Mum heykəl üçün saatlarla növbədə dayanardınız? Bəlkə də yox. Amma söhbət Madam Tüssodan gedirsə, vəziyyət tamam başqadır. Hər il milyonlarla insan dünyanın müxtəlif şəhərlərində yerləşən Madam Tüsso muzeylərinə axışır. Səbəb isə çox sadədir burada məşhurları yalnız görmürsünüz, onlarla eyni kadra düşür, sanki bir anlıq onların dünyasının bir hissəsinə çevrilirsiniz.
Amma bu məşhur muzeyin arxasında maraqlı bir hekayə gizlənir.
Hər şey XVIII əsrdə Parisdə yoxsul bir ailədə doğulan Mari Qrosxolts adlı qızla başlayır. Heç kim bilmirdi ki, onun mumla işləmək bacarığı bir gün dünya şöhrətli bir imperiyanın təməlini qoyacaq.
Gənc yaşlarında hazırladığı fiqurlar Fransa aristokratiyasının diqqətini çəkir. Daha sonra Fransa İnqilabı başlayır və Mari tarixə şahidlik edən simaları mumda əbədiləşdirir.
1835-ci ildə isə Londonda ilk daimi sərgisini açır. Və günümüzə kimi aradan təxminən iki əsr ötüb.
Bu gün Madam Tüsso artıq sadəcə muzey deyil. London, Nyu-York, Amsterdam, Berlin, İstanbul və daha onlarla şəhərdə milyonlarla insanın ziyarət etdiyi qlobal bir fenomenə çevrilib.Madam Tüsso muzeylər şəbəkəsi hər il təxminən 5 milyon ziyarətçi qəbul edir.Michael Jackson, Beyoncé, Cristiano Ronaldo və Leonardo DiCaprio kimi qlobal ulduzların heykəlləri ziyarətçilərin ən çox maraq göstərdiyi eksponatlar arasındadır.
Bəs bu fiqurlar niyə bu qədər real görünür?
Çünki hər bir heykəlin hazırlanması aylarla davam edir. Onlarla mütəxəssis insan saçlarını tək-tək yerləşdirir, üz cizgilərini millimetr dəqiqliyi ilə işləyir və nəticədə gerçək insandan demək olar ki, fərqlənməyən əsərlər ortaya çıxır.bMuzeydə gəzərkən qarşınıza Hollivud ulduzları, dünya liderləri, musiqi ikonaları və idman əfsanələri çıxır.
Və bir anlıq özünüzə sual verirsiniz:
“Görəsən, bu həqiqətən heykəldir?”
Məhz bu hiss Madam Tüssonun ən böyük sirridir. Çünki burada insanlar sadəcə mum fiqurlara baxmır. Hətta bir neçə dəqiqəlik də olsa tarixə, şöhrətə və xəyal etdikləri dünyaya toxunurlar.
