Yüksək rəğbət, izdiham və coşqu ilə müşayiət olunan ilin ən böyük musiqi festivalı Coachella, ikinci həftəsində də yaddaşlara qazınmağı bacarıb.
İlk həftədən fərqli aura və atmosferlə keçən festival, öz başlanğıcını üç əsas ulduzundan biri olan Sabrina Carpenter ilə edib. Sabrina, festivaldakı çıxışlarını ustalıqla dəyərləndirərək, bu həftə də gücləndirilmiş vizual effektlər və səhnə şouları ilə özünü tamamilə yenilənmiş şəkildə təqdim edib.
Əsas sürprizini ikinci həftəyə saxlayan ifaçı, pop musiqinin qadın ilahəsi Madonna ilə eyni səhnəni bölüşüb. 20 illik Coachella sükutunu pozan Madonna, öz möhür mahnılarından olan “Like A Prayer”i səsləndirərək gecəyə həm nostalji, həm də “mən hələ də o Madonnayam” damğasını vurub. Xatırladaq ki, Madonna ən son 2006-cı ildə “Hung Up” mahnısı ilə festivalda yer almışdı. Madonna kimi böyük bir adın Sabrina ilə düeti gənc ulduzun şöhrət nərdivanının ən pik nöqtəsi kimi qiymətləndirilir.
Növbəti gurultulu çıxış isə Justin Bieberin səhnəsində yaşanıb. Justin çıxışı zamanı həmkarı Billie Eilishi səhnəyə dəvət edib. Gecənin ən çox səs gətirən anlarından biri olan “One Less Lonely Girl” seçimi emosional tonlarla yadda qalıb və gözləniləni tam verməyi bacarıb. Ardınca isə səhnə enerjisindən heç nə itirməyən Justin, növbəti qonağı SZA ilə “Snooze” mahnısını ifa edib.
Sürpriz qonaqlar bununla bitməyib. Festivalın irəliləyən saatlarında Zara Larsson, Manon Bannerman və Janelle Monáe kimi sevilən ifaçılar PinkPantheressin səhnəsini sözün əsl mənasında ulduzlar paradına çevirib. Ötən həftə KATSEYE qrupu artıq keçmiş üzvü sayılan Manon olmadan səhnə almışdısa, görünən odur ki, Manon tək səhnə fəaliyyətində də yetəri qədər uğurlu olacaq.
Festival həmçinin alternativ səhnələri ilə də diqqət çəkməyi bacarıb. Sevimli gitarası ilə diqqət mərkəzində qalan Gessenin çıxışı ən çox alqış alan performanslar sırasına girib. Elektron musiqi sahəsində isə DJ Snake, Flosstradamus və “I Wanna Know”, “Core” kimi hitləri ilə dinləyicini özünə cəlb edən RL Grime, festivalın gedişatını daha da alovlandırıb.
Və gəlirik ən çox gözlənilən çıxışa: Lisa duet yoldaşı Anyma ilə “Bad Angel” mahnısını səsləndirib. Böyük əmək sərf edilmiş səhnə tərtibatı ilə mahnının ruhunu minlərlə izləyiciyə ötürə biliblər. İlk həftə baş tutması gözlənilən performans hava şəraiti səbəbindən məhz bu günə təxirə salınmışdı.
Hər il bizi daha da özünə cəlb edən Coachella festivalı beləliklə başa çatıb. Lakin yay irəlidədir və bütün dünyada musiqi festivalları davam edəcək.