Skip to content

Dynamix

Euphoria “Amerikan Xəyalını” necə kabusa çevirdi?

“Euphoria” öz üçüncü mövsümü ilə rəsmi olaraq həyatımıza neon rəngli, amansız və çox ağır bir nöqtə qoydu. Rejissor Sem Levinson bizə sadəcə ekran qarşısında vaxt keçirmək üçün adi bir gənclik dramının xülasəsini verməyib: o, hər kadra Müqəddəs Kitabın ağır simvolizmini və insan ruhunu çürüdən yeddi ölümcül günahın estetik fəlsəfəsini yeridib.

Mənim bu mövsümdə ən çox diqqətimi çəkən və vizual şok yaradan məqam — Maddy Perez-in o məşhur “Ed Hardy Mary Mesh” donu oldu. Üzərində Müqəddəs Məryəm təsviri olan o bədəni saran bənzərsiz don, əslində lüks dəb sənətindən daha dərin bir mesaj daşıyırdı: o qədər qaranlıq, o qədər günahkar və saxta bir dünyada Maddy əslində öz daxili təmizliyini və günahsızlığını qorumaq üçün sanki o donu mənəvi bir zireh, bir dua kimi bədəninə geyindirmişdi. Çünki onun addım atdığı hər yer – xüsusən də o qorxulu, pul və xəyanət üzərində qurulmuş narkobaron Alamo-nun dünyası – sanki şeytanın öz yuvası idi. Maddy-nin Alamo ilə qarşılaşdığı, arxada divardan asılmış o üç maral başı olan simvolik səhnə isə bütöv bir qurbanlıq metaforasıdır.

Müqəddəs Kitabdaki qurbanlıq heyvan ayinlərinə və Müqəddəs Üçlüyə işarə edən o üç maral, Maddy-nin, Cassie-nin və əslində bütün bu gəncliyin o böyüklərin qəddar, toksik dünyasında necə günahsız bir qurban olaraq masaya qoyulduğunun  vizual sübutu idi.
Və bu qurbanların ən birincisi, ekran vaxtının ən böyük və ağrılı hissəsini öz çiyinlərində daşıyan Rue Bennet-dir. Rue, bu hekayənin mərkəzində dayanan müasir bir Adəmdir: o, öz “oversize” solğun hoodilərində və köhnə Converse ayaqqabıları ilə əslində öz daxili boşluğunu və mənəvi Tənbəlliyini, yəni Sloth günahını gizlədir.

Finaldan əvvəl, altıncı seriyada maşınla az qala dəhşətli bir qəza törətdiyi və qorxu içində qarşısında yanan o ağacı gördüyü səhnə isə sətraltı mesajlardan biri idi. Müqəddəs Kitabda Musa peyğəmbərin qarşısında peydə olan o “Yanan Kol” kimi, bu alovlar içindəki Joshua ağacı da Rue üçün sanki Allahın bir işarəsi, bir xəbərdarlığı idi; o, öz daxili alovunun içində yıxılarkən Yaradandan bir xilas, bir təmizlənmə yolu axtarırdı. Onun Meksika sərhədindəki fentanil daşımalarından sonra Alinin evində o sonuncu, ölümcül doza ilə can verməsi və son nəfəsində Müqəddəs Kitabdan sədalar oxuması sezonun ən böyük dramı idi. Amma buradakı “7 dəqiqəlik Rue” səhnəsi serialın ən saf, ən ruhlu vizual şah əsəri idi. O yeddi dəqiqədə sanki zaman dayandı və Rue bütöv bir təmizlənmə, yəni mənəvi “Apokalipsis” yaşadı. Onun o dumanlı xəyalında anasını yenidən görməsi, Jules-u həyatında ilk dəfə gördüyü o saf anın yaddaşında canlanması və ən əsası — Fez-in nəhayət o qaranlıq həbsxana divarlarından azad olunduğunu gördüyü o kadrlar əslində Rue-nun ruhunun cənnətə qovuşmazdan əvvəl keçdiyi o sonuncu günahlardan arınma nöqtəsi idi.

Məth bu nöqtədə Rue-nun mentoru, onun mənəvi atası olan Ali-nin personajı 180 dərəcə dəyişir. Rue-nun cansız bədənini o divar çərçivəsinin önündə tapanda Ali-nin qollarını iki yana açıb başını qapıya söykədiyi o kadr, birbaşa İsa Məsihin çarmıxa çəkilmə anının vizual güzgüsü idi. Ali illər boyu xilas etməyə çalışdığı gənclərin adını yazdığı o “ölülər kitabına” Rue-nun da adını əlavə edəndə artıq öz rəhmət və bağışlama inancını itirdi; o, “bəzən empatiya kömək etmir” deyərək öz imanını kənara qoydu və Rue-nun qisası üçün hər şeyi gözə aldı. Onun Alamo-nun strip klubuna girib o qanlı dueldə Alamo və G-ni güllələməsi — köhnə əhdin o kəsici, intiqamçı ədalətinin bədən tapması idi.

Bu dəhşətli günahlar zəncirinin digər tərəfində isə Cassie, Nate və Jules üçbucağının qalıqları dayanırdı. Ətrafındakı hər kəsə cəhənnəmi yaşadan, lakin sonda öz qurduğu o tikinti malikanəsində ilan zəhəri ilə qorxulu şəkildə can verən Nate Jacobs, göylərdən qovulmuş Lüsiferin özü idi. Onun ölümündən bir az əvvəl qumda bitən o qəribə, son dərəcə zəhərli “wolfsbane” (itboğan) çiçəyini dəli kimi, qəzəblə tapdalaması isə daxilindəki məhv olan gəncliyinin və daxili yırtıcısının son rəmzi idi; o, öz qorxulu sonunu bilirdi və o gülü tapdalayaraq əslində öz daxili çürüməsini, öz dağıdıcı Qəzəb və Təkəbbürünü yerlə yeksan edirdi. Onun ölümündən sonra OnlyFans dünyasında yaşamağa davam edən və geyimlərindəki o heç vaxt böyüməyən, LoveShackFancy üslublu məktəbli qız imici ilə Cassie əslində sevgiyə və diqqətə olan doymaq bilməyən mənəvi Tamahkarlıq və Qarınqululuq günahını təmsil edirdi. Jules isə o sənət studiyasında Acne Studios donu ilə rəsmlər çəkib bir plastik cərrahın “sugar baby”si olmaq tələsinə düşərkən daxilindəki Şəhvət burulğanından və Rue-nu vaxtilə satmağın vicdan əzabından qaçmağa çalışırdı. Bütün bu qaranlıq ordunun qarşısında isə serial bizə Fezco və Lexie təmizliyini saxlamışdı. Həbsxanada çürüyən və real həyatda vaxtsız itirdiyimiz Angus Cloud-un xatirəsinə bir hörmət olaraq Fezco bu mövsümdə günahsız yerə əzab çəkən bir müqəddəs kimi təsvir olunub. Lexie isə öz intellektual, ciddi geyimləri və Bibliyanın dramaturji olaraq nə qədər mükəmməl ssenari olduğunu pıçıldadığı o monoloqları ilə bu neon cəhənnəmdə baş verənləri kənardan izləyən o təmiz vicdanın son səsi idi.

Ali-nin o son səhnədə Rue-nun mütənasib keçmiş olduğu o sakit Texas təsərrüfatına gedib boş bir stulun qarşısında etdiyi o süfrə duası və Rue-nun göylərdən gələn “May God bless us all” səsi bizə sübut etdi ki, bəzən ölüm belə ən böyük azadlıqdır!