Skip to content

Dynamix

BFW 2-ci gün Yamamaa debüt kolleksiyası ilə

BFW-in ikinci gününün açılışı yerli brendimiz Yamamaa ilə başladı. Brend Payız/Qış 2026 kolleksiyası ilə debüt edərək daha ilk çıxışında öz yanaşmasını moda sahəsində aydın şəkildə ortaya qoydu.
Yamamaa bu kolleksiyada klassik və sabit formaları kənara qoyaraq daha “yaşayan” geyim ideyasına fokuslanır.

Kolleksiyanın əsas ideyası olduqca konkret sual üzərində qurulub: geyimi necə daha uzunömürlü və davamlı etmək olar? Bu baxımdan transformasiya olunan parçaların istifadəsi diqqət çəkir. Eyni geyimin fərqli formalarda istifadə oluna bilməsi həm funksionallığı artırır, həm də artıq istehlakın qarşısını almağa yönəlmiş şüurlu yanaşmanı göstərir.

Üslub olaraq burada dekonstruktivist və minimalist xətt paralel şəkildə inkişaf edir. amma bu proses sadəlik ilə qorunur və balans hissi itmir. Bu da, kolleksiyanın ən güclü tərəflərindən biridir.

Siluetlərdə həcm və axıcılıq əsas rol oynayır. Oversize gödəkçələr, geniş şalvarlar və uzun paltarlar bədən xəttini gizlədərək rahat, amma düşünülmüş vizual dil yaradır. Asimmetrik kəsimlər və qeyri-standart formalar isə bu sakit struktura dinamika əlavə edir.

Minimalizm və rəng palitrası neytral tonlar üzərində qurulub tünd göy, qara və bej kolleksiyanın əsasını təşkil edir. Bu fon üzərində istifadə olunan qırmızı və mavi vurğular isə canlığını qoruyur.

Material seçimində təbii parçaların üstünlüyü açıq hiss olunur. Yun, pambıq və kətan kimi materiallar həm komfort, həm də davamlılıq baxımından kolleksiyanı daha praktik edir. Bu da Yamamaa-nın yalnız estetik deyil, funksional tərəfə də ciddi yanaşdığını göstərir.

Brend material seçimləri ilə təbiətin qorunmasını və keyfiyyəti ön planda saxlayır. Eyni zamanda modaya daha düşünülmüş, daha məsuliyyətli və fərqli baxış təklif etməyi bacarır və bu kolleksiya da bunun aydın sübutudur.