Hər ölkənin ən əsas sədası onun himnidir. Azərbaycanın musiqi yaddaşı isə yalnız bir himndən ibarət deyil. Bu yaddaşın arxasında bir əsrdən artıq tarix, müxtəlif musiqi cərəyanları və öz dövrünün səsini yaradan böyük bəstəkarlar dayanır.
Təsadüfi deyil ki, Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəyovun doğum günü 18 sentyabr ölkədə Milli Musiqi Günü kimi qeyd olunur.
Bu tarixin musiqi bayramına çevrilməsi ənənəsinin əsasını isə Maestro Niyazi qoyub. Üzeyir Hacıbəyovun vəfatından sonra Niyazi hər il bəstəkarın doğum gününü xüsusi tədbirlərlə qeyd edərdi. Ənənəvi olaraq, həmin gün Bakı Musiqi Akademiyasının qarşısında böyük izdiham yaranar, Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyi ilə bəstəkarın əsərlərini ifa edərdi.
Bu gün 18 sentyabr sadəcə təqvimdəki bir tarix deyil. Azərbaycan musiqisinin keçdiyi yolu xatırlamaq, onun müxtəlif dövrlərini və bu yolun formalaşmasında rol oynayan sənətkarları yada salmaq üçün bir fürsətdir.
Azərbaycan professional musiqisinin təməlindən müasir estrada və caz səhnəsinə qədər — musiqimizin səsini formalaşdıran səkkiz böyük ada nəzər salaq.
Üzeyir Hacıbəyov
Azərbaycan professional musiqi mədəniyyətinin banisi olan Üzeyir Hacıbəyov milli musiqimizin tarixində yeni bir dövrün əsasını qoydu.
Onun 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası müsəlman Şərqində ilk opera kimi tarixə düşdü. Ardınca gələn “Koroğlu” operası isə Hacıbəyovun bəstəkarlıq irsinin ən monumental nümunələrindən birinə çevrildi.
Lakin Hacıbəyovun fəaliyyəti yalnız bəstəkarlıqla məhdudlaşmırdı. O, Azərbaycanda musiqi təhsilinin və peşəkar musiqi həyatının formalaşmasında mühüm rol oynadı. Musiqi məktəblərinin, konservatoriyanın, xor kollektivlərinin və xalq çalğı alətləri orkestrinin yaradılması onun adı ilə bağlıdır.
Üzeyir Hacıbəyov Azərbaycan musiqisinin yalnız əsərlərini deyil, musiqi məktəbinin özünü formalaşdıran şəxs oldu.
Müslüm Maqomayev
Azərbaycan musiqisinin həm klassik, həm də estrada tarixində xüsusi yeri olan Müslüm Maqomayev geniş auditoriyaya öz güclü səsi və səhnə mədəniyyəti ilə tanındı.
1962-ci ildə Helsinkidə keçirilən Ümumdünya Festivalında uğur qazandıqdan sonra onun beynəlxalq səhnədə tanınması sürətləndi. Maqomayev daha sonra İtaliyanın məşhur “La Scala” teatrında təcrübə keçdi, 1966-cı ildə isə Parisin “Olympia” salonunda çıxış etdi.
1970-ci illərdə SSRİ məkanında böyük populyarlıq qazanan sənətçinin repertuarı Azərbaycan mahnıları ilə məhdudlaşmırdı. O, dünya musiqisinin məşhur nümunələrini də özünəməxsus ifa tərzi ilə təqdim edirdi.
Müslüm Maqomayev beləliklə, Azərbaycan vokal məktəbinin adını böyük sovet səhnəsinə və beynəlxalq auditoriyaya çıxaran sənətkarlardan birinə çevrildi.
Qara Qarayev
Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Qara Qarayev milli musiqi irsini müasir bəstəkarlıq texnikaları ilə birləşdirərək özünəməxsus musiqi dili yaratdı.
Onun yaradıcılığında “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri xüsusi yer tutur. Bu əsərlər müxtəlif ölkələrin səhnələrində nümayiş etdirilərək Azərbaycan bəstəkarlıq məktəbinin beynəlxalq miqyasda tanınmasına töhfə verdi.
Qarayev Azərbaycan musiqisinin milli xüsusiyyətlərini qorumaqla yanaşı, onu dünya akademik musiqisinin çağdaş dili ilə əlaqələndirən bəstəkar nəslinin əsas simalarından idi.
Tofiq Quliyev
Tofiq Quliyev bəstəkar, pianoçu və dirijor kimi Azərbaycan estrada musiqisinin formalaşmasında mühüm rol oynadı.
“Bakı haqqında mahnı”, “Sənə də qalmaz”, “Azərbaycan” kimi əsərləri onun yaradıcılığının ən tanınan nümunələri sırasındadır.
Quliyev Azərbaycan kinosuna da mühüm musiqi irsi bəxş edib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Onu bağışlamaq olarmı?” kimi filmlərə yazdığı musiqilər bəstəkarın kino sənəti ilə sıx əlaqəsini göstərir.
