İdmançılarımızın, musiqiçilərimizin və tələbələrimizin qazandırdığı uğurlarla yanaşı, bu dəfə bizi beynəlxalq arenada qısametrajlı filmlərimiz sevindirdi. Fransanın Kann şəhərində keçirilən və artıq 79-cu dəfə təşkil olunan film festivalının “SFC | Rendez-vous Industry” proqramına iki qısametrajlı filmimiz daxil edilib. Beynəlxalq arenada bizi təmsil edən filmlərimizə gəlin yaxından nəzər salaq:
“Erkən hisslər” — dünya premyerasını 65-ci Krakov Beynəlxalq Film Festivalında edən film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Rental Azərbaycan” tərəfindən istehsal olunub. 20 dəqiqəlik film qara komediya janrındadır. Süjet xəttinin əsas hissəsi uşaqlıq dövründə yaşanan ilkin hisslərlə bağlıdır. Hələ 11 yaşında olan Ziya ilk dəfə qarşılaşdığı emosiyalarla üz-üzə qalır. O, qonşusunun ölüm hadisəsini anlamağa çalışır. Eyni zamanda, dəfn mərasiminə gələn bir qızın diqqətini çəkmək istəyir; ilk sevgi hissini yaşayır və paralel olaraq rəqabət duyğusunu da hiss edir.

“Yulaf Dönərgə” — emosional tonlara sahib animasiya filmidir. Hadisələrin mərkəzində yenə bir uşaq dayanır. Süjet səhər yeməyi zamanı valideynlərinin mübahisəsinə şahid olan uşağın keçirdiyi qorxu və narahatlıq hissləri üzərində qurulub. Uşağın gözündə adi yulaf sıyığı bir növ canavara çevrilir. Film birbaşa məişət dramı kimi deyil, uşaqların emosional baxış bucağını ön plana çıxaran bir hekayə kimi təqdim olunur.
Rejissoru İzabela Plucińska olan film Polşa, Almaniya və Azərbaycanın ortaq istehsalıdır. Dünya premyerası isə 30-cu Animak Kataloniya Beynəlxalq Animasiya Film Festivalında baş tutub.
Mənbə: kinoinfo.az
