayzadənin yaratdığı W-Trio qrupunda Röya AyxanNatavan Həbibi ilə birlikdə başlayan Elnarə qısa müddət sonra solo fəaliyyətə keçdi və 2003-cü ildə yayımlanan Bilməzdim mahnısı ilə ölkə miqyasında məşhurluq qazandı.

Daha sonra PəncərəSeyrçi kimi məşhur mahnıları, həmçinin Anar NağılbazDəyirman qrupu ilə birgə layihələri işıq üzü gördü. Müasir klipləri, Avropa R&B üslubunu Şərq melodikası ilə birləşdirməsi və Qal (2008) albomu sayəsində Elnarə həmin dövrün ən yenilikçi Azərbaycan pop ifaçılarından biri kimi mövqeyini möhkəmləndirdi.

İNCƏSƏNƏT

Dünya Banksy adını tanıdı. Bristoldan olan anonim küçə rəssamı cəsarətli trafaret qraffitiləri və sənət aksiyaları ilə küçə sənətini beynəlxalq qalereyaların və hərracların diqqət mərkəzinə gətirdi.

2000-ci ildə Bakı İçərişəhəri, Şirvanşahlar SarayıQız Qalası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. 2003-cü ildə isə Azərbaycan muğamı UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şedevri elan olundu.

2007-ci ildə Azərbaycan ilk dəfə Venesiya Müasir İncəsənət Biennalesində milli pavilyonunu təqdim edərək gənc azərbaycanlı rəssamları beynəlxalq auditoriyaya tanıtdı və ölkənin müasir bədii yanaşmalarını nümayiş etdirdi.

Eyni zamanda rəqəmsal incəsənət də sürətlə inkişaf etməyə başladı. Qrafik planşetlərin yayılması və Photoshop proqramının geniş istifadəsi rəqəmsal rəssamlıq və konsept-artın inkişafını sürətləndirərək onları müasir təsviri sənətin mühüm istiqamətlərinə çevirdi.

Məhz buna görə də 2000-ci illər sadəcə nostalji doğuran bir dövr deyil. Bu illər bu gün də həyatımızda hiss etdiyimiz, oxumağa, dinləməyə və izləməyə davam etdiyimiz canlı rəqəmsal və mədəni kodun formalaşdığı bir epoxadır.

Bəlkə də ən maraqlısı budur: bu gün bizim üçün adi görünən bir çox şey 2000-ci illərdə ilk dəfə xəbər başlığı idi. iPhone yeni çıxmışdı, Facebook yenicə yaranmışdı, YouTube hələ körpə idi, sosial media anlayışı isə gələcəyin vədi kimi görünürdü.

O dövrün insanı bugünkü dünyaya baxsaydı, yəqin ki, bizim 2000-ci illərə baxdığımız qədər təəccüblənərdi.