1930-cu illərdən başlayan peşəkar fəaliyyəti ərzində Tofiq Quliyev Azərbaycan estrada musiqisinin əsas istiqamətlərinin formalaşmasına təsir göstərdi. Onun mahnıları isə bu gün də Azərbaycan musiqi yaddaşının tanınan nümunələri arasında yaşayır.
Emin Sabitoğlu
Azərbaycan musiqisinin ən məhsuldar bəstəkarlarından biri olan Emin Sabitoğlu mahnı, kino və musiqili teatr sahəsində zəngin irs yaradıb.
O, 600-dən çox mahnı, 9 musiqili komediya və 40-a yaxın film üçün musiqi yazıb. “Şükriyyə”, “Bakı, sabahın xeyir”, “Payız gəldi”, “Aman ayrılıq” kimi mahnılar onun yaradıcılığının ən çox tanınan nümunələrindəndir.
Sabitoğlu 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru kimi çalışıb. Daha sonra Dövlət Filarmoniyasında bədii rəhbər kimi fəaliyyət göstərib, konservatoriyada dərs deyib.
Onun yaradıcılığında melodik sadəlik, emosional dərinlik və Azərbaycan insanının gündəlik həyatına yaxın mövzular xüsusi yer tutur.
Vaqif Mustafazadə
Azərbaycan cazının tarixindən danışarkən Vaqif Mustafazadənin adını xüsusi qeyd etmək lazımdır.
O, Azərbaycan muğamını caz musiqisi ilə birləşdirərək caz-muğam istiqamətinin formalaşmasına böyük töhfə verdi. Bu sintez nəticəsində həm milli musiqi ənənələrinə, həm də cazın improvizasiya imkanlarına söykənən fərqli musiqi dili yarandı.
Mustafazadənin yaradıcılığı Azərbaycan cazının beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynadı. Onun adı zamanla Azərbaycan cazının simvollarından birinə çevrildi.
Bu musiqi irsinin başqa bir maraqlı hissəsində isə həyat yoldaşı Elza Mustafazadənin adı dayanır. O, Azərbaycanda caz-muğam üslubunda çıxış edən ilk qadın ifaçılardan biri kimi tanınır.
Vasif Gərayzadə
Azərbaycan pop və caz musiqisinin 1990-cı illərdə keçdiyi transformasiyada Vasif Gərayzadənin də xüsusi rolu oldu.
Bəstəkar, pianoçu və aranjimançı kimi fəaliyyət göstərən Gərayzadə “Aypara”, “W-trio” və “Şeron” qruplarının yaradıcılarından biridir.
Onun xüsusilə Aygün Kazımova və Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığı həmin dövrün Azərbaycan pop səhnəsində diqqət çəkən musiqi işlərinin yaranmasına səbəb oldu.
Müxtəlif janrlarda əsərlərin müəllifi olan Gərayzadə beynəlxalq festival və müsabiqələrdə də iştirak edib. 2011-ci ildə ona Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı verilib.
Eldar Mansurov
Azərbaycan musiqisində milli irslə müasir musiqi istiqamətləri arasında körpü yaradan bəstəkarlardan biri də Eldar Mansurovdur.
Onun yaradıcılıq diapazonu olduqca genişdir: mahnılar, simfoniyalar, rok-operalar, rok-baletlər, kamera və xor əsərləri.
Mansurovun ən məşhur əsərlərindən biri olan “Bayatılar” Azərbaycan melodiyasını ölkə sərhədlərindən kənara çıxaran əsərlər sırasında yer alır. Melodiyanın müxtəlif ölkələrdə fərqli ifa və aranjimanlarla səsləndirilməsi onun beynəlxalq yayılmasını təmin edib.
Bəstəkar, həmçinin muğamın tarixi və nəzəriyyəsi ilə bağlı araşdırmalar aparıb. 3000-dən çox mahnı və instrumental əsərin müəllifi olan Eldar Mansurov Azərbaycan bəstəkarlıq irsinin müasir dövrdə davam edən mühüm simalarından biridir.
Musiqi dəyişir, yaddaş qalır
Üzeyir Hacıbəyovun yaratdığı professional musiqi məktəbindən Qara Qarayevin akademik yaradıcılığına, Tofiq Quliyev və Emin Sabitoğlunun estrada və kino musiqisindən Vaqif Mustafazadənin caz-muğamına, Vasif Gərayzadənin pop səhnəsindən Eldar Mansurovun rok və akademik musiqi sintezinə qədər Azərbaycan musiqisi müxtəlif dövrlərdən keçərək dəyişib.
Janrlar dəyişib, səhnələr dəyişib, dinləyici zövqü dəyişib. Amma bir şey dəyişməyib: musiqinin Azərbaycan mədəni yaddaşındakı yeri.
18 sentyabr isə bu yaddaşı bir daha xatırlamaq üçün ən doğru tarixlərdən biridir.
Milli Musiqi Günümüz mübarək!
