Skip to content

Dynamix

BWF 3-cü gün Zhsaken kolleksiyası

Bakı Moda Həftəsinin 3-cü günündə podiuma “Art is Not Enogh” (Sənət kifayət deyil)! şüarı ilə Qazaxıstan brendi Zhsaken kolleksiyası ilə fərqli vizual istiqamət təqdim olundu. Dizayner Saken Zhaksybayev-in imzasını daşıyan Payız/Qış kolleksiyası izləyicilərə göstərdi ki, onun işi sadəcə geyim yaratmaq deyil — o, hər dəfə konkret bir hekayə və konsept qurur.

Bu dəfə də eyni yanaşma davam etdi. Kolleksiya klassik moda təqdimatından bir qədər uzaqlaşaraq daha çox vizual performans təsiri bağışladı. Burada hər look ayrıca baxıldıqda belə işləyir, amma bütöv olaraq daha güclü təsir yaradır.

Üslub baxımından kolleksiya avant-garde ilə eclectic streetwear arasında qurulan sintezdir. Ənənəvi elementlər futuristik toxunuşlarla qarışdırılır və nəticədə sərhədləri olmayan, sərbəst bir vizual dil yaranır.

Siluetlərdə həcm və layering əsas rol oynayır. Oversize şalvarlar, uzun xalatvari üst geyimlər və qat-qat qurulan kombinlər silueti daha dramatik və diqqətçəkən edir. Bu yanaşma bədəni vurğulamaqdan çox, onun ətrafında yeni forma yaratmağa yönəlib.

Kolleksiyada gender neutrality və uniseks təqdimat açıq hiss olunurdu.Bu, dizaynerin geyimi cinsiyyət çərçivəsindən çıxarmaq istədiyini göstərir.

Bəzi obrazlarda isə pijama estetikası diqqət çəkir. Xüsusilə yumşaq, axıcı parçalar və rahat kəsimlər lüks ilə komfort arasında maraqlı bir balans yaradır — sanki ev rahatlığı podiuma daşınıb.

Rəng palitrası kifayət qədər genişdir. Pastel tonlar — pudra çəhrayı, açıq mavi — daha yumşaq hiss yaradır, parlaq aksentlər isə kolleksiyaya enerji qatır. Sarı, qırmızı və bənövşəyi kimi rənglər vizual olaraq diqqəti cəlb edir və hər look-u fərqli edir.

Material seçimində də kontrast qorunur. İpək və orqanza kimi yüngül, şəffaf parçalar daha ağır, teksturalı materiallarla birlikdə istifadə olunur. Üzərindəki naxışlar — şahmat printləri, iri güllər və abstrakt elementlər — kolleksiyanı vizual olaraq daha zəngin edir.

Aksessuarlar isə bu kolleksiyanın ən güclü tərəflərindən biridir. Muncuqlu maskalar, tüklü iri papaqlar və sadə kepkaların bir arada istifadəsi yüksək moda ilə küçə stilinin toqquşmasını yaradır. Ayaqqabı seçimində isə sərhəd demək olar ki, yoxdur — dabanlı ayaqqabılardan qalın botlara, hətta gündəlik flip-floplara qədər geniş spektr təqdim olunur.

Zhsaken bu kolleksiya ilə fərdiliyi və sərbəstliyi ön plana çıxarmağı bacardı.Bu geyimlər gündəlik istifadə üçün deyil, daha çox fikir ifadə etmək üçündür. Hər look bir mesajdır və bu mesaj vizual olaraq çatdırılır.