Moda bəzən sadəcə parçadan ibarət deyil. Bəzən o, insanın içində illərlə yığılan narahatlığın, cəmiyyətə qarşı səssiz qəzəbin və dünyanın getdiyi istiqamətə duyulan qorxunun ən estetik ifadəsinə çevrilir. “Bukhsay” brendinin “Anti Utopiya” kolleksiyası da məhz belə idi qaranlıq, narahat edici və eyni zamanda gözünü çəkə bilmədiyin qədər təsirli.
Əslində hər şey tamamilə fərqli bir ideya ilə başlayıb. Dizayner Mehdi Bukhsay əvvəlcə “Utopiya” yaratmaq istəyirmiş ideal dünyanın podiumda əksini. Lakin həyat, xəbər lentləri, insanlar və şəxsi yaşantılar o qədər sürətlə dəyişib ki, nəticədə “mükəmməl dünya” anlayışı öz aktuallığını itirib. Beləliklə, podiuma çıxan şey artıq “Utopiya” yox, onun tam əksi olub: “Anti Utopiya”.
Kolleksiyanın ən diqqət çəkən xüsusiyyəti isə qüsurları gizlətməməsidir. Əksinə, onları əsas estetik elementə çevirməsidir. Nümayiş olunan boz pencəkdə tikişlər qəsdən əyri işlənilib çünki həyat da elədir: düz xətt üzərindən hərəkət etmir, hər şey bir az yarımçıq, bir az dağınıq, bir az da qarışıqdır. Sərgilənən look-lardan birində pencəyin ön hissəsi arxaya keçirilib. İlk baxışda “səhv tikilib” təəssüratı yaradır. Amma məsələ də elə bundadır. “Bukhsay” bu detalla “normal” dediyimiz anlayışı bilinərəkdən sındırır.
Kolleksiya tamamilə avanqard və dekonstruktivist ruhda qurulub. Siluetlər klassik formadan kənara çıxır, gender sərhədləri isə demək olar ki, tamamilə silinir. Kişi modellərdə korsetlər, açıq çiyinlər, axıcı parçalar və dramatik formalar nəzərə çarpır. Bu artıq sadəcə gendersiz moda deyil — bu, “kim necə görünməlidir?” anlayışına yönəlmiş estetik müdaxilədir.
Rəng palitrasında da eyni ab-hava hökm sürür: qara, boz, ağ, tünd göy və tünd bənövşəyi. Heç bir “işıqlı” rəng yoxdur. Çünki kolleksiya rahatlıq hissi yaratmağı hədəfləmir əksinə, izləyicini narahat etməyə çalışır. Və bunu böyük ustalıqla bacarır. Diqqət rəngdən çox formaya, teksturaya və emosiyaya yönəlir.
Podiumun ən güclü detallarından birini isə makiyaj təşkil edirdi. Modellərdə istifadə olunan “Qara Qu Quşu” referansı kolleksiyanın emosional mərkəzinə çevrildi dram, faciə və son hissi podium boyunca özünü göstərdi. Buna müşayiət edən musiqi seçimi də dərin təsir buraxırdı. Xüsusilə gözlərin qara lentlə bağlandığı look-lar insanın sistem içində kimliyini itirməsini simvolizə edirdi. Sanki modellər artıq insan yox, eyni sxemin içində sıxılmış adsız fiqurlardır.
Teksturalar isə ayrıca bir hekayə anladır. Şəffaf tüllər, metalik effektlər, lələyi xatırladan səthlər və ağır parçalar bir araya gələrək kolleksiyaya həm futuristik, həm də dərin emosional bir atmosfer qatdı. Laylama texnikası və memarlıq hissi verən konstruksiyalar bəzi look-ları geyimdən çox heykələ yaxınlaşdırırdı.
Bəs “Anti Utopiya” gündəlik bir moda kolleksiyasıdırmı? Xeyr. Burada məqsəd “gözəl görünmək”dən çox, bir şeyi anlatmaqdır. “Bukhsay” bunu açıq şəkildə ortaya qoyur: moda bəzən ən güclü etiraz formasına çevrilə bilər.
Çünki bəzi kolleksiyalar trendləri yox, dövrün ruhunu əks etdirir. “Anti Utopiya” da məhz onlardan biridir.
