Bütün dünyanın maraqla gözlədiyi dörd illiyin ən böyük turniri – FIFA Dünya Kubokuna sayılı günlər qala mundialın şou proqramı açıqlanıb və musiqinin ritmləri ilə yarışın həyəcanı daha da artacağı gözlənilir. Çünki ilk dəfə ev sahibi hər üç ölkədə keçiriləcək açılış oyunlarında Katy Perry, Lisa, Alessia Cara və daha çox musiqiçi çıxış edəcək.
Latın Amerikasının ən şimal ölkəsi Meksikada ilk oyun iyunun 11-də baş tutacaq və səhnədə məşhur “Mana” qrupunu görəcəyik. Konsert proqramında, həmçinin Alejandro Fernandez və Belinda kimi tanınmış sənətçilər də yer alacaq. Proqram çərçivəsində Meksikanın zəngin mədəniyyəti və folkloru ilə yanaşı, müasir səhnə elementlərinin nümayişi də planlaşdırılır.
Birlik və müxtəlifliyin təcəssümü Kanadanın Toronto şəhərində keçiriləcək mərasimin əsas qayəsi Kanadanın birliyini və multikulturalizmini əks etdirməkdir. Çıxış edəcək sənətçilər arasında Alanis Morissette, Michael Bublé, Alessia Cara və William Prince ilə yanaşı, Banqladeş əsilli DJ Sanjoy da yer alır.
ABŞ-dəkı mərasim turnirin miqyasını və zənginliyini əks etdirən yüksək səviyyəli şou kimi layihələndirilib. Gecənin əsas ulduzu Katy Perry olacaq. Onunla yanaşı, reper Future, “BLACKPINK” qrupunun üzvü Lisa, braziliyalı ulduz Anitta, həmçinin afrikalı sənətçilər Rema və Tyla səhnəni bölüşəcəklər.
Mundial 11 iyun-19 iyul tarixləri arasında Meksika, Kanada və ABŞ-nin ev sahibliyi ilə keçiriləcək. Musiqi, Moda, Kino və daha çox pop-mədəniyyət xəbərləri üçün saytımızı ziyarət edə və sosial şəbəkələrdə bizi izləyə bilərsiniz.
Mənbələr: Complex.com / Retures.com
