Film sənayesinin ən sevilən janrlarından biri məhz qorxu filmləridir. Deyə bilərik ki, 2026-cı il bir çox baxımdan qorxu filmləri üçün uğurlu bir il oldu. Dynamix Magazine olaraq sizlərə bir çox platformda özünü sübut etmiş 7 qorxu ekran işini təqdim edirik.
Popkornlarınızı hazır edin və yerinizdə möhkəm tutunun, pərdələr qalxır və adrenalin başlayır.
1.Obsession
Curry Barker tərəfindən ekranlaşdırılan Obsession filmi bir ara Letterboxd TOP 500-ə daxil olmuş və hər kəsin ansızın paylaşdığı bir film olaraq 2026-da çıxmış diqqət çəkən işlərdən idi.
İlk baxışda klassik qorxu süjeti təsiri bağışlasa da, əslində mərkəzində sevgi, mənimsəmə və azad iradə kimi qorxu filmində gözlənilməyən mövzuları ehtiva edir. Bəlkə də elə bu saydıqlarım filmi çoxları tərəfindən sevilən iş etdi. Film qarşılıqsız sevgi yaşayan Bearin uşaqlıq dostu Nikkinin ona aşiq olması üçün dilək tutması ilə başlayır. Arzusunu Nikkinin ona aşiq olması ilə işlədən Bearin diləyi reallaşır, lakin Bear tezliklə başa düşür ki, əldə etdiyi şey sevgi deyil, obsesiyadır.
Bir insanın səni sevməsini istəmək ilə onun səni sevməyə məcbur olması arasında böyük fərq var. Bear öz istəyini Nikkinin azad iradəsindən üstün tutaraq romantik arzusunu yavaş-yavaş kabusa çevirir. Bu baxımdan film “sevilmək haqqı” ilə “sevilmək istəyi” arasındakı sərhədi göstərir. Günlük həyatda da Nikki bənzəri şəxslər görmək mümkündür. Bu yerdə mən hər hansısa spesifik bir cinsiyyət qeyd etməyə ehtiyac yoxdur. Çünki bilirik ki, həm kişilər, həm də qadınlar bu cür davranış nümayiş etdirir, təəssüflər olsun ki.
Inde Navarrettein Nikki obrazındakı aktyor işi filmin əsas üstünlüklərindəndir. Onun adi, dinamik ruhdan getdikcə daha narahatedici bir rola çevrilməsi filmin psixoloji tərəfini gücləndirir. Curry Barker isə qorxu, qara yumor və romantik komediya elementlərini birləşdirərək filmin tonunu daim dəyişir. Ki bu cür sərt ton dəyişiklikləri filmi izləyənlərdə bəzən xoş təsir bağışlamaya bilir. Bu janrların və ya elementlərin harmaniyası bəzən süni hiss etdirdi. Bu süniliyi sezmək isə bəzi səhnələrdəki həvəsimi sınağa çəkdi.
Xüsusilə bəzi personajların motivasiyaları daha dərindən işlənə bilərdi və filmin mesajı müəyyən məqamlarda bir qədər açıq şəkildə izah olunur. Hər şeyin gizli olmalı olduğu ilə bağlı hər hansısa bir iddiam yoxdur, ancaq bu qədər açıq izah etmək tamaşaçının düşünməsinin qarşısını alır və ona sadəcə izləməyi tənbehləyir. Halbuki tamaşaçı bir-iki yerdə sual verən, film bitəndə isə düşünən tərəf olduqda filmin keyfiyyəti birbaşa artır. Buna baxmayaraq, atmosferi, aktyor oyunu və əsas ideyası filmi adi qorxu filmi nümunəsindən ayırır.
Filmin hekayəsi kifayət qədər sadə olsa da, Barker onu vizual baxımdan daha böyük və atmosferik göstərməyə cəhd göstərib. Və nəzərə alsaq ki, büdcəsi limitli olub. Kölgələr, dar məkanlar, gecə çəkilişləri və yavaş kamera hərəkətləri filmin psixoloji gərginliyini artırmağa necə səy göstərdiklərini göstərir. Xüsusilə Nikkinin hərəkətlərində istifadə olunan kadrlar onun artıq “tanıdığımız Nikki” olmadığını hiss etdirmək üçün uğurlu addımlardan biridir. Los Angeles Times qəzeti özü də filmin ssenarisində müəyyən boşluqlar və sadəlik olduğunu qeyd etsə də, Barkerin əsas gücünün stil, temp və performansları idarə etmək olduğunu qeyd edib.
