Skip to content

Dynamix Magazine

Dan ulduzu kimi parlayanların yarışması “Yeni Ulduz” ekranlara qayıdır

İllər sonra “Yeni Ulduz”un hekayəsi yenidən başlayır. Layihənin 2026-cı ildə yeni televiziya mövsümündə ARB TV-də ekranlara qayıdacağı açıqlanıb. Layihənin əvvəlki kimi “SOY Production” tərəfindən hazırlanacağı bildirilir və qeyd edilir.

Elə yarışmalar, verlişlər olur ki, illər keçsə də, sahib olduğu keyfiyyət səbəbi ilə üzdə təbəssüm yaradaraq xatırlanır. Azərbaycan televiziya tarixində musiqi yarışmaları arasında xüsusi yeri olan “Yeni Ulduz” 2004-cü ildə ekranlara gəlmiş və qısa müddətdə məhz qeyd etdiyimiz tipdə bir yarışmaya çevrilib. “SOY Production” tərəfindən maliyyələşdirilərək hazırlanan və “Pop Idol” formatına əsaslanan bu sevilən yarışma 2011-ci ilə qədər tam olaraq 11 mövsüm yayımlanıb. Layihənin əsas məqsədi gənc və istedadlı ifaçıları üzə çıxarmaq, onları böyük, hətta qlobal səhnəyə hazırlamaq və Azərbaycan estradasına bacarıqlı yeni simalar qazandırmaq idi. İllər ərzində yüzlərlə iştirakçının səhnəyə çıxdığı “Yeni Ulduz”dan sonradan Azərbaycan musiqisinin tanınan simalarına çevrilən çoxsaylı ifaçılar keçib.

“Yeni Ulduz”un ən böyük uğurlarından biri də yarışmanın iştirakçılarının müsabiqədən sonra müxtəlif istiqamətlərdə uğurlu bir karyera qurması oldu. İlhamə Qasımova, Aysel Teymurzadə, Səfurə Əlizadə, Çingiz Mustafayev və Samirə Əfəndiyeva kimi adlar layihənin Azərbaycan musiqisinə təsirini göstərən ən parlaq bir neçə nümunəsidir. Onların bir qismi yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də çıxış edərək Azərbaycan bayrağını dalğalandırıblar. Beləliklə, “Yeni Ulduz” təkcə televiziya yarışması olaraq qalmadı, həm də o bir dövrün gənc musiqiçiləri üçün görülmə, tanınma fürsəti doğurdu.

1.Səfurə Əlizadə

“Yeni Ulduz”un ən parlaq iştirakçılarından biri Səfurə Əlizadədir. O, yarışmanın 8-ci mövsümünün qalibi olub və bundan sonra Azərbaycanı 2010-cu ildə Avroviziya Mahnı Müsabiqəsində “Drip Drop” emosional və təsirli mahnısı ilə gənc yaşında Azərbaycanı məharətlə təmsil edib. Osloda keçirilən müsabiqədə beşinci yerə layiq görülən Səfurə həmin illərdə Azərbaycan Avroviziya tarixinin ən uğurlu nəticələrindən birinə imza atıb. Hətta bu səhnə nümayişi hələ də qlobalda Avroviziya fanatları tərəfindən sevilərək dinlənir. Müğənnilikdən savayı, Safuranın həm də piano, skripka və xüsusilə saksofon ifa etməsi onun fərqləndirici cəhətlərindən sadəcə bir neçəsi idi.

2.Aysel Teymurzadə

“Yeni Ulduz-4”də iştirak edən Aysel Teymurzadə yarışmanı qalib kimi başa vurmasa da, sonradan Azərbaycan pop səhnəsinin ən böyük və səs gətirən adlarından birinə çevrilib. 2009-cu ildə Arəşlə birlikdə “Always” mahnısı ilə Rusiyada baş tutan Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Aysel finalda üçüncü yeri qazanıb. Bu nəticə yeni-yeni boy göstərdiyi Avroviziya Mahnı Müsabiqəsində böyük uğur hesab olunub və ölkənin Avroviziya Mahnı Müsabiqəsində iddialı iştirakçılardan birinə çevrilməsində mühüm rol oynayıb. Bir müddət musiqi sənayesindən uzaq olan Aysel yenidən musiqiyə qayıdaraq sevənlərinə qovuşdu. İndi o qırmızı xalıların ən gözoxşayan musiqiçilərindən və dəb ikonlarından biridir.

3.İlhamə Qasımova

İlhamə Qasımova “Yeni Ulduz-4”ün qalibi olaraq layihənin tarixində xüsusi iz qoyan adlardan biridir. Onun yarışmadakı qələbəsi peşəkar musiqi karyerasının başlanğıcı olub. İlhamə sonrakı illərdə də Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün mübarizə aparıb və 2011-ci ilin milli seçimində finala qədər yüksəlib. Finalda Ell & Nikki duetinə məğlub olsa da, onun “Yeni Ulduz”dan sonrakı fəaliyyəti Azərbaycan pop musiqisinin sərhədlərini ölkə xaricinə də daşıyıb.  Daha sonra karyerasını Almaniyada davam etdirib. Hal-hazırda Azərbaycan şou-biznesindən uzaq olsa da, o bir zamanlar Azərbaycan popunun ən mötəbər simalarından biri idi.

