Skip to content

Dynamix

BFW 3-cü gün Sultan Qadimbeyli-nin kolleksiyası diqqət mərkəzində

Baku Fashion Week çərçivəsində günün son çıxışı Sultan Qadimbeyli brendindən gəldi və bu çıxış sözün əsl mənasında final təsiri yaratdı. “Back to Black” adlanan kolleksiya adından da göründüyü kimi tamamilə qaranlıq, dərin və emosional bir xətt üzərində qurulmuşdu.

Podiumda təqdim olunan hər look qadın gücünün fərqli tərəflərini göstərirdi — sakit, amma sərt; zərif, amma dominant. Dizayner Sultan Qadimbəyli ilə müsahibədə də bu yanaşma açıq şəkildə hiss olunurdu: qara rəng burada sadəcə seçim deyil, mövqedir. Onun sözləri ilə desək, bu kolleksiya özünə inanan, güclü qadının modadakı əksidir. Burada hər bir geyim stil deyil bir mesajdır.

Vizual olaraq kolleksiyaya baxdıqda “Total Black” konsepti tam şəkildə qorunur, amma bu monoxrom yanaşma heç bir nöqtədə monotonluğa çevrilmir. Əksinə, fərqli teksturalar və konstruktiv detallar sayəsində qara rəngin nə qədər çoxqatlı ola biləcəyi göstərilir.

Ümumi estetikada “Dark Glamour” və “Gothic Chic” xətti açıq şəkildə hiss olunur. Atlasın parlaqlığı, tülün şəffaflığı və xəzvari materialların həcmi bir araya gələrək həm cazibədar, həm də bir qədər sirli bir aura yaradır. Bu kolleksiya qadın obrazını klassik mənada “zərif” çərçivədə saxlamır — onu daha güclü, daha iddialı göstərir.

Material və tekstura oyunları kolleksiyanın əsas güc nöqtələrindəndir. Şəffaf tül detalları bəzi look-lara cəsarət və yüngüllük qatır, həcmli üst geyimlər isə silueti böyüdərək dramatik effekt yaradır. Mat və parlaq səthlərin birlikdə istifadəsi qara rəngi “düz” göstərməkdən xilas edir və vizual dərinlik yaradır.

Konstruksiya baxımından asimmetriya və kəsiklər diqqət çəkir. Dərin slitlər və “cut-out” detallar bədən xətlərini vurğulayaraq daha həndəsi və müasir estetika yaradır. Vurğulanmış çiyin xətləri isə 80-ci illərin power dressing ruhunu xatırladır, amma daha aktual və sərt interpretasiyada.

Aksessuarlarda uzun dəri əlcəklər, dizüstü çəkmələr və teatral baş geyimləri obrazları tamamlayır və onlara əlavə xarakter verir. Bu detallar kolleksiyanı sadəcə moda nümayişindən çıxarıb, bir növ performansa çevirir.

Ümumilikdə bu kolleksiya gündəlik geyimdən çox, statement parçalar üzərində qurulub. Qırmızı xalça, xüsusi tədbirlər və yüksək moda kontekstində öz yerini daha rahat ifadə edə bilər.

“Back to Black” göstərir ki, qara rəng təkcə sadəlik deyil. Düzgün yanaşma ilə o, gücün, sirrin və özünə inamın ən təsirli ifadəsinə çevrilə bilər.