Filmin xüsusi ilə 2-ci yarısında temp bir qədər qeyri-müəyyən və qeyri-bərabər olur. Bu da tamaşaçı üçün bitsin və günlük rutinimə geri qayıdım ab-havası verir. Bir başqa nöqsan isə qorxu elementləri bir qədər güclü ideya qədər effektli, orjinal deyildi. Və həmin səhnələr üçün təxmin edilməsi asan plot yazılması da izləmə zövqünü aşağı salan amillərdəndir.
Obsession əslində canavarlardan və fövqəltəbii hadisələrdən çox, insanın sevdiyi şəxs üzərində sahiblik qurmaq istəyinin nə qədər təhlükəli ola biləcəyini izah edir və bəhs edir. Film bir daha göstərir ki, qarşılıqlı seçim yoxdursa, sevgi artıq sevgi deyil. Bu alışılan bir hissin, anın, şəxsin həyati prioritet edilməsidir. Hansı ki, heç bir insan ideallaşdırılmamalıdır.
Spoiler ehtiva edən qisim:
Nikki obrazının filmin başlarında göstərilən ölü pişik olduğu iddiasını sosial mediada yer alır. Onun davranışlarını analiz edəndə, həqiqətən, pişik olduğu anlaşılır.
2.Backrooms
Kane Parsonsun rejissor stulunda oturduğu Backrooms filmi internetdə geniş müzakirələrə səbəb olmuş və uşaqlığımızın bir hissəsinə çevrilmiş bir tarixi əsər mahiyyətinə çata biləcək qədər məşhur olan creepypasta fenomenini böyük ekrana daşıyaraq liminal qorxu elementləri anlayışına yeni nəfəs və baxış bucağı gətirib. Əgər studiolar bu filmdən sonra digər creepypasta elementlərini bəyaz pərdəyə daşısa, bu heç də təəccüblü hal olmaz. Təxminlər bu yöndədir ki, Backrroms özü olmaq üzərə bu cür internet mifləri və personajları bizlərə təqdim edilməyə davam edəcək. Filmə gəldikdə isə, Backrooms adi görünən bir mebel mağazasının zirzəmisində açılan sirli keçiddən sonra sonsuz və qəribə məkanlar dünyasına düşən Clark və onun ətrafındakı insanların hekayəsini bizə təqdim edir, amma biz buna görə filmi adi qorxu filmi adlandıra bilmərik. Çünki türklərin və hollivudun öz qəlbləşmiş cin və fövqəltəbii canlılarını birbaşa görmürük. Daha çox yaddaş, tənhalıq, itki və reallıq hissinin itirilməsi kimi mövzuları ön plana çıxarır.
Filmin ən böyük üstünlüyü onun qurmağa çalışdığı atmosferidir. Sarımtıl divarlar, titrəyən floresan lampalar, sonsuz dəhlizlər və boş məkanlar tamaşaçıda davamlı narahatlıq hissi yaratmaq cəhdləridir. Düzü bəzi yerlərdə bu hiss olduqca yorucu və bezdirici hal aldı və marağı itmiş oldu. Rejissor özü adi və gündəlik görünən məkanları kabusa çevirməyi bir qədər bacarıb. Xüsusilə filmin səs dizaynı və minimal musiqi istifadəsi qorxunu jumpscare-lərdən daha çox atmosfer üzərindən qurur. Bizə random anlarda absurd tərzdə “bööö” deyib böyürən canlılarla qorxu salmaq yerinə, uzun səhnələrlə qorxu və narahatlıq yaratmağa çalışıblar. Bu səbəbdən Backrooms klassik horror filmindən daha çox, hərəkət edən bir kabus təsiri bağışlayıb.
