Skip to content

Dynamix

LAZIZAR-ın Şərq mədəniyyətinin motivləri ilə zəngin kolleksiyası MBFW-də

13 iyun 2026-cı il tarixində Mercedes-Benz Fashion Week 2026 çərçivəsində LAZIZAR brendi yeni “New Era Bride” kolleksiyasını təqdim edəcək.
Mərkəzi Asiyanın yeni nəsil moda brendlərindən biri olan LAZIZAR, Şərq qadınlığını müasir dizayn dili ilə yenidən şərh edən estetik yanaşması ilə seçilir. Brendin yaradıcı vizyonu lokal mədəni irs, əl işi texnikaları və müasir siluetlərin harmonik birləşməsinə əsaslanır.
Brendin fəlsəfəsi qadının daxili vəziyyətini önə çıxarmaq üzərində qurulub  onun incəliyi, gücü, təbii gözəlliyi və emosional dərinliyi dizayn dilinin mərkəzində dayanır.

Brendin dizayneri Laziza Nazarova moda yoluna erkən yaşlardan formalaşan estetik hiss və mədəni mühitin təsiri ilə başlayıb. Onun dizayn dili ailə sənətkarlığı, Şərq tekstil ənənələri və müasir qadın obrazının reinterpretasiyası üzərində qurulub.
Brendin əsas məqsədi Şərq qadınlığını stereotiplərdən uzaq, daha müasir və universal bir vizual dilə çevirməkdir.

Brend Şərq qadınlığını müasir dizayn dili ilə yenidən şərh edərək, mədəni irs və müasir estetika arasında körpü yaradır. Yeni kolleksiya müasir gəlin obrazını “quiet luxury” konsepti ilə təqdim edir.

İndi isə “New Era Bride” kolleksiyasının təqdimat öncəsi müsahibəmizlə tanış olun

Moda dünyasına necə gəldiniz? Bu şüurlu seçim idi, yoxsa təsadüflər zənciri?

Moda həmişə mənim daxili dünyamın bir hissəsi olub. Uşaqlıqdan nənəm bizim üçün geyimlər tikirdi və elə o vaxt özbək parçalarına, siluetlərə və sənətkarlığa sevgi yaranmışdı. Uzun müddət başlamağa tərəddüd edirdim, amma bir il əvvəl artıq hazır olduğumu anladım. Bu, təsadüf deyil hissləri və estetik baxışımı geyim vasitəsilə ifadə etməyin təbii yoludur.

Sizin formalaşmanıza ən çox təsir edən insanlar və ya hadisələr barəsində öyrənmək istərdik

Şərq mədəniyyəti, səyahətlər və ətrafımdakı güclü qadınlar mənə çox təsir edib. Xüsusilə nənəm. Güc və incəliyi eyni anda daşıya bilən qadınlar mənim üçün həmişə ilham mənbəyi olub. Eyni zamanda sənətkarlarla və əl işi texnikaları ilə tanışlıq da baxışımı tamamilə dəyişib.

Dizayner üslubunuzu üç sözlə necə təsvir edərdiniz?

Elegantlıq. Qadınlıq. Zamansızlıq.

Hər kolleksiyanızın mərkəzində dayanan vahid bir ideya varmı?

Bəli. Mən qadını örtən deyil, onu üzə çıxaran geyimlər yaratmağa çalışıram. Təvazökarlıq, lüks və müasirlik arasında balans mənim üçün əsas xəttdir.

Moda sizin üçün nədir? sənət, biznes, yoxsa ifadə vasitəsi?

Hər üçüdür, amma ilk növbədə dildir. Moda vasitəsilə mədəniyyət, hisslər və qadının daxili dünyası ifadə oluna bilər.

Brend nə vaxt və hansı ideya ilə yaradılıb?

LAZIZAR Şərq qadınlığını müasir şəkildə yenidən interpretasiya etmək ideyası ilə yaradılıb. Məqsəd təvazökar modanın həm də lüks, aktual və emosional ola biləcəyini göstərməkdir.

Brendin əsas fərqi nədir?

Biz lokal estetikanı, əl işini və müasir dizaynı birləşdiririk. LAZIZAR mədəni köklərə bağlı qalaraq müasir qadının dilində danışır.

Hədəf auditoriyanız kimdir?

Estetikaya, keyfiyyətə və təbii materiallara dəyər verən qadınlar. Onlar sadə, lakin güclü vizual dilə üstünlük verirlər.

Brend hansı dəyərləri daşıyır?

Qadınlıq, mədəni irsə hörmət, keyfiyyət, əl işi və şüurlu istehlak.

Gələcək planlar nələrdir?

Brendin beynəlxalq arenaya çıxması, moda həftələrində iştirak və kollaborasiyalar əsas hədəflərdir. Amma bütün inkişaf brendin DNA-sını qorumaq üzərində qurulacaq.

Təqdim edəcəyiniz Kolleksiya nə haqqındadır ?

“New Era Bride” müasir gəlin obrazına həsr olunub. Bu, öz kimliyini, mədəni köklərini və daxili gücünü qoruyan qadının hekayəsidir.

İlham mənbəyi nə oldu?

Şərq memarlığı, ənənəvi gəlin obrazları, təbii tonlar və daxili sakitlik hissi.

Kolleksiyanın əsas hissləri hansılardır?

Sakitlik, nəciblik, incəlik və özünəinam.

Hansı materiallar istifadə olunub?

Təbii ipək, atlas, orqanza və əl tikməsi texnikaları. Siluetlər daha çox laylılıq və memarlıq prinsipi üzərində qurulub.

Xüsusi detallar varmı?

Bəli. Şərq ornamentləri, əl işi tikmələr və incə tekstura işləmələri kolleksiyanın əsas vurğularıdır.

Bu kolleksiya əvvəlkilərdən nə ilə fərqlənir?

Daha emosional, daha yetkin və daha memarlıq yönümlüdür. Brendin inkişafında yeni mərhələdir.

Tamaşaçıya hansı hissi ötürmək istəyirsiniz?

Sakit heyranlıq, ilham və daxili harmoniya hissi.

Bizə zaman ayırdığları üçün LAZİZAR komandasına təşəkkürlərimizi bildirib gələcək işlərində uğurlar arzu edirik.