4.Sevil & Sevinc

Azərbaycan səhnəsində bacı duetləri arasında özünəməxsus yer qazanan Sevil və Sevinc Səfərova da “Yeni Ulduz”un sonuncu mövsümünün iştirakçıları arasında idi. Onların duet şəklində çıxış etməsi layihədə nisbətən daha fərqli səhnə obrazı yaradıb. 2011-ci ildə yayımlanan “Yeni Ulduz-11” mövsümündə bacılar iştirakçılar sırasında yer alıb və sonrakı illərdə də musiqi fəaliyyətlərini birlikdə davam etdirdilər. Bu baxımdan onların hekayəsi “Yeni Ulduz”un yalnız solo ifaçıları deyil, duetləri də tamaşaçıya təqdim edən bir lahiyə olduğunu göstərir. Bundan sonra da onlar televiziyadakı bir çox işləri ilə Azərbaycan televziya izləyiciləri ilə görüşdülər.

5.Elvin Mirzəzadə

Elvin Mirzəzadə də həmçinin “Yeni Ulduz-11”in yadda qalan iştirakçılarından biri olub. 2011-ci ildə yarışmaya qatılan Elvin 16-lığa qədər yüksəlib, daha sonra 8-ci yerdə mübarizəni dayandırıb. O, yarışmada “Can-cana” və “Amma anam bilməsin” kimi mahnılara fərqli yanaşmaları ilə yadda qalıb. “Yeni Ulduz”dan sonra isə “Düşün məni” və “Gəl” kimi mahnıları ilə tanıdıb. Elvinin özünün də sonradan qeyd etdiyi kimi, onun iştirak etdiyi 11-ci mövsüm layihənin son mövsümü olub.

6.Samirə Əfəndiyeva

Bu gün Efendi kimi tanınan Samirə Əfəndiyeva da musiqidəki keşməkeşli yolunun ilk mərhələsində “Yeni Ulduz”un 2009-cu il buraxılışında iştirak edib. Lakin onun yolu bununla məhdudlaşmadı. O bundan daha sonra “Böyük Səhnə”, “Səs Azərbaycan” və “Silk Way Star” kimi yarışmalarda çıxış edib. 2020-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı “Cleopatra” ilə təmsil etməli idi, lakin müsabiqə pandemiya səbəbindən ləğv edilib. İllər sonra TikTok platformasında ortaya çıxan Kleopatra makiyajı trendi ilə dillər əzbəri olan bu mahnı bir daha qlobal kütlə tərəfindən sevilərək paylaşılmağa başladı. “Cleopatra”dan bir il sonra isə “Mata Hari” ilə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsi 2021-də Niderlandda təmsil etdi və finalda 20-ci yeri tutub. Əvəzolunmaz nümayişi sayəsində Azərbaycan Avroviziya Mahnı Müsabiqəsi tarixinin ən sevilən səhnə nümayişlərindən biri olub. Beləliklə, “Yeni Ulduz” onun beynəlxalq səhnəyə gedən uzun yolunun ilk dayanacaqlarından birinə çevrilib. Elə bu naəliyyətlər onu bir çox xarici yarışmaların jürisi edib.

7.Çingiz Mustafayev

Çingiz Mustafayev “Yeni Ulduz-7”nin qalibi olaraq yarışmadan çıxan ən tanınmış simalardan biridir. Yarışmadan sonra solo karyerasını uğurla davam etdirən Çingiz “Gəlsən” kimi mahnılar təqdim edib və illər sonra Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsinin səhnəsində İsraildə təmsil edib. 2019-cu ildə “Truth” mahnısı ilə müsabiqədə səkkizinci yeri tutaraq Azərbaycan üçün uğurlu nəticələrdən birinə imza atıb. Bu nəticə 2013-cü ildəki nəticədən sonra əldə edilən ən uğurlu nəticə olaraq Azərbaycanın Avroviziya Mahnı Müsabiqəsi tarixində xüsusi yer tutur. Beləliklə, Çingizin “Yeni Ulduz” səhnəsindən Avroviziya Mahnı Müsabiqəsi səhnəsinə qədər uzanan karyerası layihənin iştirakçılarına verdiyi imkanların ən diqqətçəkən nümunələrindən biridir.

Bu geri qayıdış xüsusilə maraqlıdır, çünki əvvəlki “Yeni Ulduz” bir çox ifaçı üçün böyük səhnəyə açılan qapı olub. İndi isə əsas sual budur ki, yeni mövsüm Azərbaycan musiqisinə növbəti Səfurəni, Ayseli, Çingizi və ya Samirə Əfəndini qazandıra biləcəkmi? Bir vaxtlar ekran qarşısında yeni səslər axtaran tamaşaçı bu dəfə də həmin həyəcanı yaşayacaq. Bəlkə də yeni mövsümlər də əvvəlkilər kimi yenidən Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində uğurla təmsil edəcək səslər üçün bir işıq tutar.