“Sanki görünməz bir külək hər kəsin ruhuna toxundu, o günlərdə dəb dünyasında sakit, amma güclü bir hekayə doğuldu” — yerli brendimiz olan Zümrüd Mirzəliyeva-nın BFW-dəki təqdimatı məhz bu hisslərlə açılır. Bu, sadəcə kolleksiya deyil, illərin içindən süzülüb gələn bir yolun, susqunluqların, qırılmaların və simurq kimi doğulmağ ifadəsidir.
Moda həftəsinin ikinci gününün son çıxışını edən dizayner 25 look-dan ibarət kolleksiyası ilə gecəyə sözün əsl mənasında nöqtə qoydu. Bu təqdimat yalnız estetik baxımdan deyil, daşıdığı emosional yük və hekayə ilə də yadda qaldı. Qara rəngin dominantlığı və onun ağ aksesuarlarla qurduğu incə, amma güclü kontrast podiumda hipnotik bir harmoniya yaratdı — baxışlar yayınmırdı, əksinə hər detal daha dərindən hiss olunurdu.
Qeyd etmək lazımdır ki, Zümrüd Mirzəliyeva brendi 2000-ci ildə yaradılıb və illər ərzində özünəməxsus xəttini qoruyaraq bu günə qədər gəlib. Bu kolleksiya isə həmin yolun 25 illik xülasəsi kimi oxunur.
Podiumda gördüyümüz obrazlara daha yaxından baxdıqda isə dizaynerin seçdiyi istiqamət aydınlaşır: dramatik, avanqard və heykəltəraşlıq yanaşması. Burada geyim artıq sadəcə bədəni örtən element deyil — o, forma yaradır, məkan tutur, özünü ifadə edir.
Siluetlərdə həcm əsas rol oynayır. Şişirdilmiş, oversize çiyinlər güclü və dominant qadın obrazı qurur. Bu, 80-ci illərin “power dressing” estetikasına istinad etsə də, burada daha bədii və müasir interpretasiya ilə təqdim olunur. Geyimlər bədən xətlərini vurğulamaqdan çox, onun ətrafında yeni strukturlar qurur — sanki hər look kiçik bir heykəldir.
Rəng palitrası demək olar ki, tamamilə qara üzərində qurulub. Amma bu qara sadəcə sadəlik deyil — o, sirr, güc və nüfuz daşıyır. Bu fon üzərində istifadə olunan ağ detallar — lələk, gül və ya digər dekorativ elementlər — kolleksiyaya nəfəs verir və ona couture səviyyəsində incəlik qatır.
Material seçimi də bu dramatik dili dəstəkləyir. Parçalarda hiss olunan struktur, işıqla oynayan səthlər saten və ya tual kimi forması olan, ağır və lüks materiallardan istifadə edildiyini göstərir. Bu isə geyimlərin podium üzərində daha “heykəltəraşlıq” effektini gücləndirir.
Aksessuarlarda isə dizayner tamamilə sərbəstdir. Hündür silindrik papaqlar, maska və ya qanadvari eynəklər obrazları reallıqdan bir qədər uzaqlaşdırır və onları daha çox performansa çevirir. İri, kəskin formalı ear-cuff sırğalar isə bu vizual dili tamamlayaraq müasir və sərt bir akcent yaradır.
Kəskin xətlər və böyük həcmlər özünə inamı, sərhədləri aşmağı və modanın sənətlə qovuşduğu nöqtəni simvolizə edir.