Renate Reinsve də filmin emosional tərəfini gücləndirib. Renate “The Worst Person in The World” və “Sentimental Value” kimi işləri ilə adından tez-tez bəhs etdirən aktyor işinə sahibdir.. Filmin ən sevdirən tərəfi bizə görə bu qadının bu rol üçün içində olduğu üstün aktyor işi idi. Əgər kinoteatrda izləsənsə, sizi onun aktyor işi yuxuya getməyə icazə verməzdi. Hətta internetdə yer alan bəzi şərhlər kaş Renateyə daha çox yer verilsə, dedirdib.
Bununla belə, Backrooms bütün tamaşaçılar üçün işləməyə bilər. Xüsusi ilə də qorxu filmi pərəstişkarlarına. Filmin ən böyük problemi hekayənin bəzi məqamlarda atmosferin kölgəsində qalmasıdır. Süjet müəyyən suallara cavab vermək əvəzinə onları açıq saxlayır və bu, bəzi izləyicilərdə maraqdan çox narazılıq yarada bilər. Ucu açıq filmlər tamaşaçını düşündürdüyü üçün olduqca dəyərli ola bilir, ancaq bu tip mainstream işlərdə bu sadəcə uğursuz hekayə yazımınının göstəricisindən başqa şey deyil. Biz izləyənlərə daha çox hekayə verərək daha çox suallara cavab verə bilərdilər. Bu da hekayəni yarım-yamalaqlıq hissindən çıxarardı.
Həmçinin ikinci hissədə film liminal məkanın sirrini izah etməyə başladıqda, ilk hissədəki müəmmalı atmosfer müəyyən qədər zəifləyir. Bəzi tənqidçilər də məhz hekayənin və personajların vizual konsepsiya qədər güclü olmadığını vurğulayıblar. Ki buna görə də onları günahlandıra bilmərik. Çünki əsas personajlarımızın psixoloji qatlarına çox toxunulmur və bu da obrazdakı motivasiyanın əskik və absurd dərəcədə yersiz olduğuna dəlalət edir. İstifadə edilən bəzi qorxu elementləri isə gərginliyi artırmaqdansa, daha da azaldır. Məsələn, canavarın konkretləşməsi sirli qorxunu daha adi hala gətirir. Bayaq da qeyd etdiyimiz kimi, filmi daha sirli edəcəyik adı ilə açıq uclu adı altında yarımçıq film təqdim ediblər. Daha çox bitmiş film deyil, sadəcə adi bir serialın 1 bölümünü bitirmisiz kimi hiss etdirir.
Filmin 2005 təvəllüdlü biri tərəfindən idarə olduğunu düşünəndə qeyd etdiyimiz nüanslar o qədər də təəccüblü gəlmir. Kane bəyə uğurlar arzu edirik və ilk böyük və uzunmetrajlı filmi üçün normal, hətta yaxşı iş çıxarıb. Və bu filmlə adi kontentlərin belə nə qədər güclü təsirə malik ola biləcəyini görmüş olduq.
3.Leviticus
Əvvəla onu qeyd edək ki, burada yer alan aktyorların “no name” olması fərqli iş baxımından müsbət təsir bağışlayır. Artıq Hollivudda eyni simaların önümüzə servis edilməsi bir çox tamaşaçını sıxmışdı. Aktyorların ilk işlərindən biri olduğu üçün acting bəzi yerlərdə süni alınmışdı. Və böyük ehtimalla plot səbəbi ilə bəzən obrazların motivasiyası ya tez ötüşdürülür, ya da bildirilmirdi.
Hekayəyə daha çox toxunmalı olsam, filmdə zahirən iki yeniyetmə arasında yaranan qəribə bir münasibət və onları izləməkdə olan edən qeyri-adi varlıq haqqında qorxu filmidir. Ancaq filmin qorxusu əslində bilinməyən varlıqdan daha çox özünü olduğu kimi ifadə edə bilməməkdən yaranır. Obrazlar bir-birinə qarşı hissləri qorumacı mühafizəkar bir cəmiyyətin və dini təzyiqin içində təhlükəli hala gəlir. Onları “düzəltmək” adı ilə həyata keçirilən ekzorsizm isə filmin əsas simvollarından və metaforlarından biridir. Rejissor beləliklə, queer insanların öz istəklərini və kimliklərini gizlətməyə məcbur edilməsini klassik qorxu janrının dili ilə tamaşaçısına göstərir.
