Skip to content

Dynamix Magazine

Elton Salimin “Öz Diyarına” səyahət

“Səs Azərbaycan” layihəsi ilə tanınan Elton Salim “Öz Diyarım” adlı debüt ekran işini təqdim edib.

Bizə də bu istedadlı, xarizmatik və yaradıcı gəncin “diyarı” maraqlı gəldi. Elə buna görə də onun yeni işinə bir qədər fərqli prizmadan baxmaq lazımdır.

“Yaradıcı” dedikdə isə heç də yanılmamışıq. Belə ki, “Öz Diyarım” mahnısının söz və musiqisi Elton Salimin özünə məxsusdur. Layihənin mix&mastering işlərini Ali Rüstəmbəyli, klipin vizual dünyasına rəng qatan isə Asya Səfərdir.

Layihənin əsas yükünü üzərinə götürən Eltonun bizə mahnı vasitəsilə demək istədiyi xüsusi bir mesajın olduğunu düşünürük. Elə isə gəlin, “Öz Diyarım”a bir qədər yaxından baxaq.

“Öz Diyarım” iki aşiqin fərqli dünyalarından başlayan, lakin tərəflərdən birinin digərindən hələ də tamamilə vaz keçə bilmədiyi bir sevgi hekayəsidir.

Burada qəhrəmanımız münasibətdə söz sahibini qarşı tərəfə buraxır:

“Bu məhkəmədə elə hakim sənsən, yarım.”

Bu misra münasibətin taleyini müəyyənləşdirən son qərarın qarşı tərəfin əlində olduğunu göstərir. Ardınca gələn:

“Son söz ölüm fərmanım”

misrası isə qəhrəmanın hisslərindən geri çəkilmək niyyətində olmadığını göstərir. O, münasibətin bitib-bitməyəcəyinə özü qərar vermir. Sadəcə qarşı tərəfdən bir cavab, bir addım gözləyir.

Mahnının ikinci hissəsində romantik dram bir qədər gündəlik həyatın içinə daxil olur.

“Alooo, zəng çatmır sənə?” sualı və “bir addım at mənə” çağırışı ayrılıq yaşamış insanların kifayət qədər tanış olduğu həmin vəziyyəti mahnının mərkəzinə gətirir.

Burada böyük jestlərdən, möhtəşəm etiraflardan söhbət getmir. Sadəcə bir addım lazımdır.

Bəzən münasibətlərdə ən çətin şey də məhz həmin bir addımdır.

“Sənin öz diyarın, mənim öz diyarım”

Nəqarətdə təkrarlanan “Sənin öz diyarın, mənim öz diyarım” fikri isə mahnının əsas ideyasını tamamlandığı düşünürük.

İki ayrı dünya. İki fərqli insan. Bir münasibət. Və bütün bu fərqliliklərin arasında hələ də qopmayan bir bağ.

Mahnı klassik ayrılıq hekayəsi danışmır. Daha çox iki insanın eyni münasibətin içində öz dünyalarını qorumağa çalışmasından bəhs edir.

“Öz Diyarım” günümüz münasibətlərinin kiçik bir aynası kimi də səslənir.

Çünki bəzən biz eyni hekayənin içində yaşayırıq, amma hər birimizin öz “diyarı” var.