Skip to content

Dynamix

Aisel ilə paralel dünyaya 44 dəqiqəlik səyahət

Gündəmdə yenə Aisel var. Deyə bilərik ki, tənbəllik və Aisel əsl antonimdir. Sənətçinin 90-cı illərdən başlayan musiqi səyahəti demək olar ki, heç dayanmayıb. Bununla yanaşı, o, hər mövsüm özünü yeniləməyi və fərqlilik yaratmağı da çox yaxşı bacarır.

Özünə heç bir sərhəd tanımayan Aisel coverləri, Avroviziya macəraları, həzin və dominant mahnıları ilə gənc nəslin qəlbinə yol tapmağı bacaran, adından müxtəlif sahələrdə söz etdirən ifaçılardandır. Hətta bu məqaləni yazarkən belə, Aisel hazırda Wuf13 səhnəsində həmkarı Elnur Hüseynov ilə birlikdə gecənin möhtəşəm bağlanışına damğa vurur.

“Qələbəm sayıla bilər səni tərk etməyim” sözləri ilə yadda qalan “Qaradan Qara” mahnısı isə onun haqqında formalaşmış melanxolik ifaçı obrazını tamamilə dağıdaraq bizi bugünkü Aiselə adaptasiya olmağa kömək etmişdi.

İndi isə sənətçi bizə yeni və bir qədər də “Aiselvari” hiss etdirən albomunu təqdim edib. Biz də fürsəti qaçırmayaraq bu musiqili hədiyyəni sevgi ilə qəbul etdik, heyranlıqla dinlədik və sizin üçün təhlil etdik.

Elə isə gəlin albomla yaxından tanış olaq və görək pop mədəniyyətimizin kreativ qızı bu dəfə bizə hansı mesajları ötürür.

İndi isə özünüzü bir anlıq bu dünyada deyil, paralel bir kainatda hiss edin. Çətindir, elə deyilmi? Çünki bu albom məhz belə bir aura yaradır. 8 eksperimental parçadan ibarət studiya albomu eksperimental, ruhani və elektron çalarları ilə bizi dünyanın qarışıqlığından 44 dəqiqəlik uzaqlaşdıraraq paralel bir aləmə dəvət edir.

Latın dilindən gələn və “şüuraltı gizli mesaj” mənasını daşıyan “Subliminals” adı da albomun konsepsiyasını tam şəkildə əks etdirir desək, yanılmarıq.

Kiçik bir qeyd: Bu albom düşüncələrimizi pozitivə yönləndirmək və bizi ruhani bir mərhələyə yüksəltmək məqsədilə hazırlanıb.


Alboma daxil olan mahnılar bunlardır:

— “Here I”
— “Mosquito Kiss”
— “11”
— “Başqa Bir Aləmdəyik”
— “I’m Foreign”
— “Apart”
— “Ruh Code – Extended Version”
— “İcazə Ver – Extended Version”

Alboma daxil olan və artıq işıq üzü görən iki mahnı isə “Ruh Code” və “İcazə Ver”dir. “Ruh Code” dinləyicini mənəvi dincliyə aparan ruhani atmosferi ilə seçilir. “İcazə Ver” mahnısına isə klip də təqdim olunub.

Albomu fərqləndirən digər xoş detal isə mahnıların həm Azərbaycan, həm də ingilis dillərində təqdim edilməsidir.

“İzlə, dəyiş və dinlə” şüarı da təsadüfən seçilməyib. Məhz bu gün qədim ruhların məskəni sayılan Atəşgah Məbədi ərazisində saat 20:00-da “Subliminals” albomunun təqdimatı baş tutacaq.