Əgər elə bilirsiniz ki, media ilə məşğul olmaq ancaq rahat ofisdə oturub, qəhvə içə-içə reels çəkmək, sosial şəbəkələrdə post bəyənmək və ya kanallardan xəbər kopyalamaqdır, çox yanılırsınız. 1875-ci ilin 22 iyulunda Həsən bəy Zərdabinin rəhbərliyi ilə «Əkinçi» qəzetinin ilk nömrəsi işıq üzü görəndə, bu torpaqlarda media və azadlığın təməli qoyulub ki, onun dalğası indiki rəqəmsal dövrə kəskin təsir etməkdədir.
Bu gün, Milli Mətbuat Günündə, gəlin məsələni dərindən təhlil edək. Bizim ziyalılarımız senzura və yoxluq dövründə medianı necə qurublar, onu hansı ideallarla idarə ediblər və indiki internet dünyası o dövrün prinsipləri ilə necə təzat təşkil edir?
«Əkinçi» fəlsəfəsi
XIX əsrin sonlarında internet, televiziya və ya radio yox idi. Çar Rusiyasının sərt senzurası hər hansı bir siyasi fikri, milli oyanış cəhdini elə bətndəcə boğmağa hazır idi. Həsən bəy Zərdabi möhtəşəm bir strateji fənd işlədərək qəzetin adını «Əkinçi» qoyub. Rəsmi orqanlara və çar müfəttişlərinə elə gəlirdi ki, burada sırf kənd təsərrüfatından, torpaq şumlamaqdan, suvarma sistemlərindən və heyvandarlıqdan yazılacaq.
Amma daxildə tamamilə fərqli bir mənzərə var idi. Zərdabi və komandası qəzetin içində dövrün ən ciddi elmi, mədəni və ictimai təhlillərini yerləşdirir, xurafatı tənqid edir və xalqı savadlanmağa çağırırdılar. Bu,Azərbaycan dilində ilk milli mətbuat nümunəsi idi. Dil qəsdən elə sadə seçilmişdi ki, kənddə birtəhər hərf oxumağı bacaran hər kəs yazılanları başa düşə bilsin və başqalarına da danışsın. Hökumətin təzyiqi ilə qəzet cəmi 2 il yaşayıb və cəmi 56 nömrəsi çıxıb.
Medianın silah kimi gücü
Zərdabinin əkdiyi maarifçilik toxumları XX əsrin əvvəllərində nəhəng bir intellektual hərəkata çevrildi. Media artıq sadəcə elmi məlumat yayan bir vərəq deyil, xalqın hüquqlarını qoruyan, azadlıq ideyalarını yayan güclü bir siyasi silaha çevrilmişdi. Bu dövrün mətbuat sferasına baxanda qarşımıza nəhəng adlar çıxır
Əlimərdan bəy Topçubaşov və «Kaspi» qəzeti: Topçubaşov məşhur rusdilli «Kaspi» qəzetinin rəhbərliyini və redaktorluğunu üzərinə götürərək onu çar hökumətinin qarşısında hüquqi və siyasi bir sipər edib. O, imperiya qanunlarını çox gözəl bilirdi və medianı diplomatik bir dillə idarə edirdi. Topçubaşov göstərdi ki, mətbuat savadlı, təmkinli və qanunun dili ilə danışanda hakimiyyəti belə xalqın tələbləri ilə hesablaşmağa məcbur edə bilər.
Əhməd bəy Ağaoğlu, «Həyat» və «İrşad»: Sərt publisistikası, iti və güzəştsiz qələmi ilə seçilən Əhməd bəy Ağaoğlu Azərbaycan mətbuatının ən kəsərli səslərindən biridir. O, «Həyat» və «İrşad» qəzetlərində Şərq dünyasının problemlərini Qərb mədəniyyətinin müsbət tərəfləri ilə sintez edərək yazıb. Ağaoğlu müasir dillə desək, dövrün ən təsirli və böyük auditoriyaya malik baş köşə yazarı idi. O, mətbuat vasitəsilə millətin özünü müdafiə instinktini və milli kimliyini formalaşdırıb.
Məmməd Əmin Rəsulzadə və İstiqlal mətbuatı: Hələ gənc yaşlarından «Şərqi-Rus», «Həyat», «İrşad» və «Tərəqqi» kimi qəzetlərdə publisistik fəaliyyətə başlayan, daha sonra «Açıq Söz» qəzeti ilə Azərbaycan mətbuatına birbaşa “istiqlal” və “milli müstəqillik” fikrini gətirən lider. Rəsulzadə və onun ətrafındakı ziyalılar medianı elə bir ideoloji səviyyəyə qaldırıblar ki, o mətbuatın doğurduğu ictimai fikir fəlsəfəsi 1918-ci ildə Şərqin ilk demokratik respublikasının,Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Cümhuriyyət dövründə çıxan rəsmi «Azərbaycan» qəzeti isə artıq dövlətin həm daxili, həm də xarici siyasətinin əsas aynasına və intellektual tribunasına çevrildi.
Bu sıraya həmçinin «Molla Nəsrəddin» jurnalı ilə satirik mətbuatın təməlini qoyan Cəlil Məmmədquluzadəni, «Füyuzat» jurnalı ilə ədəbi-fəlsəfi fikri zirvəyə daşıyan Əli bəy Hüseynzadəni də əlavə etmək lazımdır.
Biz o ideallardan niyə qaçırıq?
İndi gəlin bir anlıq müasir dövrə baxaq və dərin bir müqayisə aparaq. Zərdabi, Topçubaşov, Ağaoğlu və Rəsulzadə hər bir sözün, hər bir cümlənin çəkisinə, ifadə etdiyi mənaya görə həbs, sürgün, maddi sıxıntı və senzura təhlükəsi ilə üz-üzə qalırdılar. Çünki onların əsas məqsədi dəyərli fikir istehsal etmək, cəmiyyəti irəli aparmaq və tarixin gedişatını dəyişmək idi.
Bugünkü müasir mediamızda isə təəssüf ki, mənzərə tamamilə fərqlidir. Əsas hədəf çox vaxt oxucunun diqqətini cəmi 3 saniyə saxlamaq, klik toplamaq və reklam satmaqdır. İntellektual təhlillərin, dərin publisistikanın yerini qısa başlıqlar və sürət yarışı tutub. Dəqiqlik və dürüstlük arxa plana keçib,yalan və ya dəqiqləşdirilməmiş xəbəri birinci paylaşıb, təkzibi sonra vermək adi hala çevrilib.
Əvvəl redaksiyalarda süzgəclər, ziyalı nəzarəti və məsuliyyət var idi. İndi isə hər hansı bir anonim Telegram kanalı rəsmi agentliklərdən daha tez xəbər yayır və faktları yoxlamaq mədəniyyəti, mənbəyə istinad etmək ənənəsi tədricən yox olur. Müasir rəqəmsal dünyada hamımız informasiya istehsal edirik, amma onun keyfiyyəti barədə dərindən düşünmürük.
22 iyul medianın səs-küy və reytinq xatirinə edilən şou yox, böyük mənalar, ideologiya və dəyər yaratmalı olduğunu bizə xatırladan bir simvoldur.
Zərdabi, Topçubaşov, Ağaoğlu və Rəsulzadə, Hüseynzadə, Məmmədquluzadə bizə sübut etdilər ki, keyfiyyətli, cəsarətli, savadlı və dürüst mətbuat bir millətin taleyini və tarixini kökündən dəyişə bilər.
“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki,mal mülk tələf olur gedir,amma söz qalır” – Cəlil Məmmədquluzadə
