Mən hal hazırda qəmli bir pişiyəm. Lakin ümidsiz yox. Gəl sən də yanımda sakitcə otur. Mən danışacam səndə qulaq as.
Qəmli bir pişiyin köşəsi
Bəzi insanların həyatında hər şey bir xətt üzrə gedir. Məktəb, universitet, iş, münasibət, ev, ailə… Sonra bir gün dönüb baxırsan və deyirsən: “Hə, həyat budur.”
Mənim həyatımda isə belə deyil.
Burada bir az jurnalistika var, bir az musiqi, bir az Avroviziya, bir az moda, bir az ambisiya, bir az yarımçıq qalan münasibətlər, bir az borclar, bir az yorğunluq və çoxlu “Mən bunu niyə yenə öz başıma götürdüm?” sualı var.
Mən kiməm?
Bəzən 31 yaşında özünü dünyanın ən güclü adamı kimi aparan, bəzən də sadəcə yorğun bir pişik kimi küncə çəkilib heç kimlə danışmaq istəməyən biriyəm.
Əslində son illərin ən böyük hekayəsi bəlkə də budur: mən çox şeyin öhdəsindən gəlmişəm, amma bunun məni yormadığını da iddia edə bilmərəm. İşləmişəm. Yazmışam. Jurnalistika ilə məşğul olmuşam. Bir medianı qurmağa çalışmışam. İnsanların hekayələrini danışmışam. Tədbirlərdən, musiqidən, modadan, sənətdən yazmışam. Başqalarının görünməsi üçün platforma yaratmışam.
Amma qəribədir, öz hekayəmin ən vacib cümlələrini bəzən özüm yazmamışam.Çünki həmişə növbəti iş olub. Növbəti layihə. Növbəti müsahibə. Növbəti tədbir. Növbəti paylaşım. Növbəti problem.
Və mən hər dəfə “bunu da həll edim” deyib irəli getmişəm. Sonra həyat mənə münasibətlərdən də dərs keçib.
Bəzi insanları sevmişəm. Bəzilərinə şans vermişəm. Bəzilərinin yanında özümü izah etməkdən yorulmuşam. Hətta elə bir nöqtəyə gəlmişəm ki, bir münasibəti davam etdirməyin sevgi yox, özümə qarşı haqsızlıq olduğunu başa düşmüşəm. Bu, asan qərar deyil. Çünki insan bəzən qarşısındakı adamı yox, onunla bağlı qurduğu gələcəyi itirir. Və həmin gələcəyin yasını da tutur. Sonra pul məsələləri gəlib. Borc. Xərclər.Əməyimin qarşılığını həmişə ala bilməmək.
İnsanlara “problem yoxdur” deyib, içimdə hesab aparmaq. Bir tərəfdən böyük işlər görmək istəyib, digər tərəfdən adi həyatın xərclərinin belə məni boğması.
Bu da ayrıca ironiyadır: İnsanlara böyük ideyalardan danışıram, özüm isə ayın sonunu hesablamaqla məşğulam.
Və bütün bunların içində mən yenə musiqiyə qaçıram. Avroviziyaya. Retro mahnılara. K-pop-a. Yapon musiqisinə. Və biraz da Aygün Kazımova. Bir mahnının sözlərinə ilişib saatlarla onun nə demək olduğunu düşünməyə. Çünki bəzən insanın özünü ifadə edə bilmədiyi şeyi bir mahnı onun yerinə deyir. Ona görə də mənim musiqi sevgimdə sadəcə musiqi yoxdur. Orada bir az qaçış var. Bir az xatirə. Bir az da “məni heç olmasa bu mahnı başa düşür” hissi. İndi isə gəlib bu günə çıxıram. Və deyirəm ki:
“Mən hal-hazırda qəmli bir pişiyəm.”
Çünki Tərlanda yorulur. Sadəcə yorulur. Hər şeyi daşımaqdan. Hər şeyi düşünməkdən. İnsanların niyyətlərini analiz etməkdən. Pul hesabından. İşdən. Sevgidən. Keçmişdən. Gələcəkdən. Özündən. Və ən pis tərəfi də budur ki, belə vaxtlarda insan özünü uğursuz hesab etməyə başlayır. Halbuki bəlkə də uğursuz deyiləm.
Sadəcə çox uzun müddətdir istirahət etmədən mübarizə aparıram. Bəlkə bu gün məndən böyük qərarlar tələb olunmur. Bəlkə bu gün jurnalist Tərlan da, redaktor Tərlan da, layihə quran Tərlan da, hər şeyi analiz edən Tərlan da bir az susmalıdır.
Qoy sadəcə pişik Tərlan qalsın. Küncdə otursun. Bir az dünyaya küssün. Bir az özünə yazığı gəlsin. Bir az heç nə etməsin. Sonra da sabah qalxıb yenə həyatın üstünə getsin. Amma bu dəfə bir fərqlə: özünü də özü ilə birlikdə aparsın.
