Mercedes Benz Fashion Week çərçivəsində ilk gündə podiuma ilk “Lelacouture” brendi kolleksiyasını nümayiş etdirəcək.
Leyacouture qadının zərifliyini, gücünü və özünəməxsus xarakterini geyim vasitəsilə ifadə edən Azərbaycan moda brendidir.
“Beyond Silance” adını daşıyan kolleksiya ənənəvi olaraq qadın ruhunun gücünə və incəliyinə ehtiram edir. Daha ətraflı məlumat isə yaradıcı dizaynerimiz Leyli Zalova ilə aldığımız müsahibədə təqdim edirik.
Bu kolleksiyanı yaratmağa sizi vadar edən ilk fikir nə idi?
Təqdim etdiyimiz “Beyond Silence” (Sükutun O Tayında) kolleksiyası qadının daxili dünyasından ilham alır. Bu kolleksiya zahirən zərif görünən, lakin daxilində böyük güc daşıyan qadınlardan bəhs edir. Hər detal, hər kəsim və hər siluet qadının hisslərini, xarakterini və görünməyən tərəflərini ön plana çıxarmaq üçün yaradılıb.
Kolleksiyada ilk baxışda tamaşaçıların görə bilməyəcəyi lakin, sizin üçün xüsusi məna daşıyan hansı detallar var?
Kolleksiyada ağ rəngə üstünlük verməyimin səbəbi odur ki, insan kimliyindən, yaşadığı hadisələrdən və həyat yolundan asılı olmayaraq, hər birimizin daxilində saf və işıqlı bir ruh yaşayır. Mən bu kolleksiya vasitəsilə qadının daxilindəki romantikliyi, maskulen gücü və klassik zərifliyi bir vəhdətdə birləşdirməyə çalışmışam. “Beyond Silence” qadının sözlə ifadə edə bilmədiyi duyğuların, daxili gücünün və özünə inamının vizual təcəssümüdür.
Hazırlıq prosesində sizi ən çox yoran məqam nə oldu ?
Bu işi o qədər sevirəm ki, məni tanıyan hər kəs bilir — mən 7/24 işləməkdən zövq alıram. Yaradıcılıq prosesi mənim üçün yorucu deyil, əksinə, ilhamvericidir. Hazırlıq prosesində məni ən çox yoran tərəf isə zaman idi. Hazırda 5 fərqli proyekt üzərində çalışıram.
Necə düşünürsünüz moda bugün cəmiyyətə təsir göstərən bir vasitədirmi ? Sizin kolleksiya bu təsiri necə əks etdirir?
Əlbəttə, moda dünyada baş verən bütün hadisələri və prosesləri cəmiyyətə ötürən ilk vasitələrdən biridir. Bu təsiri kolleksiyamda da əks etdirməyə çalışmışam. Hazırda insanların özünü daha dərindən tanımağa və aydınlanmağa doğru getdiyi bir dövrdə yaşadığımızı düşünürəm. Məhz buna görə kolleksiyada ağ rəngə üstünlük vermişəm. Ağ rəng mənim üçün saflığa, təmizliyə və daxili harmoniya yoluna aparan bir simvoldur. Bu kolleksiya da həmin düşüncənin və daxili axtarışın ifadəsidir.
Hansı materiallara üstünlük verirsiniz?
Kolleksiyanın ideyasından asılı olaraq ipək, yun, pambıq, viskoza və müxtəlif kostyumluq parçalardan istifadə edirəm. Mənim üçün parçanın sadəcə gözəl görünməsi deyil, həm də geyinən insana rahatlıq və özünəinam hissi verməsi çox önəmlidir.
Son olaraq Mercedes Benz Fashion Week iştirakçınız sizin üçün nə ifadə edir ?
Mercedes-Benz Fashion Week moda dünyasının ən nüfuzlu platformalarından biridir. Bu səhnədə olmaq mənim üçün yalnız şəxsi uğur deyil, həm də Azərbaycan modasını beynəlxalq auditoriyaya təqdim etmək və ölkəmin yaradıcı potensialını göstərmək imkanıdır. Bu, böyük məsuliyyət və eyni zamanda böyük qürur mənbəyidir.
Mercedes Benz Fashion Week çərçivəsində ilk gün açılış kolleksiyası məhz bu brenddən olacaq. Müsahibə üçün dizayner Leyli Zalova-ya təşəkkürlərimizi bildiririk.
