Skip to content

Dynamix Magazine

H&M bu günə qədər nə ilə yadda qaldı?

H&M «mass market» brendlərin lideri adlandırsaq, heç yanılmarıq. Artıq yetmiş ildən artıq industriyada olan brend, millionlarla insanların seçiminə, və bir neçə nəslin güvəndiyi ada çevrilib; 17 oktyabr isə H&M rəsmi olaraq bizim ölkədə açılır. Gəlin birlikdə brendin keçmişini xatırlayaq.

Karl, bu nə deməkdir?!

2004-cü ildə təkcə H&M yox, bütün moda tarixinə yazılacaq bir hadisə baş verdi. H&M × Karl Lagerfeld kollaborasiyası işıq üzü gördü. Fendi və Chanel brendlərinin əfsanəvi dizayneri olan Karl 2000-ci illər üçün çox riskli bir addım ataraq, «mass market» ilə reklam videosunda ucuz paltarları tənqid edən insanlara lağ edir. «Ucuz – çox mənasız ifadədir. Hər şey zövqdən aslıdır. Əgər sənin zövqün yoxdursa, sənə heçnə kömək etməyəcək», – deyir Karl.

Kolleksiya 1 gün ərzində satılaraq, H&M-in əsas strategiyasını təyin edir: sadə, gündəlik paltarlardan əlavə, brend modada vacib yer tutan adlar ilə işbirliyi etməyə üstünlük verir. Bu səbəbdən onların kolleksiyaları maraqla gözlənilir, həm də anında sold out olurdu.

Buna baxmayaraq, Karl Lagerfeld işbirliyi ilə heç razı qalmamışdı. Kolleksiyanın məqsədi ilk öncə yüksək modanı hamı üçün əlçatan etmək idi; amma məhdud sayda buraxılan paltarlar 1 gün ərzində satılmışdı, və çoxsaylı insanlar üçün olduğu kimi əlçatmaz qaldı.

Birliyin gücü

İllər keçdikcə, H&M daha çox fərqliliyin və birliyin gücünə fokuslanmışdı. Bir brend olaraq, onlar paltarı hamı üçün yaratmağı üstün görürdü. 2016-cı ildə H&M istehsalı olan Come Together qısametrajlı filmi çıxdı. O brendin eyniadlı kolleksiyası üçün hazırlamışdı. Filmin rejissoru tanınmış Wes Anderson (The Grand Budapest Hotel), baş rolu isə Adrien Brody (The Pianist) canlandırmışdı.

4 dəqiqəlik film bizə maraqlı bir hekayədən bəhs edir. Qarlı hava durumuna görə qatar bir müddətlik dayanmaq məcburiyyətindədir, – və bu o deməkdir ki, sərnişinlər bayrama qədər evlərinə çata bilməyəcək. Bu vəziyyətə heç sevinməyən qatar bələdçisi, sərnişinlər üçün bayram şənliyi hazırlayır. Çünki vəziyyətdən aslı olmayaraq, fərqli-fərqli insanlar bayrama birlikdə sevinə bilər, onu abu-hava ilə qeyd edə bilərdi.

Amma filmin əsas fikirlərindən biri yeni kolleksiyanın paltarlarını satmaq deyildi. Paltar sadəcə əlavə elementdir. İlk öncə film sevginin, xoşbəxtliyin fərqli-fərqli insanları bir araya gətirməsindən bəhs etməli, ən sonda onların geyindiyi paltara nəzər salırdı.

Dünyanın paltardan vacib olduğu an

İnsan hisslərinin paltardan vacib olduğunu H&M hələ 2015-ci ildə nümayiş etmişdi. Parisdə yerləşən Grand Palais Muzeyində payız-qış kolleksiyasını təqdim edəndə, H&M kosmik mövzunu istifadə edib. Dekorlar futuristik əşyalardan, abu-hava isə ay simvolikasından ibarət idi.

Fantastik tamaşaya çevrilən nümayiş, ilk öncə hissiyyatı təqdim edərək, dünyanın, insanın paltardan daha vacib olduğunu ön plana gətitib. Ondan əlavə, kosmik mövzuya malik kolleksiya, sadəcə nümayiş yox, müstəqil bir hekayəyə çevrilib. Bu isə paltarı sadəcə əşya statusundan azad edir.

