Avroviziya Mahnı Müsabiqəsi 2026-nın rəsmi açılış mərasimi baş tutub. Təmsilçi və nümayəndə heyətimiz firuzəyi xalça yürüşünə daxil olarkən fonda Aygün Kazımovanın SOS mahnısı səsləndirilib. Sənətçi isə təqdimat zamanı “modern və özünəinamlı pop ikona” kimi xarakterizə olunub.
Artıq ənənəyə çevrilən firuzəyi xalça yürüşündə ölkə təmsilçimiz Cəmilə Həşimova futuristik qlamur və edgy üslubunun sintezindən ibarət gümüşü-açıq mavi libası ilə diqqət çəkib.
Kamilla Babayeva – Larc imzası daşıyan Jivanın geyimi gümüşü rəngli payetlərlə işlənib. Libas işıq altında parıldayaraq xalça mərasimləri üçün olduqca uğurlu seçim olub. Parçanın ağır və axıcı görüntüsü onun bədən xətlərini zərif şəkildə vurğulayıb.
Qısa üst geyim və uzun yubkadan ibarət kombinasiya Jivaya modern və cəsarətli hava qatıb. Zərif və parlaq material üzərində istifadə olunan iki qalın qara dəri kəmər isə ümumi görünüşə punk toxunuşu əlavə edib.
Jivanın sadə makiyajı onun təbii gözəlliyini ön plana çıxarıb. Saçının alnına düşən hissəsinin aypara formasını xatırlatması isə milli-mənəvi ruhumuza incə işarə kimi görünüb.
