Skip to content

Dynamix Magazine

Qalib Həsənov Milan Moda Həftəsində “Institution”-ın yeni kolleksiyasını təqdim etməyə hazırlaşır

Moda həftələri davam edir və bir neçə gün sonra Milan Moda Həftəsi də start götürəcək. Məhz Milan Moda Həftəsindən xüsusilə bəhs etməyimizin qürurverici səbəbi Azərbaycan əsilli gürcüstanlı dizayner Qalib Həsənovun “Institution” brendinin növbəti kolleksiyasını təqdim edəcəyidir. Artıq kolleksiya haqqında ilkin detallar rəsmi olaraq yayımlanıb. Yeddinci kolleksiyanın adı “Daş”dır.

Videoçarxlarda toxuculuq maşınının iş prosesini, İsmayıllı Rayonunun Basqa qəsəbəsindən görüntülər yer alır. Lakin bu, sadəcə başlanğıcdır və Həsənovun kolleksiyaların konsepsiyalarını necə unikal və detallı işlədiyini görmüşük. Elə bunun nəticəsidir ki, Həsənov brendi ilə adını qlobal moda sənayesində eşitdirməyə nail olub — baxmayaraq ki, brend kifayət qədər gəncdir. Bir neçə il öncə onu “ACT N°1”-in həmtəsisçisi kimi tanıyırdıq — hansı ki, Beyoncé, Lady Gaga, Dua Lipa və daha çox ulduzlarla işbirliyi ilə məşhurdur. Həsənov daha sonra çinli dizayner Luca Lin ilə yollarını ayırıb cəsarətli qərarı ilə hər şeyə sıfırdan başlayıb “Institution” brendini qurmuşdu. Görünür, doğru zamanda doğru qərar verib. İndi onu yenidən Milan Moda Həftəsində Prada, Diesel, Emporio Armani, Gucci, Ferragamo, Dolce & Gabbana, Bottega Veneta və digər brendlərin arasında görəcəyik.

Milan Moda Həftəsi sentyabrın 22-dən 28-dək davam edəcək. “Institution”-ın şousu isə sentyabrın 25-i baş tutacaq. Daha çox moda xəbərləri və şoudan sonra “Daş”ın ilkin look-larının görüntüləri üçün bizi izləməyə davam edin.