Moda qaydalarını pozmaq

2012-ci ildə H&M gözlənilməz addım ataraq, moda dünyasının ən konseptual evlərindən biri olan Maison Martin Margiela ilə əməkdaşlıq edib. Əgər Karl Lagerfeld yüksək modanı kütləviləşdirmək istəyirdisə, Margiela ilə kollaborasiya modanın özünə fərqli baxış təqdim edirdi.

Maison Margiela üçün geyim heç vaxt sadəcə bədəni örtən parça olmayıb. Dekonstruksiya, qeyri-adi siluetlər, ölçülərlə oyun və əşyanın ilkin funksiyasını dəyişdirmək brendin əsas xüsusiyyətlərindəndir. H&M üçün hazırlanan kolleksiya da məhz bu yanaşmanı əks etdirirdi: arxivdəki ikonik modellər yenidən təqdim olunaraq, tanış geyim formaları isə gözlənilməz siluetlərə çevrilirdi.

Burada maraqlı məqam kolleksiyanın sadəcə daha ucuz dizayner geyimləri təklif etməməsi idi. H&M əslində istehlakçıya moda haqqında fərqli düşünmək imkanı verirdi. Axı niyə pencək mütləq bədənə oturmalıdır? Niyə paltarın forması ənənəvi qaydalara uyğun olmalıdır?

Bu əməkdaşlıq brendin əsas ideyasını bir daha göstərdi ki, yüksək modanı əlçatan etmək yalnız məşhur dizaynerlərin adlarını gündəlik geyimlərə əlavə etmək deyil, onların yaradıcı düşüncəsini daha geniş auditoriyaya çatdırmaqdır.

İdman meydançasından podiuma

2014-cü ildə H&M tamam başqa istiqamət seçdi. Brendin növbəti əməkdaşı Nyu-Yorkun gənc dizayneri Alexander Wang oldu. O, H&M ilə əməkdaşlıq edən ilk amerikalı dizayner idi.

Wang-ın kolleksiyası klassik gündəlik geyimlərdən çox, idman estetikası, texnoloji materiallar və şəhər həyatının enerjisi üzərində qurulmuşdu. Neopren parçalar, tor detalları, idman geyimlərini xatırladan siluetlər, loqolu köynəklər və funksional aksesuarlar kolleksiyanın əsas elementlərinə çevrildi. Burada podium ilə idman zalı arasındakı sərhəd, demək olar ki, yoxa çıxırdı.

Əməkdaşlığın təqdimatı da kolleksiyanın ruhuna uyğun olaraq futuristik idman arenasını xatırladırdı. Parkurlar musiqi performansları və sonradan rəqs meydançasına çevrilən podium tədbiri adi moda nümayişindən daha böyük bir şouya çevirmişdi.

Amma bu kollaborasiyanın əhəmiyyəti yalnız geyimlərdə deyildi. Alexander Wang idman üslubunu gündəlik modanın bir hissəsinə çevirməklə yanaşı, H&M-in auditoriyasına öz brendinin estetik dünyasını da təqdim edirdi. Üstəlik, kolleksiya yalnız geyim və aksessuarlardan ibarət olmaqdansa, dizaynerin öz vizual dünyasını əks etdirən qeyri-adi gündəlik əşyalar da hazırlanmışdı.

Bu gün H&M dünyaca tanınır, moda tendensiyalarını dəstəkləyir və eyni zamanda kütlənin istəklərini qarşılayır. Bu il isə onun ilk rəsmi mağazası Bakıda açılır. H&M-i həm sevmək, həm sevməmək olar. Amma onun ölkəmizə gəlməsi alternativ moda seçiminin yaranmasını bildirir.  Və bu əlbəttə ki, sevindirməyə bilməz.


Daha çox moda xəbərləri üçün saytımızı nəzərdən keçiməyə davam edə bilərsiniz. Bizi sosial şəbəkələrdə izləməyi, eləcə də xəbər bülletenimizə abunə olmağı unutmayın.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.