Filmin ən maraqlı konsepti isə canavarın qurbanın ən çox arzuladığı insanın formasına girməsidir. İlk baxışda bu, sevginin necə də təhlükəli bir mövhum olması kimi görünə və interpretasiya edilə bilər, amma əslində film bunun tam əksini deyir izləyənlərinə. Təhlükə sevginin özündə deyil, cəmiyyətin həmin sevgini qorxulu və günahkar kimi təqdim etməsindədir. Filmin adının Leviticus olmasının da səbəbi var. Əhdi-Ətiqdəki Levililər kitabına istinad edən ad, LGBTQ+ insanlara qarşı dini arqumentlərin necə istifadə edildiyini açıq-aydın gözlər önünə sərir və göstərir. Buna görə filmdəki anormal varlıq müəyyən mənada daxili qorxu, homofobiya, dini təzyiq və cəmiyyətin insanın öz arzusuna qarşı yaratdığı varlığın fiziki formasıdır.
4.Disclosure Day
Steven Spielberg tərəfindən ekranlaşdırılan bir işdən daha çoxunu gözlənildiyini diqqətinizə çatdırmaq istəyirik. Disclosure Day filmi yadplanetlilər ilə ilk dəfə təmas mövzusunu kino tarixində ələ almır. Bu mövzuda neçə film ərsəyə gətirilib, onun əsas marağı kosmosdan çox insanlığın naməlum qarşısında verdiyi reaksiyadır. Film bəşəriyyətin uzun illərdir cavab axtardığı “kainatda təkikmi?” sualını nəhayət cavablandırır, lakin bu cavabın özü yeni suallar doğurur. Və doğan sualların rejissor tərəfindən alt mətni doldurulmur. Onun üçün yadplanetli mövhum bir təhlükədən daha çox, insanın öz qorxuları və limitləri ilə üzləşməsinin vasitəsinə çevrilir.
Filmin ən güclü tərəfi bu mövzunu klassik elmi-fantastik blokbasterdən daha fəlsəfi müstəviyə daşımağa cəhd göstərməsidi. Burda əsas qarşıdurma “insanlar yadplanetlilərlə dava edəcəkmi?” sualından çox, “insanlıq özündən fərqli olanı qəbul etməyə hazırdırmı?” sualıdır. Rejissor yenə də möcüzə hissini qoruyur, fəqət bu dəfə möcüzənin içində qorxu da var. Naməlumun özü deyil, onun insan cəmiyyətində yaratdığı parçalanma daha təhlükəli görünür.
Bununla belə, Disclosure Day bəzi məqamlarda ideyalarının ağırlığı ilə emosional hekayəsi arasında tam balans yarada bilmir. Bəzi personajlar filmin böyük fəlsəfi suallarını daşımaq üçün yaradılmış kimi görünür və süjet müəyyən məqamlarda təxmin edilməsi çox mümkün bir istiqamətə gedir. Buna baxmayaraq, Spielbergin vizual dili, ilk təmasın yaratdığı heyrət hissi və filmin insanlıq haqqında verdiyi suallar əsəri sıradan yadplanetli filmindən bir qədər fərqləndirir.
5.The Summer Hikaru Died
2026-cı ildə 1-ci sezonu yekunlaşan bu anime serialı bir çox fanatın diqqətini ilk andan cəlb edə bildi. Bu sadəcə iki yeniyetmənin həyatından səhnələri deyil, daha vacib sualları ələ alan animedir. Filmin mərkəzində duran məsələ “İnsan olmaq nədir?”, “Bir canlı nə vaxt insan olur?”, “İnsanın xatirələri kopyalansa və başqa mövhuma köçürülsə, yenə o insan olarmı?”, “Sevginin spesifik növləri lənət və ya bədheybətdirmi?” kimi insani suallar ətrafında fırlanır hekayə və bunu edərkən onu fövqəl-təbii canlıları içində ehtiva etdirərək formalaşdırır.
