Skip to content

Dynamix Magazine

Mehin Hümbətova ilə müsahibə: Sənət yolu və daha çoxu…

Mehin Hümbətova ilə yaradıcılıq yolundan, musiqiyə baxışından, sənətdə qarşılaşdığı dönüş nöqtələrindən və gələcək planlarından danışdıq. Səmimi söhbətimizdə sənətçinin həm şəxsi hekayəsinə, həm də Azərbaycan musiqi səhnəsinə münasibətinə nəzər saldıq.

1. Mehin Hümbətova musiqi karyerasına necə başlayıb?

İlk dəfə TV tamaşaçısı qarşısına 2009-cu ildə “Xalq Ulduzu” yarışmasının efirində çıxmışam. O dönəmdə mən Bülbül adına orta ixtisas musiqi məktəbində 9-cu sinif şagirdi idim. TV proqramlar təcrübəm yeniyetməlik illərimə təsadüf edir.

2. Musiqi təhsiliniz necə formalaşıb?

Musiqi təhsilim Əlifba öyrəndiyim günlərdən Bülbül adına məktəbdən başlayıb. Ordan məzun olub Bakı Musiqi Akademiyasına qədər davam edib. Ən böyük təsir və dəstək isə anamdan gəlib. İstedadımı kəşf edib və bu istiqamətə yönləndirib.


3. Karyeranız boyunca elə məqamlar olubmu ki, sənətdən uzaqlaşmağı düşünmüsünüz? Belə anlarda sizi davam etməyə motivasiya edən nə olub?

Bəli, Akademik təhsilim dönəmlərində, hətta təhsilimdən bir neçə il sonra da ifaçılıq sənətindən uzaqlaşmışdım. Buna ən böyük səbəb isə dırnaqarası müğənnillərin bu sənəti ləkələməkləri idi. Tamaşaçılarda müğənnilərə qarşı mənfi fikir formalaşdırmışdılar. Vaxt keçdi, illər ötdü, savadlı, müasir və dünyagörüşlü tamaşaçı formalaşdı. Analiz etdim və anladım ki, artıq vaxtdır. Mənim dövrüm başlayır.

4. Bir gün dünyanın ən böyük səhnələrindən birində çıxış etsəniz, özünüzü hansı musiqi janrında təqdim etmək istərdiniz?

Etno House. Hər iki janr da mənim ruhuma və zövqümə uyğun janrlardır. Təəssüf ki, bizim dinləyicilərin çox az qismi bu janrı dinləyirlər. Amma inanıram ki, bir müddət sonra bu janrın da yerli musiqi bazarında auditoriyası genişlənəcək.

5. “Bu, məhz Mehin Hümbətovanın hekayəsidir” deyə biləcəyiniz mahnınız hansıdır və niyə?

Demək olar ki, ifa etdiyim bütün mahnılar mənim hekayəmdir. Adətəm mən yaşadığlarımı oxuyuram. Bu bütün mahnılarıma aid deyil. Amma demək olar ki, əksəriyyəti elə öz hekayəmdir.

6. Hazırda playlistinizdə ən çox dinlədiyiniz mahnılar hansılardır?

Playlistimdə daha çox DJ trackları yer alır. Yerli və xarici dj-lərin mixlərini dinləməyi daha çox sevirəm.

7. Gələcəkdə sənətdən uzaqlaşsanız belə, “mənim izim məhz bu layihə ilə qalacaq” deyəcəyiniz bir işiniz hansıdır?

Düşünürəm ki, bu “Döngə” adlı mahnımdır. Həyat hekayəmin dönüş nöqtəsi deyə bilərəm bu mahnıya. Yaşananlardan doğulan mahnılarımdan biridir. Çox sevildi. Hələ də bütün musiqi platformalarında aktuallığını qoruyur.

8. Qarşınıza qoyduğunuz ən böyük hədəf və çatmaq istədiyiniz zirvə nədir?

Hədəflərim və arzularımdan danışmağı sevməyən insanam. Adətən hədəfə doğru gedib, əldə etdikdən sonra arzum olduğunu açıqlayıram.

9. Sizcə, Azərbaycanda sənətçilərə media və tamaşaçı tərəfindən qərəzsiz dəyər verilir, yoxsa müəyyən ayrı-seçkilik və stereotiplər hələ də mövcuddur?

Ayrı seçkilik deməzdim. Sadəcə hərə özünə bir media səhifəsi açdırıb ancaq özün reklam elətdirir. Bu da normaldır. Hər kəsin öz seçimi. Amma bu o demək deyil ki, media nümayəndələri tərəfindən ayrı-seçkilik var. Hər zaman özümə qarşı mediadan diqqət və hörmət görmüşəm. Buna görə hər kəsə sənətimə olan sevgi və diqqətə görə, qərəzsiz yanaşmaya görə təşəkkür edirəm.

10.  “Kaş ki, bu mahnını mən ifa edərdim” dediyiniz mahnı varmı?

Aygün Səmədzadə bəstələrindən, Hüseyn Abdullayev, Gövhər Həsənzadə və bir çox ruhumuzu oxşayan əsərlər ərsəyə gətirən bəstəkarlarımızın mahnıları var, hansıları ki, bəzən deyirəm kaş ki, bu möhtəşəm əsəri mən oxuyardım. Amma bu o demək deyil ki, ilk ifaçıları pis oxuyub, xeyr. İlk ifa da gözəldir ki, mənə sevdirə bilib mahnını.