Nizami Gəncəvinin minillik fəlsəfəsini Bakı undergroundunun tünd, dumanlı zirzəmilərinə endirib, üstünə ağır baslar və hip-hop ritmləri əlavə etsək nə alınar? Əlbəttə ki, SAYBU-nun yenicə işıq üzü görən konseptual albomu “MAJNUN”.
SAYBU bu dəfə “Məcnun səhrada azıb” konsepti ilə müasir insanın daxili tənhalığını və cəmiyyətdən qaçışını tam 22 parçadan ibarət (1 intro, 1 interlude, 4 skit, 1 freestyle, 1 outro,1 bonus trek və 14 track) nəhəng bir audio-spektakla çevirib. Layihənin musiqi prodüseri isə Blawnsh-dır.
Albomu konseptuallaşdıran, fikrimizcə “skitlərdir”. “MÜƏMMA”, “SƏS”, “YOL” və “FƏRQİNDƏLİK” skitlərinə o qaranlıq, bədii dram atmosferini bəxş edən məhz Kamran Ağabalayevin səsləndirdiyi poetik monoloqlardır. Onun səsi albomu sadəcə bir rep pleylisti olmaqdan çıxarıb bir teatr tamaşasına çevirir.
Eyni zamanda, bu dumanlı səhrada Azərbaycan musiqisinin ən maraqlı adları SAYBU-ya səhradə yoldaşlıq ediblər:
“YADDA SAXLA” (feat. FAHREE): Fahree öz etnik və futuristik vokal toxunuşu ilə albomun ab-havasını qəfil dəyişib.
“DERBY KENTUCKY” (feat. GEKKO G): Gekko G özünəməxsus kəskin ritmi və repi ilə trekin dinamikasını pik nöqtəyə qaldırıb.
“BİR SAVAŞIN İÇİNDƏYƏM” (feat. OKABER): Underground-un əfsanəsi Okaber-in bu trekə gəlişi, albomun o ağır, döyüşkən və fəlsəfi tərəfini tam mənası ilə tamamlayıb.
“DÖN, BİR BAX” (feat. JABEEL): Sona yaxın gələn bu trekdə Jabeel-in vokalı hekayənin emosional yükünü artırıb.
“BİLƏRZİK” və “İPS”
Albomun vizit kartı və ilk rəsmi ekran işi olan “BİLƏRZİK”, ilk saniyələrdən dinləyiciyə dərin underground hissləri ötürür. Klipin vizual gücünü artıran ən böyük sürpriz isə ekran işində məşhur model Günay Musayevanın rol almasıdır. Ardınca gələn “İPS” və “GG” isə SAYBU-nun o kəskin küçə imzasını qoruyub saxlayır.
“TƏKLİYİ TANRIDAN ÖYRƏNDİM“
Albomun fəlsəfi zirvəsi birmənalı olaraq bu trekdir. Sufi fəlsəfəsinin mistik tənhalıq anlayışı müasir trep musiqisi ilə elə harmoniyada birləşib ki, adam istər-istəməz düşünür: Görəsən Nizami Gəncəvi bu gün yaşasaydı, Məcnunun səhra əzablarını məhz belə tünd, dumanlı hip-hop aranjimanı üzərində qurardımı?
Albomun sonundakı “AĞ GÖYƏRÇİN” bonus treki isə bütün bu qaranlıq səyahətin sonunda dinləyiciyə sakitləşdirici bir final bəxş edir.
Cover photo Credit: SAYBU (Instagram)