Həmin fövqəl-təbii canlıların anime estetikası ilə birləşməsi isə tamaşaçıların izləmə zövqünü birə-beş artırır. Onu bu qədər qorxulu edən məqam isə birdən dəyişən kadrlardan çox psixolojik olaraq təzyiq hiss etdirərək tamaşaçını qorxutmasıdır. Bu nümunə belə qorxu anlayışının film sənayesində köklü olaraq dəyişdiyinin bariz sübutudur. Hekayənin davamı maraqlı gələn və 2-ci sezonu gözləyə bilməyən şəxslərə isə mangaları oxumağı şiddətlə tövsiyə edirik.
6.The Amazing Digital Circus: The Last Act
Süni intellektin demək olar ki, bütün işlərimizə biləvasitə təsirini görürük. Bəs sadəcə süni intellekt bir obrazın yaratdığı “saxta dünya” necə olardı? Bu tam olaraq “The Amazing Digital Circus” animasiyasının toxunduğu mövzudur.
Çox şən ab-hava ilə başlayan animasiyanın irəli dəqiqələrində bizlər hiss edirik ki, bu al-əlvan dünya özündə dəhşətli sirlər gizləyir və baş rol personajımız bu dünyayı kəşf edərək “gerçək dünyaya” keçməyin bir yolunu axtarır.
Adi Youtube animasiyası kimi başlayan bu silsilə psixologiya və fəlsəfəni bu qədər uğurla ekranlaşdıran işlərdəndir. 2026-ın iyun ayında paylaşılan final filmi isə hekayəni sonlandıran hissədir və biz burada “simuliyasiya” fərziyyəsinin təzahürünün necə işləndiyini görürük. Onu da qeyd edək ki, bu animasiya 1967-ci ildə çıxan “I Have No Mouth, and I Must Scream” qısa qorxu hekayəsindən ilhamlanaraq hazırlanıb.
7.Scream 7
Qorxu filmlərində qatilin kimliyini tapmağa çalışmaq artıq klassikləşmiş bir plot axını olsa da, “Scream” bu plotu hər dəfə özünəməxsus fərqli bir şəkildə dəyişməyi bacaran silsilələrdəndir. Bəs bu dəfə Ghostface-in qurbanları kim olacaq və keçmişdən gələn hansı sirr yenidən üzə çıxacaq?
İlk baxışda klassik “öldür və axtar” kimi davam etdirən film, əslində, qorxu janrının özünü və tamaşaçı ilə qurduğu münasibəti də şübhə altıma atmağa çalışır. Ghostface sadəcə bir qatil deyil. O, illərdir “Scream” dünyasının içində qorxu filmlərinin qaydalarını bilən və həmin qaydaları qurbanlarına qarşı istifadə edən bir fiqurdur.
Silsilənin son filmi isə əvvəlki hissələrdə qurulan hekayələri cəmləşdirib keçmişlə bu gün arasındakı əlaqəni ön plana çıxarmağa cəhd göstərir. Burada nostalji sadəcə köhnə personajların və hadisələrin geri qayıtması üçün istifadə olunmur.
Adi bir qatil–qurban hekayəsi kimi başlayan silsilənin illər ərzində meta-qorxu janrının ən tanınan və qorxu mövzulu şənliklərin ən axtarılan cosplaylərindən birinə çevrilib. Xüsusən hər Halloween ən çox istifadə edilən cosplay bu filmin obrazı Ghostface-ə məxsusdur. Film həm qorxu filmlərinin klişelərindən istifadə edir, həm də həmin klişelərin özünü sorğulayır.
Bütün bu ekran işlərinə birlikdə baxdıqda isə bir məqam xüsusilə diqqət çəkir. Müasir qorxu artıq yalnız qaranlıq otaqdan və orada gizlənən varlıqdan ibarət deyil, bəzən qorxunun mənbəyi sevilmək istəyimiz, bəzən kimliyimizi gizlətmək məcburiyyətimiz, bəzən texnologiyanın yaratdığı saxta reallıq, bəzən isə insanlığın naməlum qarşısındakı reaksiyasıdır.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.
