Təsəvvür edin, illərlə səhnədə olan, xalq artisti adını daşıyan, öz auditoriyasını formalaşdırmış bir sənətçi pubda çıxış edir. İnsanlar isə musiqidən, ifadan, repertuardan danışmaq əvəzinə birdən-birə məkanın statusunu müzakirə etməyə başlayır: “Bu səviyyədə sənətçi pubda oxumalıdır?”, “Konsert zalı qurtarıb?”
Könül Xasıyevanın pub çıxışından sonra yaranan reaksiyalar
Sənətçinin Pup çıxışı Azərbaycan şou-biznesinin çoxdan müzakirə edilməli olan bir problemini üzə çıxarıb. Biz bəzən sənətçinin özündən daha çox onun harada göründüyünə əhəmiyyət veririk.
Paul McCartney 2018-ci ildə Liverpulda bir pubda sürpriz çıxış edib
Foo Fighters isə Wembley Arenadakı konsertindən cəmi bir gün sonra 500 nəfərlik Dingwalls klubunda səhnəyə çıxıb. Bu çıxışlar insanlar tərəfindən ikonik qəbul edilib. Təsəvvür edin, stadionları dolduran sənətçilər kiçik klublarda çıxış etməkdən çəkinmirlər. Çünki onların statusu səhnənin kvadratmetrləri ilə ölçülmür.
İndiki dövrdə isə musiqi industriyası yalnız böyük səhnələrdən ibarət deyil. Kiçik klublar, canlı musiqi məkanları, akustik performanslar və sürpriz çıxışlar dünyanın ən məşhur sənətçilərinin də yaradıcılıq fəaliyyətinin bir hissəsidir. Bəzən 300 nəfərlik zalda dinlədiyin ifa 30 min nəfərlik stadion konsertindən daha yaddaqalan olur.
Biz isə sanki sənətçiləri özümüz üçün yaratdığımız görünməz status qəfəslərində saxlamaq istəyirik. Bir dəfə müəyyən səviyyəyə çatdınsa, artıq yalnız müəyyən məkanlarda görünməlisən. Yoxsa illərlə qazandığın ad sual altına düşə bilər.
Bəlkə də biz sənətçinin dəyərini deyil, onun ətrafında yaratdığımız status illüziyasını qorumağa çalışırıq.
Axı almaz palçığa düşməklə almaz sayılmamağa başlamır. Sənətçinin dəyəri isə səhnənin ünvanı ilə dəyişirsə, deməli, biz heç vaxt onun sənətinə deyil, yaratdığı status obrazına dəyər vermişik.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.